Koronavirusun geniş miqyasda yayıldığı ölkələrdən biri də qardaş Türkiyədir. Vətəndaşlarımızın kütləvi şəkildə yaşadığı ölkədə onların vəziyyətini öyrənmək üçün Türkiyədə yaşayan jurnalist Məhsəti Şəriflə əlaqə saxladıq.
Jurnalist Modern.az-a açıqlamasında vətəndaşlarımız arasında 10-15 nəfər arası koronavirus xəstəsi olduğunu bildirib:
“İndiyədək Türkiyədə 713409 koronavirus testi edilib. Ölkədə virusa yoluxanların sayı 95591 nəfər, xəstəlikdən ölənlərin sayı isə 2259 nəfərdir. Koronavirusa yoluxanlar arasında azərbaycanlılar var. İndiyədək 1 nəfər vətəndaşımız koronavirus səbəbi ilə dünyasını dəyişib. Virusa yoluxanlar ev şəraitində karantindədirlər. Adlarının çəkilməsini istəmirlər deyə onların kimliyi barədə məlumat verə bilməyəcəm. 10-15 virusa yoluxan xəstəmiz var ki, onların da vəziyyəti orta qiymətləndirilir. Həmin şəxslərin arasında gənclər də var, yaşlılar da, uşaqlar da. Mütəmadi olaraq vətəndaşlarla ünsiyyət saxlayırıq bildirirlər ki, vəziyyət pis deyil”.
M.Şərif Türkiyədə yaşayan bəzi azərbaycanlıların karantin səbəbi ilə maddi sıxıntısının olduğunu da deyir:
“İndi Türkiyədə qalan tələbələrimizin çoxunun əsas problem maddi sıxıntının olması ilə bağlıdır. Türkiyədə minlərlə azərbaycanlı yaşayır ki, onların da əskər hissəsinin problem sənədsiz şəkildə Türkiyədə yaşamalarıdır. Sənədsiz olduqları üçün onlar rəsmi qaydada bələdiyyələrə, səfirliyə müraciət edib yardım ala bilmirlər. Yəni əsas problem burda qaçaq şəkildə yaşayan insanların problemləridir. Burda dost-tanışlar vasitəsilə yığışıb müəyyən hissəsinə yardım etdik. Amma qonşudan gələn yardımla da tam dolanmaq olmur. Ona görə də bəzi vətəndaşlarımız maddi baxımdan sıxıntı yaşayır. Tələbələrimizin problemi isə yaşadıqları evin kirayə haqqını ödəyə bilmədikləri ilə bağlıdır. Düzdür, səfirliyimiz tələbələrə yardım göstərir, amma yenə də yardım ala bilməyən tələblərimiz kifayət qədərdir”.