Yanvarın 10-da Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonunun Qarasu kənd sakinləri ilə keçirib.
Modern.az xəbər verir ki, Qarasu kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov respublikada aparılan uğurlu sosial-iqtisadi islahatlardan, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışıb. Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açıb.
Sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran Rüstəm Xəlilov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradıb.
Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.