1918-ci ilin may ayında birləşmiş hay-rus nizami silahlı qüvvələrinin Azərbaycan Xalq Cumhuriyyətinin süqutunu sürətləndirən və kökənli müsəlman-türk əhalisinə qarşı soyqırım şiddətini artıran hərbi hücumlarının bir döyüş xətti də Göyçay qəzasının Qaraməryəm-Kürdmaşı kəndləri istiqamətindən keçmişdir. Cəbhənin hərbi-strateji və siyasi-iqtisadi əhəmiyyətli bu hissəsində həm Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun, Azərbaycan Milli Ordusunun və yerli müdafiə dəstələrinin yüzlərlə üzvlərinin ağır döyüşlərdə qovuşduğu müqəddəs Şəhid məqamlarının ərazisi kimi xalqımızın yaddaşında qaldığı kimi, həm də coğrafi yer adlarımızın (toponimlərimizin) “qana boyanması” ilə səciyyələnir. Bu baxımdan hazırda İsmayıllı rayonunun Kürdmaşı kəndi istisnalıq təşkil etmir.
1918-ci ildə bu kəndin 100 nəfərə yaxın dinc sakini (o vaxt bu kənddə 200 ev olub) açıq səngər döyüşlərində (Dəvəbatan çayı sahillərində, kəndin aşağı hissəsindəki Govur məhəlləsində, “Daşlı keçid” yerində), kənd məscidinin həyətində (bu tikili 160 il əvvəl Adil İdris oğlunun (1921-2011) babası tərəfindən inşa edilib) ağır işkəncələrlə qətlə yetirilmişdir.
Daha sonra, haylar yaşayan Uştal, Girk, Kəlbənd, Güzəran, Keşqurd... kəndlərinin quldurları da yaramış ağır hərbi vəziyyətdən istifadə edərək (birləşmiş düşmən qüvvələri ilə əlaqəyə girərək) Kürdmaşı kəndinin cənub-qərbindəki Qoşataxta dağının ətəyindəki qədim yurd yerində 1,5-3 km-lik məsafədə uzanan kollu-qayalıqlı dərədə (Göyçay rayonu, Qarayazı kəndi istiqamətində) 40-50 nəfər sakini vəhşicəsinə öldürmüşlər, başlarını kəsmişlər. Bu hadisələrin şahidləri olmuş kənd sakinlərindən Nüybar Ramazan qızının (1895-2013), Ceyran Məşədi Zülfüqar qızının (1895-1985), Qəzənfər Kərim oğlunun (1906-1982), Gülcənnət Alı qızının (1894-1984).. söylədikləri hələ də unudulmamışdır..
Sonralar el arasında bu yer “Qanlı dərə” adlanmışdır.
(Yazının hazırlanmasında İsmayıllı rayonu, Kürdmaşı kənd sakini Rüstəm Cavid oğlu Nəbiyevin (1960) məlumatından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)