Mərkəzi Seçki Komissiyasının (MSK) bu bgün keçirilən iclasında sədr Məzahir Pənahov 76 saylı Lənkəran-Astara seçki dairəsində seçki günü müşahidəçinin döyülməsi barədə videodan danışıb.
Modern.az xəbər verir ki, MSK sədri müşahidəçi Jalə Bayramovanın döyülməsini əks etdirən videonu izlədiyini bildirib:
“Videodan görünür, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin. O isə xəbərdarlığı qulaq ardına alaraq, çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb”.
MSK sədrinin sözlərinə görə, görüntüləri sosial şəbəkələrdə yayıb, bütün dünyaya çatdırırlar ki, həmin xanımı döyüblər, şikayət ediblər:
“Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya xanımı döyüblər”.
Qeyd edək ki, Jalə Bayramova iqtisadçı ekspert Qubad İbadoğlunun qızıdır.