Modern.az

Cuçi - Böyük Ulusu yaradan ata

Cuçi - Böyük Ulusu yaradan ata

Aktual

9 Sentyabr 2019, 15:41

Bu il Möhtəşəm Qızıl Ordanın Böyük Ulusunun yaranmasının 750 yaşı tamam olur. Biz Qazaxıstan prezidenti Qasım Comərd Tokayevin  Qızıl Ordanın 750 illik və Böyük Ulusun yaranmasının  yubileyinin təntənəli şəkildə keçirilməsi  fərmanını böyük  sevinclə qarşıladıq.


Cuçi xanın (1180-1227) Dəşti-Qıpçağın çöllərində - Altaydan Alpa və İrtışa- Dunaya qədər uzanan ərazilərdə  yaratdığı qüdrətli dövlət əvvəlcə  “Ұлық Ұлыс”- “Böyük Ulus” adlanırdı. Lakin sonralar ruslar, slavyanlar və qərb səlnaməçiləri bu dövləti, Xan yurdunda qızılla bəzədilmiş iqamətgahının şərəfinə “Qızıl Orda” adlandırmağa başladılar. Böyük Ulus dövrü bizim çoxəsirlik tariximizin əsas səhifələrini təşkil edir. Təsadüfi deyil ki,  Qazax xanlığı da öz mənbəyini bu kökdən götürür. Qızıl Ordanın zəngin tarixi çöllə və bizim xalqımızın əcdadı olan,  bu çöldə yaşayan tayfalarla bağlıdır. Yeri gəlmişkən qeyd edim ki,  Qazaxıstan ziyalılarının böyük bir hissəsi, həmçinin əcnəbi tarixçilər və digər xalqların böyük bir kəsimi Ulus xanlığını yaradan Cuçi xanın  türbəsinin bizim yurdumuzda, Ulutauda yerləşdiyini bilmirlər. Onu da bilmirlər ki, Çingiz xanın və Çingizidilər xanədanlığının tarixini özündə gizləyən və qoruyan tarixdə yeganə olan bir abidə də bizim torpaqlardadır. Beynəlalq Türk Akademiyasının 2017-ci ildə  Ulutauya təşkil etdiyi  beynəlxalq ekspedisiya səfəri zamanı biz bunun şahidi olduq.  Belə nadir tarixi abidələr millətin keçmiş yaddaşını və təfəkkürünu, təhtəlşüurunu təzələyir. Qazax xanlığının  varlığını sübut edən bu abidə Böyük xaqanlıqdan və Cuçi xanın nəslindən, sonrakı tarixi şəxsiyyətlərdən xəbər verən bir dəyərdir. Bu abidənin varlığı bir də onu sübut edir ki, Sarıarkanın sahillərində mövcud olub, əfsanə kimi dillərdə  yaşayıb, dastana çevrilən  Müqəddəs Qazax  çölləri  Qızıl Ordanın şəksiz  varisidir.

 

Cuçi xanın sirri

 

