Modern.az

“Qərbi Azərbaycan uğrunda mübarizə Qarabağ mübarizəsinin tərkib hissəsidir” - Əziz Ələkbərov

“Qərbi Azərbaycan uğrunda mübarizə Qarabağ mübarizəsinin tərkib hissəsidir” - Əziz Ələkbərov

7 Fevral 2020, 13:16

“Azərbaycanın tarixi taleyi ilə bağlı bütün məsələlər bizim üçün önəmlidir. Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi hər birimizin ana məsələsidir. Qarabağ probleminin həlli, köçkünlərimizin, qaçqınlarımızın doğma yurdlarına qayıtması hər məsələdən öndə durur”.

 

Bunu Modern.az-a açıqlamasında 62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əziz Yusif oğlu Ələkbərov bildirib.

 

O, qeyd edib ki, Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab edir:

 

“Təbii ki, dünya Qarabağla yanaşı, Qərbi Azərbaycan həqiqətlərini də bilməlidir, dünya ermənilərin həqiqi sifətini görməli, görüb görməməzliyə vurursa, biz bu sifəti onlara göstərməkdən yorulmamalıyıq. Qərbi Azərbaycan həqiqətlərini dünya miqyasına çıxarmaqla biz dünyanı erməninin başına dar eləmək imkanı qazanacağıq. Bir sözlə, yola davam”.

 

Ə.Ələkbərov deyib ki, 62 saylı Saatlı seçki dairəsində bu gün 9 namizəd təbliğat aparır:

 

“İlk gündən bütün namizədlərə bərabər və mən deyərdim ki, nümunəvi şərait yaradılıb. Bunu bütün namizədlər təsdiq edə bilər. Mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldüyü üçün biz bütün təbliğatımızı partiyanın Saatlı təşkilatının tərtib etdiyi qrafik üzrə aparmışıq. Təbliğat kampaniyasında iki məsələni xüsusilə diqqət mərkəzində saxladıq, birincisi seçki məcəlləsindən kənar heç bir təbliğat hərəkətinə yol vermədik, hətta bəzi namizədlərdən fərqli olaraq təbliğat lövhələrindən kənar yerlərə bir ədəd belə şəkil, təbliğat materialı vurmadıq, ikincisi, tərəddüd etmədən xalqın içinə girdik, bütün kəndlərdə, şəhərdaxili məntəqələrdə olduq və Saatlılıların etimadını, etibarını qazandıq. Artıq bu gün seçkilərin təbliğat müddəti başa çatır, yəni biz bu yolun sonuna yaxınlaşmışıq, amma bizim üçün bu, təkcə yolun sonu yox, həm də daha çətin olan yeni yolun başlanğıcıdır. Yəni əgər 9 fevralda xalqın dəstəyi ilə uğur qazanacağıqsa, qarşıdan gələn beş il ərzində Saatlı əhalisinin xidmətində ləyaqətlə dayanmaqda qərarlıyıq. Elə hesab edirəm ki, bu fəaliyyətimiz həm də və ilk növbədə cənab Prezident İlham Əliyevin ölkədə apardığı köklü islahatların dayanıqlığına xidmət edəcək. Sözümün sonunda 62 saylı Saatlı seçki dairəsində deputatlıq uğrunda mübarizə aparan bütün namizədlərə 9 fevral seçkilərində uğurlar arzu edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et