Modern.az

Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi...

Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi...

Aktual

19 Noyabr 2019, 19:03

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana səfər ediblər.

 

Modern.az  xəbər verir ki,  Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Martin Cavanşir və Pşemislav Cavanşirin Bakıya dəvət olunması ilə bağlı detalları bölüşüb.

"Bildirmək istəyirik ki, Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə 1942-ci ildə Bakını tərk edib, ailəsi ilə birlikdə Tehrana köçüb.

 

Uzun müddət onlar haqqında Azərbaycanda məlumat olmayıb. 1992-ci ildə akademik İsa Həbibbəyli Tehranda o nəslin nümayəndələrini tapıb və görüşə bilib. Çünki onlar özləri də müxtəlif səbəblərdən nəslin nümayəndələri olduğunu etiraf etmək istəməyiblər. 1992-ci ildə Tehranda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəvəsi Teymur Cavanşiri, onun bacısı İrena Cavanşiri və qardaşı Midhət Cavanşiri (Bakıya gələn Martin Cavanşirinin atası) ilə görüşüb. O vaxtkı dövrü mətbuatda, qəzetlərdə bu barədə geniş yazılıb.

 

Hətta hazırda Bakıda səfərdə olan Martin Cavanşiri həmin qəzeti özündə saxladığını bildirdi. Daha sonra İsa Həbibbəyli Midhət Cavanşiri ilə Tehranda müxtəlif illərdə bir neçə dəfə görüşüb, söhbətlər ediblər. Çox təəssüf ki, ciddi cəhdlərə baxmayaraq ədibin nəvələrinin Azərbaycana gəlişi baş tutmayıb. Professor Vilayət Quliyevin yazdığı kimi, İsa Həbibbəylinin təşəbbüsü ilə 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ərəfəsində ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri ilə əlaqə yaradılıb. Amma Azərbaycana gəlişləri yenə baş tutmayıb.
Jurnalist Hafiz Əhmədovun müsahibəsi bu əlaqənin yenidən qurulması üçün əhəmiyyətli oldu. Onun vasitəsilə ədibin kötücəsi Pşemişlav Cavanşirinin Facebook ünvanını əldə edə bildik. Daha sonra e-mail vasitəsilə ilə atası, ədibin nəticəsi Martin Cavanşiri ilə polyak dilində yazışmalar apardıq.

Nəticədə onların Cəlil Məmmədquluzadənin 150 illik yubileyində iştirak etmələrinə nail ola bildik. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirova, Azərbaycanın Polşadakı səfiri  Həsən Həsənova, o cümlədən əlaqənin qurulmasında xidməti olan jurnalist Hafiz Əhmədova minnətdarlıq düşür.

 

İsa Həbibbəyli 18 noyabrda gündüz saat 2-də Hafiz Əhmədova zəng vurub, onu Bakıdakı tədbirlərdə iştirak ertmək üçün dəvət edib. Lazım olan zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib.

 Böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının ulu babalarının vətəninə gəlmələri hər birimiz üçün qürurverici hadisədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI