Modern.az

Yanvar-fevral aylarında istehlak bazarında qiymətlər açıqlandı

Yanvar-fevral aylarında istehlak bazarında qiymətlər açıqlandı

16 Mart 2020, 17:17

2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin fevral ayına nisbətən 102,9 faiz təşkil edib:

 

“2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,1 faiz olub.

 

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və spagettinin, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiska və sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə edilib”.

 

“Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 101,1 faiz təşkil edib.

 

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma ipək parçaların, kişi və qadınlar üçün köynəklərin, cins şalvarların, sulu boyaların, polietilen su borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, keramik plitələrin (kafel, metlax), tozsoranların, elektrik ütülərinin, boşqab, fincan və nəlbəkilərin, sabit şəbəkə telefon aparatlarının, dəftər, qələm və karandaşların, ucuzlaşma isə əsasən qadınlar üçün qış ayaqqabılarının, təsərrüfat sabununun, planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2020-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 101,4 faiz təşkil edib”.

 

“Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma gəlinlik donunun kirayəsi, mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib”,- deyə DSK bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et