“Bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb”.
Modern.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında bildirib. O 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunda 6 faizlik artımın olduğunu da qeyd edib:
“Bu il bankların kapitaldayanıqlığı artıb, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu is azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü iləmüqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digərmənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi.Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib”.
V.Qasımlı bu ilin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcminin 23 milyard 413 milyon manata çatdığını da əlavə edib:
“Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir, fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər”.
Əzizə