Modern.az

Amerikanların sevdiyi ana söyüşü - İrana “çəhrayı eynəkdən” baxmaq... - Arzu Qazıyeva YAZIR

Amerikanların sevdiyi ana söyüşü - İrana “çəhrayı eynəkdən” baxmaq... - Arzu Qazıyeva YAZIR

11 Avqust 2019, 16:49

Arzu Qazıyeva,
Müstəqil jurnalist


İllər öncə yolum Təbrizə düşmüşdü. Mənim düşüncəmdə Təbriz o Təbriz olmalı idi ki, ayrılığı, həsrəti, iztirabı, qüssəni, qeyri-müəyyənliyin vahiməsini keçmişlərdə qeyb edib işıqlı irəlinin simvoluna çevrilmiş olsun. Lakin yalnız Təbriz yox, bütövlükdə İran uzaq üfüqlərdə qalmış arzular idi. Mənim gördüyüm Təbriz qəmgin şəhər idi. Qəribədir, bu ölkə ilə bağlı nə oxumuşamsa, məndə hüzn oyadıb. İlk dəfə Murtuza Müşfiq Kaziminin “Qorxulu Tehran”ı məndə hətta qorxu da yaratmışdı. Pəhləvilər İranına qorxu hissi. Əslində bu gün də İrana “çəhrayı eynəkdən” baxmaq olmur, 40 il əvvəl olduğu kimi. 

40 il əvvəlin - şah dövrünün İranı haqqında yeni kitabın tərcüməsini bitirdim. “Qanun” nəşriyyatında çap olunacaq Mahbud Siracinin “Tehranın damlarında” romanı İranda islam inqilabına aparan yolun hadisələrindən danışır. Oxuduqca yeniyetməlik çağımdakı həmin hisslər yenidən məni bürüyürdü, fikirləşirəm ki, 6000 illik tarixi olan İranın mədəniyyəti nə vaxt kədər ifadə etməyib ki? Bəlkə buna şah son qoymaq istəmişdi? Axı o, kitab yazmışdı, İranın gələcək inkişafını özünün “Ağ inqilab”ı ilə təsəvvür etmişdi. Lakin o kitab Türkiyənin sabiq xarici işlər naziri Əhməd Davudoğlunun “Qonşularla sıfır problem” nəzəriyyəsini xatırladır. Yaxın Şərqdə siyasi münasibətlərdən bəhs edən nəzəriyyənin müəllifi gözəl ideya irəli sürsə də, problemsiz münasibətləri necə quracaqlarından danışmırdı, SSRİ-nin ilk və sonuncu prezidenti M. Qorbaçov sovet dövlətini bataqlıqdan çıxarmaq üçün yenidənqurma ideyasını ortaya atmışdı, amma o ideyanı necə reallaşdıracağını bilmirdi. Sistem mahiyyətini dəyişməyə can atmayanda ağ inqilablar da utopiyadan və şüarçılıqdan uzağa getmir, ideya gözəl ola bilər, amma əsası olmayanda nəticə etibarilə özünü öz içində boğur və ətrafında nə varsa özü ilə sürükləyərək məhv edir. 

Tarixdə yalnız bir inqilab özündən əvvəlki sistemi yerli-dibli dəyişərək yeni sistem ortaya qoymuşdu, o da bolşeviklərin inqilabı idi. Rusiya Fransa kimi həmişə ideyaların sınağı üçün yararlı poliqon olub, ancaq hər bir eksperimentin əvvəl-axır bir sonu olur. Lakin... mətləbdən uzaqlaşmayım. 

