Xəbər verildiyi kimi, yanvarın 14-də Misirin Qahirə şəhərində Türkiyənin Anadolu Agentliyinin dörd əməkdaşı saxlanılıb. Qeyd edilir ki, saxlanılanlar naməlum istiqamətə aparılıb. Agentliyin əməkdaşlarının şəxsiyyət vəsiqələri, mobil telefonları və kompüterləri götürülüb, agentliyin mərkəzi ofisi və əməkdaşların ailə üzvləri ilə əlaqə saxlamaq cəhdlərinin qarşısı alınıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, ekspert Əfsanə Məmmədova baş verən hadisələrin fonunda Modern.az-ın suallarını cavablayıb:
- Misirin Anadolu Agentliyinə olan hücumu iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilərmi?
- Sözsüz, yanvarın 14-də Anadolu Agentliyinin Qahirədəki ofisinə basqın və agentliyin İdarə Heyətinin sədri və jurnalistlərin həbsi birmənalı olmayan nəticələrə gətirib çıxara bilər. Hərgah Misirin Daxili İşlər Nazirliyi agentliyin Misirin siyasi və ictimai həyatı haqda yalan informasiya yaymaqda və Misirdə terror təşkilatı kimi tanınan Müsəlman Qardaşları tərəfindən maliyyələşdirilməkdə ittiham etsə də, bu basqının Moskvada Liviya böhranına dair keçirilən sammitdən sonra baş verməsi və bunun ardınca Misirin Qırmızı dəniz sahillərində 150 min hektar sahəni əhatə edən ən böyük hərbi bazası olan Bernis bazasının təntənəli açılışını həyata keçirməsi, bu həbsin arxasında sadəcə “yalan məlumatların yayılması” faktının olmamasını üzə çıxarır. Bu, daha çox Türk qoşunlarının Liviyadan çıxarılması, Türkiyənin Şərqi Aralıq dənizində qazıntı işlərini dayandırması və Türkiyə ilə BMT tərəfindən legitim hökumət kimi tanınan Liviyanın Milli Birlik Şurası ilə sahilboyu ərazilərin demarkasiyası, eləcə də hərbi əməkdaşlığa dair anlaşma memorandumunun ləğvinə dair şərtlərin qəbul edilmədiyi təqdirdə Misirlə Türkiyə arasında müharibənin qaçılmaz olmasını bildirən ismarışı xatırladır. Qeyd edim ki, əl-Morsi hökumətini dəstəkləyən Türkiyə ilə Misir arasında münasibətlər 2019-cu il sentyabr ayının 20-də Məhəmməd Əlinin sensasiyalı videoları və Əl-Sisi hakimiyyətinə qarşı çıxışları ilə Misiri bürüyən izdihamlı xalq nümayişləri nəticəsində daha da korlandı. Belə ki, Misir bunun arxasında Türkiyənin olması ilə bağlı eyhamlar edibdir.
- Sizcə, Türkiyə bu məsələyə necə cavab verə bilər?
-BMT, jurnalist haqlarını qoruyan təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu hadisəyə mənfi rəy bildirib və dərhal jurnalistlərin azad olunmasını tələb edir. Türkiyənin hazırki şəraitdə daha tədbirli və səbirli davranması gözlənilir. Beynəlxalq təşkilatların cəhdləri nəticə verməyəcəyi təqdirdə Türkiyənin Misirə qarşı ciddi nota verməsi və beynəlxalq təşkilatların vasitəçiliyi ilə danışıqlar masasına oturması istisna deyil. Hər bir halda bu problem Liviya məsələsi gündəmə salınmayacağı təqdirdə nisbi sülh şəraitində həllini tapa bilər. Çox güman ki, bu, Misirin və onun müttəfiqlərinin Türkiyəyə Yaxın və Orta Şərq regionunda möhkləmlənmək istəyi və Liviyadakı fəaliyyətinə qarşı xəbərdarlıq ismarışıdır.
- Misir-Türkiyə münasibətlərindəki gərginlik Azərbaycan üçün hansı riskləri daşıyır?
- Azərbaycan həm Türkiyə, həm də Misirlə qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirməkdədir. Sözsüz, tərəfdaşlıq baxımından Türkiyə Azərbaycana daha yaxındır. Lakin Misir də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Azərbaycana daim dəstək olmuş, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini müdafiə edibdir. İki ökə arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan, iki ölkə arasında münasibətlərin gərginləşəcəyi təqdirdə, Azərbaycanın Qoşulmama Hərəkatı prinsiplərinə sadiq qalaraq, tərəf seçməməsi və əksinə, iki ölkə arasında münasibətlərin nizamlanmasında vasitəçi rolunda çıxış etməsi daha məqbul olardı.