“Cuçi”  sözünün etimoloji mənası “yolçu” , “səyahətçi”, “qonaq” deməkdir. Bu adın ətrafında aparılan müzakirəlrdə ortalığa  müxtəlif versiyalar  atılırdı.  Hətta belə deyirdilər ki,  merkitlər tayfasına əsir düşən anası onu yolda dünyaya gətirib, kimdən əmələ gəlməsi şübhəlidir. Bu əsası olmayan uydurma və ehtimal isə Çingiz xanın merkitlərlə apardığı döyüşlər zamanı  uydurulmuşdu. Cuçinin tərcümeyi halına gəlincə isə, tarixçi Fəzlullah Rəşid əd Din (1247-1318) “Cəme ət təvarix” – “Tarixlər toplusu” əsərində yazır: “Cuçi xan Çingiz xanın böyük oğlu idi. Çingiz xanın arvadı Borte xanım  hamilə idi. Bu zaman merkitlər tayfası , pusqu quraraq, Çingiz xanın düşərgəsinə hücum çəkib talan etdilər, onun hamilə xanımını da özləri ilə əsir apardılar. Əvvllər bu tayfa kereitlərin hökmdarı On xanla vuruşurdular, sonralar onların arasında sülh yarandı. Sonra onlar Borte xanımı On xanın hüzuruna göndərdilər. Çünki  On xan vaxtı ilə Çingiz xanın atası ilə anda idi, Çingizi “oğlum”- deyə çağırırdı, Borte xanıma da böyük hörməti var idi”.  Daha sonra tarixçi qeyd edir ki, Çingiz xan xanımının əsir düşməsi haqqında xəbəri alanda,  Cəlairlər tayfasından olan Səba adlı yüzbaşısını On xanın hüzuruna  göndərdi və Bortenin merkitlərdən alınıb qaytarılması üşün kömək istədi. On xan Borteni azad edərək Səbanın atının  tərkinə mindirib, yola saldı.  Daha sonra Rəşid əd din yazır: “Yolda Bortenin ağrıları başladı, o oğlan uşağını dünyaya gətirdi, onu Cuçi adlandırdılar. Yəni Yolçu.  Onların  evlərinə qayıtdıları yol çox  təhlükəli olduğundan, uşaq üçün beşik düzəltmək mümkün deyildi. Səba undan  xəmir yoğurdub, körpəni  ona bükdü, bükülünü  paltarının altında  gizlətdi.   Beləcə çox ehtiyatla uzun yolu qət edib,  balacanı sağ-salamat gətirib Çingiz xana verdi. Cuçi yetkin yaşa çatandan sonra, atasından ayrılmadı, bütün səfərlərində və yürüşlərində onu müşaiyət etdi. Atasının ağır dönəmlərində və uğur qazandığı vaxtlarında da hər zaman yanında oldu”.


Buradan da görmək olur ki, Borte əsir götürülənə qədər hamilə qalmışdı, merkitlər də On xana hamilə qadını təhvil veriblər. Çingiz xana öz oğlu kimi yanaşan Kereit xanı On, oz doğma oğlunun xanımını  merkitlərdən alıb ,özünə qaytarmışdı. Bu məlumatlar barədə  eyni zamanda “Monqolların məxfi nağılları”, Mirzə Uluqbəyin “ Ulusi arbai Çingizi”,  Əbül Qazi Bahadur xanın  “Şəcərəyi-türk” , Kadıralı bəy Cəlairinin “Cəmi ət-təvarix” əsərlərində də geniş bəhs olunur. Mirzə Uluqbəy yazır ki,  Borte xanım əsir düşəndə hamilələyinin 6-cı ayında idi. “Böyük hökmdar  Çingiz xan o qədər mərhəmətli və xoş niyyətli  idi ki, Çağatay və Ugedey paxıllıqlarından belə bir yalan uydurmuşdular. Bununla da Cuçinin adına ləkə gətirmək istəmişdilər”. Bu fakta əsaslanaraq, biz də belə hesab edirik ki, Cuçi xanın Çingizin doğma oğlu olmasına heç bir şübhəmiz yoxdur.


Ağıllı hökmdar və alim olan Uluqbəy, daha sonra yazır: “Çingiz xan Cuçini digər oğul və qızlarından daha çox sevirdi”. Uluqbəyin bu sözləri də həqiqəti bir daha təsdiq edir.  Məsələn, əgər “Monqolların məxfi nağılları”  kitabına nəzər salsaq orada belə bir  yazıya rast gəlirik: “Dovşan ilində (1207) Cuçi özünün sağ cinah  ordusu ilə  “meşə xalqının”  üzərinə getdi. O oyratları və qırğızları  savaşsız, diplomatik danışıqlar yolu ilə təslim etdi. Onun bu şücaətindən heyrətlənən  Çingiz xan fərman verdi: “Sən mənim oğullarımın ən böyüyüsən, yurddan çıxan kimi uğur qazandın.  Getdiyin yerdə qan tökmədin, atları incitmədin, lakin xoşbəxt meşə adamlarını bütünlüklə özünə ram etdin. Bu xalqı sənin ixtiyarına verirəm”. Böyük Mirzə Uluqbəyin əsərindən götürülmüş bu sitat onu deməyə əsas verir ki, qüdrətli  xaqan öz oğluna güvənirdi, onun qəhrəmanlıqlarından  zövq alırdı, ona inanırdı və gələcəkdə taxt-tacını oğluna əmanət etmək fikrindəydi.  Bu uğurlu yürüşündən sonra Cuçi  Sartaul (monqollar buranı Xarəzm adlandırdılar) məmləkətindəki  Dəşti-Qıpçaq  səhralarına olan yürüşlərə də sərkərdəlik etdi. O bütün yürüşlərdən qələbə ilə qayıdırdı. Fars tarixçisi Cuzcani  1226-cı ildə yazırdı: “Çingiz xanın böyük oğlu Cuçi çox cəngavər və qətiyyətli döyüşçü idi.  O qədər güclü idi ki, hətta atası da onunla döyüşə girmirdi”.

      
Cuçinin doğuluşu haqqında müxtəlif əfsanələr və rəvayətlər yayıldığı kimi,  onun ölümü də bu günə qədər sirlə doludur. Tarixçi Utemiş Hacı “Çingiznamə” əsərində yazır: “ Çingiz xan vilayətləri istila edəndən sonra , Bağdad, Hindistan və Dəşti-Qıpçağı və Edil çayını oğlanlarının arasında bölüşdürdü... Cuçi xan onun böyük oğlu idi. Çingiz xan ona böyük bir ordu verdi, Dəşti-Qıpçaq vilayətinin  hakimi təyin etdi: “ Qoy sənin atların üçün bol ruzili və bərəkətli otlaqların  olsun”. Sonra Xarəzmi də Cuçiyə verdi.  Dəşti-Qıpçağa gələn Cuçi , həmən müqəddəs  Ulutaunı fəth etdi. Bir dəfə  xan ova çıxmışdı. Ov dalınca  çaparkən, qarşısına bir dəstə qulan və çeyran çıxdı.  Ov dalınca atını qovarkən, ovunu nişan alanda   gözlənilmədən atdan yıxıldı, boynunu  sındırdı və öldü”.  Mirzə Uluqbəy isə yazırdı: “...Ordaya Cuçi xanın ölüm xəbəri yetişəndə, bu xəbəri  böyük  hökmdar Çingiz xana aparmağa kimsə cürət etmədi. Sonda  əmirlər və xanın yaxın adamları  belə qərara gəldilər ki, xəbəri xana ancaq yanşaq aşıq  xəbər verə bilər. Çingiz xan hüzuruna gələn aşığa  oxumağı əmr etdi. Böyük aşıq, fürsətdən istifadə edib həmin ağır xəbəri xana belə çatdırdı”.

 

Suyumuz başdan bulansa, onu kim təmizlər xanım hey...

Yıxılan uca qovağı kim qaldırar xanım hey....-                 

deyə xana sual edəndə, Çingiz xan deyir:

Dənizimiz bulanarsa, oğlum Cuçi təmizləyər,

Qovaqlar kökündən sınsa, oğlum Cuçi  göyərdər...

 


Aşıq əlindəki qobız ilə nəğməsini davam etdikcə gözlərindən yaş sel kimi  axmağa başlayır. Bunu görən Çingiz xan ehtiyatla soruşur:

Nə yaman qəmli oxursan,

Məgər Cüçi ölüb ki?-

 

Aşıq mizrabını sazdan ayırıb deyir:

“Mən o sözü deməz ollam, böyük xaqan,

Bu cavabı özün verdin, böyük xaqan!”

 

 

Bu cavabı eşidən Çingiz xan öğlunu belə ağlayır:

Balası ölmüş dəvə kimi, itirmişəm oğlumu,

Qatarından ayrı düşən durna kimi,

 itirmişəm o bahadur oğlumu!!!

 

Bu məlumatlar qazaxların əsrlərdən bəri folklorlarında yer alan  əfsanələri ilə də üst-üstə düşür. Məşhur Jusup Kopeyev məhz bu folklor nümunəsini əsas gətirərək yazırdı: “Alaşa xanın  Cuçi adında  yeganə bir oğlu var idi. Bir dəfə o qulanları qovarkən, qızmış erkək atı dayçanın arxasınca qaçdı. Oğlan  atdan yıxıldı, qulan onu ayaqları ilə təpikləyib öldürdü. O vaxtdan da bu mahnı yaranıb:

Alaşa xan, Cuçi xan,

Axsaq qulanı qaçdı,

Tanrının möcüzəsi,

Bir oğlanı tapdadı...”.