Qayıdım “Tehranın damları”na. Kim desə ki, tarixdə öyrənilməmiş səhifə artıq qalmayıb, inanmayın. Tarixi keçmiş nə qədər qurdalanırsa onu maraq predmetinə çevirəcək bir fişka həmişə tapılır. Tarix tükənməz bir okeandır! O cümlədən, Pəhləvilərin hakimiyyətindən 40 il keçsə də şah üsul-idarəsi olan “İran axı necə idi?” sualı ritorikliyini itirmir. Mahbud Siracinin təqdim etdiyi süjetin məzmununda ölkəsinin siyasi portretində Pəhləvilər İranı ədalətsizlikdən, siyasi azadlıqların yoxluğundan, şahın yaxın çevrəsinin öz statusundan sui-istifadə etməsindən, siyasi sistemin adamları çuğulluğa, qorxuya sürükləməsindən, cəmiyyət üzərində güclü nəzarətin hökm sürməsindən, yalanın, fəndgirliyin ayaq açıb yeriməsindən bezmişdi və köklü dəyişikliklərə susamışdı. “Səni nadürüst yollarla həyatdan silirlərsə, sən də fırıldaqçılıq edirsən ki, haqq-hesabı üzəsən. Sənə məktəbi bitirməyə imkan vermədilər, buna görə də ötürülmüş vaxtın yerini doldurmaq üçün biz saxta şəhadətnamə düzəldirik”. Müəllifin təsvir etdiyi “İranda günahsızlıq cinayətkar sayılmamağa zəmanət vermir. Ona görə ki, cəmiyyətdə nökər adlandırılan çoxlu adamlar var. Nökərlərin əldə rəhbər tutduqları yaltaqlıq və kor-koranə sadiqlikdir”. Lakin nökərlər yaltaqlıq edəndə və sadiqlik göstərəndə müstəbidlərə o qədər də axmaq görünmürlər. Məhz onların sayəsində cinayəti “qapatmaq” üçün bir “günahkar günahsız” “kozyol otpuşeniye” tapılır. Onların xidməti müstəbidə həmişə gərəklidir. Bir vaxtlar çox məşhur olan “Omen” filmini xatırlayırsız? O filmdə belə bir epizod var: İblis ona sözsüz itaət edən, onu qoruyan minlərlə davamçısını toplayıb tapşırır ki, bəşər övladını məhv edin, o zaman mən də əbədi yaşayacam, siz də bu dünyanın əbədi sahibi olacaqsız, məhv etməsəz mən də yox olacam, sizin də iziniz-tozunuz qalmayacaq. Mənanı tutdunuzmu? Nökərlər və yaltaqlar bu dünyanın sahibi olmaq şansını onlara verən şərin mövcudluğunu qorumaqla əldə edirlər. 

Müəllifin ölkəsində (istənilən başqa ölkədə, istənilən başqa cəmiyyətdə olduğu kimi) “hər bir kəs cinayət törədə bilər, lakin İranda cəza cinayətini gizlətməyə pulu olmayan cinayətkarlar üçün icad olunmuş qisasdır. Bu ölkədə tarix boyu varlı adamlar və hakimiyyətdə olanlar öz zülmlərinə görə cavab verməkdən azad olurdular”. Tanış mühakimələrdir, deyilmi? Adamların ədalətsizliklə üzləşəndə özlərini döyməsi, əyinlərindəki paltarları cırması, ucadan ağlaması və eyni şeyi edən digər həmdərdlilərin də həmişə tapılması humanizm deyil. Varlı adamları və hakimiyyətdə olanları öz zülmlərinə görə cavab verməkdən azad etməyi ənənəyə çevirən xalq humanist sayıla bilməz. Hüquq və azadlıq olan ölkələrdə ona görə hüquq və azadlıq var ki, o ölkələrdə adamlar əzabı bölüşmürlər. Buna görə onlar totalitar rejimlərdən daha yaxşı rejimlərdə yaşayırlar. Yaxşı rejimdə yaşamaq üçün “Biz mədəni, dini və ya siyasi motivlə üsyan qaldıra bilərik, ancaq bu heç zaman varlıları yıxmağa yönəlməz”. Bunun fərqinə varmadıqca hər yeni (kortəbii) üsyana Musa peyğəmbərin xalqını səhradan çıxarmasına sərf etdiyi qədər vaxt yenidən lazım gəlmiş və bu müddətdə yetişmiş yeni nəslin xarakteri də sual altında qalmış olur. Qışın əsarətindən bir buğda belə salamat çıxmır. 

“İranda adamlar qəribə mühakimə yürüdürdülər, onlar düşünürdülər ki, Qacarlar dövründə İranda türmələrin olmaması pis idi. Xüsusi meydanlarda adamların əllərini kəsmək, ayaqlarını kəsmək, qulaqlarını kəsmək, sonra öldürmək ya da buraxmaq qəbul edilmişdi. Cinayətkarları belə cəzalandırırdılar. Pəhləvilər hakimiyyətə gələndən sonra İranda altı mindən (!) çox həbsxana tikildi. Adamlar yenə də bunu pis sayırdılar, amma bu bir neçə milyon adamı camaatın gözü qarşısında cəzalandırmaq və təhqir etməkdən yaxşı idi. Hətta cinayətkarların belə şəxsi ləyaqət hissinə haqları var!” “ Lakin şahın siyasi həbsxanalarında baş verənləri Qacarlar dövründəki dəhşətli vəhşiliklərlə müqayisə edəndə məgər camaatın gözü qarşısındakı işgəncələri türmə divarları arxası ilə əvəzləmək müasirləşməyə və demokratiyaya doğru belə böyük sıçrayışdır? SAVAKın xəfiyyələri siqareti cənab Mehrbanın sinəsində, əllərində, xayalarında söndürəndə o, məgər az əzab çəkirdi?” 

Kimdir SAVAK? SAVAK şahın gizli polisi idi. SAVAK mahiyyətcə SSRİ-nin NKVD-si idi. Onun fəaliyyəti yalnız və yalnız şahın hakimiyyətini qorumağa yönəlmişdi. “Gizli dövlət polisi ilə görüş qədər heç nə müdafiəsizlik hissi oyatmır. Köməyə çağırmağa kimsə olmur və heç kəs səni atılacağın ağrılar və bədbəxtliklər uçurumundan qurtara bilməz”. 

NKVD-nin repressiya maşınından keçmiş insanların taleyi barədə çox oxumuşuq. Siz bu insanların özlərindən sonrakı sonranı heç təsəvvür etmisiz? “Heç kim heç zaman onu türmədə öldürən güllənin qiymətini bilməyəcək. Onun valideynlərinə bu mövzuda danışmaq qadağan olunurdu. Onun qəbrinin üstündəki daşın üzərində yalnız adını yazmağa icazə verilirdi. Qohumları məzarı istədikləri qədər ziyarət edə bilərdilər, lakin başqaları təqdir olunmurdu. Onun ölüm sənədi rəsmiləşdirilmirdi, doğumu ilə bağlı bütün sənədlərisə məhv edilirdi. Bu dünyada o, heç zaman mövcud olmamışdı (sanki). Türmədə onun kitablarını və şəxsi əşyalarını əlindən alırdılar və qaytarmırdılar. SAVAK onun doğmalarına yas saxlamağa icazə vermirdi, ehsanlar qadağan olunurdu”. 

Dəhşətlidir. Ən dəhşətlisi isə sanki elə belə də olmalıymış kimi məzlumcasına itaətdir. SAVAK-NKVD minlərlə müxalif fikirli insanların taleyini beləcə vəhşicəsinə həll etməyə haqq edirdi. Görəsən “dövlətin mənafeyi naminə” adı ilə uydurulmuş bu haqq özü nə qədər haqqına olurmuş? 

Bu böyük süjetin (və istənilən rejimdə) ən vacib hissəsi xalqın öz liderinə münasibətidir: “Xalq səbrlə və dinməz liderinin paraddan nə vaxt keçəcəyini gözləyir. Əksəriyyət küçələrə tapşırıqla çıxmış dövlət məmurları, tələbələr və azad mağaza sahibləridirlər. Xəbər agentlikləri məlumat veriblər ki, beş yüz mindən çox adamın toplanması gözlənilir. Açıq-aşkar yalandır, istəyi gerçəklik kimi qələmə vermək üçün uydurulub. Kütləvi informasiya vasitələri coşğun kütlənin səbirsizliklə hökmdarını gözləməsindən yazacaqlar. Ətrafda evinə getmək istəyən, o qədər də maraq göstərməyən adamlar var. Küçələrin tinində müxtəlif yaşda uşaqlar kiçik bayraqlar yelləyirlər — müəllimləri belə etməyi onlara tapşırıblar. Telekameraları və fotoaparatları onlara tərəf döndərəndə uşaqları sevinclə qışqırmağa məcbur edirlər. Hər yanda polislər və əsgərlər görünürlər... Kişilərin və qadınların böyük və çox sıx qrupuna — onlar şah idarəsinin dövlət qulluqçularıdırlar, birlikdə durmaq göstərişi verilib. Bir neçə dəqiqədən bir qrup aydın intonasiya ilə eyni vaxtda qışqırır: “Yaşasın şah, yaşasın şah!”. Onların qışqırıqları qətiyyətli səslənmir. Bir kişinin arvadına şikayətlənməsi eşidilir: 

— Bu it oğlu görəsən nə vaxt keçəcək ki, biz də isti evimizə qayıdaq?” 

İt oğlu!! Amerikanların sevdiyi ana söyüşü. Demokratik ölkələrdə söyüşü bəzən yumorla, bəzən də sarkazmla söyürlər, çünki insanların seçim şansları var. Heç nəyi olmayan ölkələrdə isə nifrət söyüşlə ifadə olunur. Bununla da dairə qapanır. 

Bütün demokratik ölkələr oxşar olduqları kimi totalitar ölkələr də oxşardır. Belə ölkələrdəki işlər də eynidir. Pəhləvilər İranı qərbyönümlü olsa da, totalitar ölkə idi. ABŞ və Böyük Britaniya ilə dostluq, Avropaya geniş çıxış ölkəyə demokratiya, fikir və söz azadlığı gətirməmişdi. Adamlar düşünürdülər ki, qərbə meyllik şahın yalnız hakimiyyətinə xidmət edir. İranda nə “qərbin oyuncağı” saydıqları şaha, nə də siyasi maraqlarına görə onu müdafiə edən ABŞ-a və Böyük Britaniyaya rəğbət bəsləmirdilər. Bütün bunlara “...baxmayaraq şaha köləcəsinə səcdə davam edir”.

Və günlərin birində şaha köləcəsinə səcdə edən xalq ayağa qalxıb “bu it oğlunu” devirdi. Həmin dövrdə ABŞ-ın İranda səfiri olmuş Uilyam Sallivan xatirələrində həmin hadisələrdən geniş yazmışdı. Sallivanın Tehrandakı vəziyyətin kritikliyini dəfələrlə Vaşinqtonun nəzərinə çatdırmasına baxmayaraq və administrasiyadan Məhəmməd Rza şaha optimal kömək təklifi gözlədiyi bir vaxtda məhz Z.Bzejinski – o, həmin dövrdə Milli Təhlükəsizlik üzrə müşavir olmuşdu - üsyana qalxmış adamların üstünə ağır texnikanı sürdürməyi məsləhət görmüşdü. Sallivan onun bu məsləhətinə rişxənd etmişdi. Siyasi maraqlardan doğan prosesləri, totalitar rejimlərin yaratdığı inqilabları bir kənara qoysaq, Pəhləvilərin hakimiyyətdən getməsi əslində labüd idi. Mənən labüd idi! Labüdlüyü tarixin zərurəti yaradır. Tarix çox qəddardır! O, dövrünün yaxşısının da, pisinin də bədəlini ödətməmiş səhifəsini çevirmir. Pəhləvilər hakimiyyətə Qacarları devirib gəlmişdilər, özləri də eyni qaydada devrildilər. Rusiyada İvan Qroznını nəvəsinədək öldürüb hakimiyyətə gəlmiş Romanovlar 300 ildən sonra, gec də olsa həmin aqibətlə - II Nikolayın ailəlikcə, hətta rəhmsizcəsinə üç yaşlı körpə qızınadək öldürülməsi ilə devrildilər. Onları devirən bolşeviklər 70 ildən sonra özləri də siyasi səhnədən getdilər. Lenin Romanovlardan edam edilmiş qardaşının intiqamını aldı, Xomeyni isə şah rejiminin öldürdüyü oğlunun. İstiqamətindən asılı olmayaraq tarixin öz qanunauyğunluqları var, o siyasətbazlar üçün nəticədir, geopolitika isə təfərrüatdır. Heç bir müstəbid hələ indiyədək qeyri-kədərli tale yaşamayıb. Onların sonluğu eyni şəkildə ya edam, ya da siyasi sürgünlə bitib. Yaratdıqları rejimlərin süqutu kimi. Pəhləvilər İrandan qaçmağa məcbur oldular. Bu hadisə o qədər sürətli və təcili baş vermişdi ki, şahbanu Fərəh geyimini çarpayının yalnız üstünə atmağa macal tapmışdı. Xələt muzeyə çevrilmiş şah sarayında həminki kimi indi də çarpayının üstündə saxlanılır. Şah ailəsi Misirdə sığınacaq tapa bilmişdi. İslam İnqilabından sonra İranda baş verənlər özündən əvvəlkindən yaxşı olmadı. Ancaq bu artıq başqa mövzudur. 

“Tehranın damlarında” romanında dərin və mürəkkəb fəlsəfə yoxdur. Yeniyetmə iranlının onillər sonra qələmə aldığı uydurmadan uzaq real yaşantılardır. Sadə dili, İran həyatının və adamlarının bir-birinə bağlanan hekayələrinin sadə dramaturji xətti əsəri tarixilik baxımından oxumağa maraqlı və nəticə çıxarmağa yararlı edir.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir