"Sözsüz ki, Azərbaycanda islahat təşəbbüsləri həmişə olub. Ancaq son dövrlərdə təşəbbüslər xüsusi vüsət alıb. Söhbət təkcə sosial islahatlardan getmir".
Modern.az xəbər verir ki, bu fikirləri birinci vitse -prezidentin köməkçisi Emin Hüseynov Sosial Tədqiqatlar Mərkəzinin ilk hesabatı zamanı çıxış edərkən deyib. O bildirib ki, indiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib.
"Prezident İlham Əliyev silsilə fərmanlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir”.
Emin Hüseynovun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra keçmiş sovet respublikaları arasında ən dərin ressesiyaya məruz qalmış bir ölkə idi.
"Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, ölkənin dövlətçiliyi, suverenliyi təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi və ressesiya aradan qaldırıldı".
O qeyd edib ki, Azərbaycan təbii resurslardan asılı olan ölkədir: "Onların qiymətlərinin dəyişməsi bizə əsaslı dərəcədə təsir göstərir. Biz diverfikasiya mətləblərini qoymaqla asılılığın nisbətən balanslaşdırılmasına və aradan qaldırılmasına çalışırıq. Çox geniş yayılmış fikirlərdən biri budur ki, artımlar diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunur. Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin bu artımlardan kənarda qalmasının onun effektivliyini müəyyən qədər yumşaltdığı bildirilir. Əslində ölkədə gedən təhsil islahatlarının bir neçə ildir ki, nəticəsini görürük. Həqiqətən müəyyən canlanma yaranıb. Müəllimlər arasında keyfiyyət göstəricisi olaraq, daha yüksək peşəkarlığa malik olan pedaqoqların formalaşması və onların həvəsləndirilməsi istiqamətində müəyyən işlər gedir. Buna həmin islahat tədbirlərinin davamı kimi baxıla bilər.
Növbəti məsələ niyə həkimlərin islahat paketi ilə əhatə olunmaması ilə bağlıdır. Bu məsələdə də çox aydın məqamlar var. Həm təhsil, həm də səhiyyə sahəsində ciddi islahatlar aparılır. Bu il icbari tibbi sığorta sisteminə hazırlıq ili elan olunub. Bu istiqamətdə çox ciddi işlər gedir.
2020-ci ilin əvvəlindən həyata keçiriləcək olan icbari tibbi sığorta səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına çalışan insanların maddi həvəsləndirilməsinə imkan verəcək sistem olacaq. Eyni zamanda, bütün əhali təbəqəsinin səhiyyə xidmətlərinə əlçatanlılığı təmin ediləcək. Digər məsələ əmək haqqları ilə bağlı artımların daha çox iqtisadiyyatın leqal sektorunda çalışanlara - istər dövlət, istərsə də özəl sektorda muzdla işləyənlərə şamil edilməsidir. Bunun özünüməşğul, kölgə iqtisadiyyatında çalışanlara çox da şamil olunmadığı bildirilir. Bu bizdə olduqca vacib məsələdir.
Bu ildən başlayaraq çox ciddi vergi islahatları həyata keçirilir. Bu da vergi inzibatçılığının gücləndirilməsinə gətirib çıxarır. Aparılan islahatların insanların maddi durumuna necə təsir göstərməsi ilə bağlı müəyyən şübhələr və fikirlər səsləndirilir. Bu, xüsusilə inflyasiya ilə bağlı olan məsələdir. Həqiqətən də 2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə ölkədə ikiqat devalvasiya baş verdikdən sonra əhalinin rifah halı xeyli aşağı düşdü. 2016 və 2017-ci illərdə bu tendensiya davam edib. Hökumətin əsas məsələdi iqtisadi aktivliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olduq. 2019-cu ildə inflyasiyanın aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqqının artımı bu tendensiyanı üstələyir".