 

Bu günə qədər qazaxların folklorunda yer alan xalq melodiyası olan “Ağsaq qulan” da bu əfsanə ilə üst-üstə düşür.  Burada isə aşığın adı Ketbuğa, və ya Kerbuğa – kuyçidir.  Lakin, əgər Uluqbəyin yazdığı kimi Çingiz  xan özünü “balasını itirmiş qulanla müqayisə edirsə, ancaq xalq folklorunda qulan Cuçinin ölümünə səbəb olub. Bu əfsanəyə inansaq, belə qənaətə gəlmək olur ki, Cuçinin atası Alaşa xandır.


Rəşidəddinin Cuçinin ölümü haqqında yazdıqları da çox böyük maraq kəsb edir. O yazır: “Otrarı ələ keçirəndən sonra Cuçi, atasının əmrinə  görə, öz iqamətgahina getdi, o zaman oğlunun bu hərəkətindən  qeyzlənmiş Çingiz xan dedi: “Onu ölüm cəzasına məhkum edirəm, onu əhv etməyəcəyəm!”. Rəşid əd dinin yazdıqlarına inansaq, belə məlum olur ki, bu fərmandan sonra Cuçi xəstələnir, bu səbədən də  atasının yanına gəlib, ondan üzr diləyə bilmir. Bu zaman kəsiyində Cuçiyə daha bir dəvət göndərilir, atasının bu çağırışına da gedə bilmir. Manqutlar tayfasından olan bir keşikçi  xanın  yurduna gedib yalandan deyir ki, guya ki, Cuçini ov ovlayan zaman dağlarda görüb. Bunu eşidən Çingiz xan hirs içərisində fikrə gedir: “O daha  atasını saymır... demək çox qudurub”. Belə olan surətdə, Çingiz xan  oğlu Çağatayın  və Ugedeyi döyüşçü dəstələri ilə Cuçi xanı cəzalandırmaq üçün  üzərinə göndərir.


Bir müddət keçəndən sonra, Çingiz xan  iqamətgahında gəzintiyə  çıxarkən, çaparlar  Cuçinin xəstə olması haqqında xəbəri gətirirlər. Və bundan sonra Çingiz xan çox kədərlənir. O, Cuçi haqqında yalan xəbər gətirən manqutu tapmağı əmr edir. Lakin kimsə  yalançı manqutu tapa bilmir.


Bəli, Çingiz xanın xanədanı haqqında yazılan ən etibarlı mənbələrin birində gedən məlumat belədir.  Bu mənbələrə əsaslanaraq, belə ehtimal etmək olar ki,  Çingiz xan və Cuçi xan arasında yaranan bu soyuqluğun səbəbkarları onun kiçk oğlanları Çağatay və Ugedey olub. Bundan başqa da, manqut tayfasından olan keşikçinin də  Çingiz xanın hüzurunda söylədikləri, yəqin ki,  iki kiçik qardaşın qurduqları hiylədir. Hiyləgər hakimiyyət hərislərinin sözünə inanaraq, oğlu Cuçinin onun yerinə keçməsini ehtimal edərək, özü  tərəfindən göndərilmiş  qatillər tərəfindən  öldürülməsi barədə də  fikir yürütmək olar.

 

Mavi qübbəli türbə

 

Cuçi xanın vəfatından sonra Böyük Çöldə Ulutau adlı məkanda əzəmətli türbə ucaldılı. Türbənin yaxınlığında bir yer var. Adına “Cuçinin oylağı” deyirlər.  Karakengir çayının sahilində yerləşən türbə  memarlıq tipinə görə  Gümbəz- mehrab  kompleksi qruluşuna aiddir. Türbənin günbəzi  bişmiş qırmızı kərpicdən tiklib , mavi yaşıl rəngli parlaq kaşi ilə bəzədilib.  J.Smailovanın rəhbərliyi ilə aparaılan arxeoloji araşdırmalar zamanı  Cuçinin məzarından bişməmiş kərpiclər də tapılmışdı.


Ulutaudakı bu tarixi abidə haqqında XVI əsrdə yaşamış Hafiz Tanışın “Şərəfnaməi şahi” əsərində də məlumatlar vardır. Onun kitabında yazılır ki, 1552-ci ilin yazında Buxaranın hökmdarı Abdallah Ulutauya gəlib, Cuçi xanın  türbəsinin yaxınlığında  alaçığını  qurub, burada dayandı.


Akademik Kanış Satpayev “Jeskazqan rayonunun tarixəqədərki abidələri”  adlı elmi məqaləsində Cuçi xanın məqbərəsindən danışır: “Baskaqıl dağının sağ tərəfindən Karakengir çayına sarı üç  qədim türbə vardır. Bu türbələr dördkünc formalı olmaqla həm də bişmiş kərpicdən tikiliblər. Ölçü və formasına görə abidə və onun kərpicləri “Qızıl Orda” xanlığının memarlıq üslubunu xatırladır. Xalq əfsanələrinə görə bu türbələr Alaşa xanın, Cuçi xanın və böyük küyçu Dombaulundur”.


1946-cı ildə akademik Alkey Marqulan ilk dəfə Cuçi xanın  məqbərə türbəsində arxeoloji qazıntılara başladı. Qazıntılar zamanı türbənin içərisində iki məzar aşkarlandı. Məzarın birinin içərisində mismarla bərkidilmiş qədim bir  taxtadan düzəldilmiş tabutun qalıqları var idi.  Daha sonra isə  məzarın içərisində üst çənəsi olmayan adam kəlləsi tapıldı. Ən maraqlısı da o idi ki, insan skletinin qalıqlarının içərisində bir qol sümüyü  çatmırdı.  İlk nəticə belə oldu ki, sümüklər  orta yaşlı kişiyə aiddir. Məzarda həmçinin vəhşi heyvan sümükləri, dəvənin kəlləsi, bəzəkli dəri, parça və bayraq da var idi. Bu tapıntıların içərisində  alimi ən çox maraqlandıran nadir vəhşi heyvan sümükləri idi. Bu da həmin tarixi faktı təsdiq edirdi ki,  Cuçi xanı ova getdiyi zaman vəhşi qulanlar öldürüb. A.Marqulan  məzardan tapılan artefaktları el içərisində gəzən əfsanələr, tarixi mənbə və məktublarda göstərilən yazılarla tutuşdurub, belə qərara verir ki, bu türbə həqiqətən də Cuçi xan və onun xanımlarından birinə məxsusdur. Çünki bəzi əfsanə və rəvayətlərdə deyilir ki, Cuçi xan basdırılanda onun bir qolu və ya kiçik barmağı yox idi.


Arxeoloq A.Marqulanın fikrinə görə, türbə-mavzoley 1228-ci ildə, Cuçi xanın vəfatının ildönümündə ucaldılıb: “Özbək xanın dövründə Qızıl Orda xanlığında islam çiçəklənməyə başlayıb, hətta  dövlətin rəsmi dini kimi qəbul edilmişdi.  Bu zaman Cuçi xanın  nəvələri, nəslindən olanlar öz əcdadlarına ehtiram əlaməti olaraq, Cuçi xanın məzarının üstünü tikib, abadlaşdırdılar. Belə görünür ki, sonralar isə bu türbədə  Cüçi xanın yaxınları da dəfn edilib”.


Tədqiqatçıların türbənin hansı dövrdə tikilməsi barədə mülahizələrini nəzərdən keçirərkən, belə nəticəyə gəlmək olur ki,  memarlıq üslubuna görə bu türbə Qaraxanlılar dövrünə aiddir, çünki abidə şərq və müsəlman memarlığı üslubunda tikilib. Bizim bu fikrimizi  qazıntılar zamanı tapılan ərəb dilində yazılmış daş lövhə də isbat edir. Bu isə Böyük Ulusda islam dininin çox geniş yayılması və kök salmasından xəbər verir.


Arxeoloji elmi tədqiqatların nəticələrinə və türbənin memarlıq üslubuna görə, alimlər belə deyir ki, bu türbə həqiqətən də Cuçi xanın şərəfinə ucaldılıb. Belə ehtimal olunur ki, onu Cuçi xanın oğlu Berke ucaldıb. Tarixçi Cuzcani Berke xan haqqında bu sözləri  yazır: “Berke - Cuçi xan müsəlman torpağına yürüş edərkən dünyaya gəlmişdi.  Berke dünyaya gəlməzdən əvvəl, Cuçi xan  xanımına deyir: “Qoy bu oğlanı müsəlman qadın olan əmizdirsin, özü də müsəlman qaydaları ilə yaşasın. Onun göbəyini də müsəlman kəssin ki, müsəlman kimi böyüsün”. Əgər bu rəvayət həqiqətdirsə, qoy Allah Cuçini cəhənnəm əzabından xilas etsin. Təbii ki, belə xeyir-dua ilə doğulub-böyüyən Berke İslam dinini qəbul etmişdi. Bu dövr Hicri  tarixin 658 ci ili (1259-1260) idi. Həmin dövrdə Cuçidən sonra hakimiyyətə gələn hökmdar da  müsəlman idi”. Bu məlumatlar da onu deməyə əsas verir ki,  İslam dini  Böyük Ulusda öz Cuçi xanın dövründə çiçəklənməyə başlayıb.  Bu ehtimalı bir də Cuçinin Məhəmməd adlı oğlunun olması təsdiqləyir. Beləliklə, deyə bilərik ki, İslam dininə qulluq edən Berke də atasını islami qaydalarla dəfn edib.

 


Alaşa xan haqqındakı əfsanənin başlanğıcı

 

Cuçi xanın trübəsinin 30 kilometirliyində Alaşa xanın məqbərəsi yerləşir. Bu məqbərənin Çingiz xanın  şərəfinə ucaldılması barədə qədim rəvayətlərlə yanaşı, bir-birini təkzib edən elmi məqalələr, tədqiqat əsərləri də mövcuddur. Türbə  gümbəz-mehrab tipli memarlıq üslubuna aiddir. Məzarlığın  içərisinə açılan qapı, qapının girəcəyi tağ formasında olmaqla nəfis şəkildə oyma bəzəklərlə işlənib. Kərpiclərin düzülüş üslübü da  şərq memarlıq üslubundan xəbər verir, bu üslubda orta əsrlər memarlığının izləri görünür. Türbənin kompozisiya strukturuna gəlincə isə,  gümbəzin qübbəsi mavi bəzəkli  parlaq kaşı plitələrlə bəzədilib. İstər  zəngin şərq üslubu ilə işlənmiş taxta qapı, istərsə də  türbə kompleksi bütünlükdə həmin dövrdə Karaqandada yayılmış memarlıq üslübundan xəbər verir. Bu səbəbdən də Cuçi və Alaşa xanın  türbələri bir-birinə bənzəyirlər.


Alaşa xan türbəsini tədqiq edən alim və akademik K.Satpayev, xalqın  mədəni və mənəvi təfəkkür və yaddaş predmeti olan folklorlara istinad edərək yazırdı ki: “Alaşa xan - əslində  XVI əsrdə hökmdarlıq etmiş Haqnəzər xandır”.  A.Marqulan  türbənin oxşar memarlıq üslublarını Mərvdə  Səncər sultanın və  Kirmanda (X-XII)  Mir Səid Bəhramın  məqbərələri ilə müqayisə edərək , belə fikir yürüdürdü ki, Alaşa xanın məqbərəsi monqol hakimiyyəti dövrünə qədər mövcud olub.  1946-cı ildə məşhur arxeoloq və antropoloq G.Gerasimov türbənin memarlıq xüsusiyyətlərini  orta əsrlərdən qalma digər abidələrlə müqayisə edərək belə bir qərar verdi ki, bu məqbərə türbəni XIII əsrdə yaşamış xalq sənətkarları inşa ediblər.


Türbənin kərpicləri, hava şəraitinin hər cür şıltaqlığına məruz qalmış çökmüş divarları, onun köhnə və qədim  gümbəz qübbəsi , səkkişguşəli divarları, və ümumilikdə memarlıq üslubu uzaq dövrlərdən xəbər verir.  Türbənin arxeologi və və memarlıq xüsusiyyətlərini təhlil edərkən, həmçinin xalq arasında yaşayan  əfsanələri araşdırarkən, belə qərara gəlmək olur ki, Alaşa xanın türbəsinin ucladıldığı tarix  Cuçi xanın türbəsinin inşa edildiyi dövrlə üst-üstə düşür. Alaşa xanın türbəsində daş lövhələrin birində həkk olunan  yaba şəkilli üç diş tamğası da Berke xana məxsusdur. Arxeoloq Napil Bazılxanın fikrinə görə, Berke xanın dövründə  (1209-1266)  Böyük Ulusda islam dini  geniş yayılmışdı. Berke xanın xanlıq tayfasına məxsus olan üçdişli tamqa və ərəb hərfləri ilə yazılmış  daş lövhə, bunu deməyə əsas verir ki,  bu abidənin ucaldılması  Berke xanın hakimiyyəti dövrünə təsüdüf edir.


Tarixdən bizə məlumdur ki, Əmir Teymur Xoca Əhməd Yəssəvinin mavzoleyini  inşa etməzdən əvvəl, onun ustadı və mürşidi Arıstan-babanın mavzoleyini tikdirib. Bizim fikrimizcə Alaşa xanın türbəsi də özündən əvvəlki əfsanəvi hökmdarların – Cuçi xanın,  əfsanəvi Aşinanın və Abulca xanın , qədim kitablarda adları çəkilən Alaşa-Çingiz xanın şərəfinə ucaldılmış simvolik məna kəsb edən bir memarlıq abidəsidir.


Çuçi xan və Alaşa xan fiqurları qazax dövlətçiliyinin əsaslarında dayanan atributlardır.  Bizim üçün müqədəs sayılan Ulutau məkanında xanın şərəfinə  ucaldılan məqbərə kompleksi xalqın əsrlərin o biri üzündən bu günə qədər ənənə kimi saxladığı dövlətçilik yaradan böyüyünə, atasına olan məhəbbətinin və ehtiramının nişanəsidir. Ona görə də  Cuçi xanın xatirəsini əbədiləşdirmək  və Böyük Ulusun şərəfini qorumaq bizim müqəddəs borcumuzdur.


Hesab edirik ki, bu yubiley ilində Cuçi xanın və Alaşa xanın türbələri ətrafında  komleks şəkildə arxeoloji axtarışlar aparılmalı, “Cuçi xanın oylağı” və “Orda Bazar” şəhərləri də tapılmalıdır. Əgər bu günə qədər  arxeoloji tədqiqatlar aparılan həmin məzarlardakı insanların  antropoloji cizgilərini tərtib edə bilsəydik, yəqin ki, həmin dövrdəki yaşayan insanların görünüşləri haqqında da məlumata sahib olardıq. Bundan əlavə türbədəki tamğalar, divarlardakı yazılar, tarix və dil aspektlərinə uyğunlaşdıırılaraq yenidən tədqiq olunmalı, burada yenidən bərpa və konservasiya işləri aparılmalıdır. Məşhur alimlərin iştirakı və elmi axtarışların, araşdırılmaların aparılması ilə Qızıl Ordanın tarixinin yeni səhifələrini tapıb, dövləti yeni üfüqlərə qaldıra bilərik. Beynəlxalq Türk Akademiyası, UNESCO-nun Baş qərargahında  bu fundamental işin əvvəlini başlamaqla bu mühüm işi davam etdirə bilər.


Eləcə də, Böyük Ulus dövrü  və Cuçi xanın şəxsiyyətini əhatə edən tarixdən danışan bir filmin də çəkilməsini arzulayırıq. Gələcəkdə Müqəddəs məkan Ulutauya gedən avtomobil yollarınımn təmiri və yenilənməsi, həmin ərazilərdə dünya standartlarına uyğun  beynəlxalq standartlara cavab verən uyğun otel kompleksinin tikintisi, məişət obyektlərinin olması da bu bölgədə turizmin inkişafına yol açar. Təbii ki, bölgəyə gələn turistlər həm bizim qədim dövlətçilik tariximizlə, həm də mədəniyyətimizlə yaxından tanış ola bilərlər.  Bu da dövlət başçısının  son çağırışına cavab verən prioritet məqamlardandır.


Biz inanırıq ki, Qazaxıstan Prezidentinin Ulutauya səfəri  xalqımızın ürəyində yaşatdıqları  arzuların həyata keçməsinə  yeni impuls verəcək.

 


Tərcümə etdi: Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI