Modern.az

Məcburi köçkün gənclər arasında “Əsgərə salam” adlı futzal turniri keçirilib - FOTO

Məcburi köçkün gənclər arasında “Əsgərə salam” adlı futzal turniri keçirilib - FOTO

1 Fevral 2020, 17:25

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilk dəfə olaraq məcburi köçkün gənclər arasında futzal turnirinin keçirilməsinə başlayıb. Fevralın 1-də Bakı Olimpiya Stadionunun örtülü futzal meydançasında turnirin açılış mərasimi olub. Turnirin keçirilməsində məqsəd məcburi köçkün gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, idmanın kütləviliyinin təmin olunmasıdır.

 

Modern.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil edilən turnirdə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərindən ibarət 9 komanda - “Qarabağ”, “Həkəri”, “Ərgünəş”, “Şuşa”, “Cəbrayıl", “Füzuli", “Çinar", “İmarət" və “Qarant” meydançaya çıxacaqlar. Oyunlar iki həftə ərzində şənbə və bazar günləri keçiriləcək. Qalib komandalara kubok və hədiyyələr veriləcək.

 

Gənclər Günü ərəfəsində təşkil edilmiş tədbirin açılış mərasimində çıxış edən

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, bu kateqoriyadan olan gənclərin sağlam həyat tərzi keçirmələri üçün müvəqqəti məskunlaşma yerlərində son vaxtlar yaradılan şəraitdən söz açıb.

 

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə, hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Ölkəmizdə davamlı olaraq gənclərlə bağlı dövlət proqramları həyata keçirilir. Bunun tərkib hissəsi olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı uğurla icra edilir. Respublika ərazisində 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi fəaliyyət göstərir. Birinci vitse-prezident Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmalarına, layiqli vətəndaş kimi böyümələrinə böyük qayğı göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə səmərəli fəaliyyəti cəmiyyətdə dərin rəğbətlə qarşılanır.

 

Sədr müavini məcburi köçkün gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirildiyini, dövlət ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqqından azad edildiyini və onların məşğulluğunun artırılması üçün zəruri tədbirlər görüldüyünü bildirib.

 

Qeyd edək ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı səmərəli tədbirlər həyata keçirir. Komitənin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyası geniş ictimai dəstək qazanıb. Hazırda da davam edən bu aksiyaya qoşulanların sayı minlərlədir. Aksiya çərçivəsində yanvarın 30-da Ağdamda 1200 gəncin iştirakı ilə fləşmob təşkil edilib, rayon ərazisində xidmət edən əsgərlərlə görüş keçirilib.

 

Məcburi köçkün gənclər arasında ilk dəfə keçirilən “Əsgərə salam” adlı futzal turnirinin gələcəkdə ənənəvi xarakter alacağı və regionları da əhatə edəcəyi bildirilib. Diqqətə çatdırılıb ki, komandaların yaradılmasına və zəruri vasitələrlə təmin edilməsinə Dövlət Komitəsinin müvafiq strukturları, xüsusən Mənzil İstismar Departamenti və qəsəbələrə xidmət edən mənzil-kommunal təsərrüfatı sahələri kömək göstəriblər. Açılış mərasimindən sonra turnirin ilk qarşılaşmaları keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular