Daşkənddəki Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun tələbələri və 48 nömrəli orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, əvvəl tələbəvə şagirdlər foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova onlara Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, Ulu Öndər Heydər Əliyev haqqında məlumat verib, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsindən danışıb.
Mərkəzin əməkdaşı bildirib ki, ermənilər bir gecənin içində 613 adamı qətlə yetirib, bunun da 63-ü uşaqdır. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. O Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəslin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonra müəllim və şagirdlər Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi, mərkəzin kitabxanası ilə tanış olublar.