Modern.az

İstanbulda 3-cü Gənclər Festivalı keçirilib - FOTO

İstanbulda 3-cü Gənclər Festivalı keçirilib - FOTO

Aktual

4 Dekabr 2019, 13:13

İstanbulda Türkiyə Cümhuriyyəti Gənclər İdman Nazirliyi və Türk Şurasının birgə təşkil etdiyi 3-cü Gənclər Festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, ümumilikdə 7 ölkə - Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin qatıldığı tədbir, Dünya Etno Sport Federasiyasının Prezidenti Bilal Ərdoğan, Türk Şurası Baş Katibi Bağdad Əmrəyev və Türkiyənin Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdir müavini Serdal Eralci tərəfindən rəsmi protokol çıxışları ilə başlayıb.

 

Tədbirdə Azərbaycanda aparılan gənclər siyasəti haqqında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Gənclər və İdman naziri Azad Cabbarov çıxış edib.

Daha sonra Türk Şurası Gənclər Platformasının prezidenti Mirhəsən Seyidov Azərbaycanda aparılan Dövlət Gənclər Siyasəti ilə bağlı geniş təqdimatı tədbir iştirakçılarına çatdırıb.

 

Çıxışdan dərhal sonra Qırğızıstanın paytaxtı Bişkekdə həyata keçirilən Türk Şurası Gənclər və İdman Nazirlərinin 4-cü görüşündə Türk Şurası Gənclər Platformasının 2020-ci il üzrə fəaliyyət planı haqqında platformanın prezidenti Mirhəsən Seyidov ətraflı məlumat verərək, platformaya daxil olan ölkələr arasında platformanın işinin sürətləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib.

 

Qeyd edək ki, Mirhəsən Seyidov özünün feysbuk hesabında İstanbuldakı tədbirlərlə bağlı öz təəssüratlarını bölüşüb.

 

O, qeyd edib ki, Türk Şurasına üzv dövlətlərin gənclər sahəsindəki əməkdaşlığının davamlılığı istiqamətində Bişkekdə 2020-ci ildə fəaliyyət planına uyğun bir çox vacib qərarlar alınıb:

 

“Aşağıda qeyd edilən məsələlər mühüm əhəmiyyət kəsb edir:

  1. Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun keçirilməsi;
  2. 3-cü Türk Şurası Gənc Liderlər Forumunun keçirilməsi;
  3. Gənclər Platforması çərçivəsində ilk dəfə “Youth Exchange” təcrübəsinin hazırlanması, gənc beynəlxalq könüllülük təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan və Türkiyə arasında ilk təcrübənin başlanması;
  4. 5-ci Gənclər Düşərgəsinin keçirilməsi və bu istiqamətdə müxtəlif işlərin başlanması üçün müzakirələrin aparılması, eyni zamanda keçiriləcək 4-cü gənclər festivalı üçün ölkə tərəfindən artıq konkret təkliflərinin alınması;
  5. Gənc Sahibkarlar Forumunun Özbəkistan Prezidenti tərəfindən Bakıda keçirilən Zirvə görüşündə təşəbbüs olunduğu üçün forumun baş tutması istiqamətində ilkin danışıqlara başlanılması;
  6. Türk Şurası Gənclər Platformasına daha 2 ölkənin (Özbəkistan, Macarıstan ) gənclər təşkilatlarının cəlb olunması istiqamətində konkret addımların atılması;
  7. Müxtəlif mədəniyyətlilik dialoquna uyğun radikalizm və ekstremizmlə mübarizəyə görə alyanslarla xüsusi işin qurulması, yeni bir iş formatının müəyyən olunması”.

 

Mirhəsən Seyidov qeyd edib ki, iclasda çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini,  mövcud əlaqələrdən və təcrübədən istifadə edərək Platformanın inkişafına töhfələr verəcəklərini bildirib:

 

“Azad Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi. Düşünürəm ki, Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malik olar.

Eyni zamanda, 2020-ci ildə Qazaxıstanda gerçəkləşdiriləcək 2-ci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü Dünya Köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə Anti- Dopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin müzakirə mərkəzində oldu.

Türk Şurası Gənclər Platforması adına xeyirli-uğurlu olsun. Tam sürətlə Platformanı tamam başqa bir mərhələyə gətirəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı