Koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyanın demək olar ki, bütün ölkələrində karantin rejimi elan olunub, sərhədlər bağlanıb. Eləcə də azərbaycanlıların kompakt şəkildə yaşadığı bir çox ölkələrdə vətəndaşlarımız mövcud rejimlə əlaqədar olaraq vətənə geri qayıda bilmir. Bu haldan ən çox narahat olanlar isə tələbələrdir. Çünki bir tərəfdən dərslər yox, bir tərəfdən də maddi sıxıntıların olması gəncləri narahat edir.
Azərbaycanlı tələblərin ali təhsil almaq üçün geniş miqyasda üz tutduğu ölkələrdən biri də Fransadır. Fransa isə koronavirusa yoluxma sayına görə siyahıda ilk beşlikdə, ölüm sayına görə isə ilk üçlükdədir.
Maraqlıdır, bu ölkədə yaşayan tələbələrimizin, eləcə də vətəndaşlarımızın vəziyyəti necədir?
Fransada mövcud durumla bağlı Modern.az-a danışan Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov bildirir ki, burada qalan və Azərbaycana qayıda bilməyən tələbələrimizə dövlət tərəfindən yardım göstəriləcək:
“Fransada təhsil alan və Azərbaycana qayıda bilməyən tələbələrimiz yetərincədir. Onlara Azərbaycan hökuməti tərəfindən qısa zaman ərzində maddi yardım göstəriləcək”.
Fransada yaşayan vətəndaşlarımızın sağlıq durumundan danışan diaspor nümayəndəsi azərbaycanlılar arasında koronavirusa yoluxma halının olmadığını bildirib:
“Fransada yaşayan azərbaycanlılarla mütəmadi olaraq əlaqə saxlayırıq. Hələ ki, son günlərdə vətəndaşlarımız, eləcə də burda yaşayan tələbələrimiz arasında virusa yoluxma halı qeydə alınmayıb. Azərbaycana təxliyyə olunmaq üçün davamlı olaraq müraciətlər olur, bu yaxınlarda təxliyyə məsələsi də həll olunacaq”.