Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullara müraciət edir. Bunlardan biri də qoruyucu maskalardır. Bəzi hallarda insanların bütün gün ərzində eyni maskanı fasiləsiz istifadə etdiyinin də şahidi oluruq. Maraqlıdır, insanların hələ xəstəliyə yoluxmamış, elə yoluxarkən də istifadə etdiyi bu maskalar nə qədər etibarlıdır? Bir maskanı gün ərzində neçə saat istifadə etmək olar?
Mövzu ilə əlaqədar Modern.az-a danışan baş infeksionist Cəlal İsayev maskaların gün ərzində tez-tez dəyişdirilməli olduğunu bildirir:
“Bütün gün eyni maskadan istifadə etmək düzgün deyil. 2 saatdan bir maskanı dəyişdirmək mütləqdir. Maska alarkən diqqətli olmaq lazımdır. Birqatlı maskalar etibarlı deyil, yaxşı olardı ki, bütün ağız və burunu tutan çoxqatlı maskalardan istifadə edilsin. Sağlam insandan çox virusa yoluxmuş şəxslərin maskadan istifadəsi daha vacibdir. Xəstə şəxsin maskadan istifadəsi xəstəliyin profilaktikasında çox önəmlidir, çünki onlar sağlam insanların yoluxması üçün ilkin mənbədir”.
Ölkə ərazisində fəlaiyyət göstərən apteklərin maska satışına olan tələbat və məhsulun istehsal olunduğu ölkə barədə cavabları isə müxtəlif oldu:
Depo Aptek: Son bir ayda qoruyucu maskalara tələbat yüksəlib. Xüsusilə gənc nəsil maska almağa maraqlıdır. Aptekdə satılan maskaların hansı ölkədən gətirildiyini isə deyə bilmərik.
İnam Aptek: Son iki gündür ki, aptekə maska gətirilmir. Bizə bildiriblər ki, depolarda maska qurtarıb. Əhali arasında maskaya tələbat isə çoxalıb, demək olar ki, hər yaş qrupunda insan maska almaq üçün bizə müraciət edir.
Buta Aptek: Adətən maskanı yaşlı və orta nəsil daha çox alır. Alanlar da uşaqlar üçün aldıqlarını deyirlər. Satılan maskaların hansı ölkədən gətirilməsi barədə isə məlumatımız yoxdur.
Viktoriya Aptek: Maskalara tələbat əvvəlki aylara nisbətdə indi daha çoxdur. Hər yaş qrupunda insan maska almaq üçün aptekə yaxınlaşır. Bizdə satılan maskalar əsasən Türkiyədən gətirilir.
“Elite” Aptek: Tələbat həmişəki qaydadadır. Maska alanların çoxu qrip xəstəliyinə yoluxmamaq üçün aldıqlarını deyirlər. Aptekdə satılan maskalar müxtəlif ölkələrin istehsalı olur.