Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.
Modern.az xatırladır ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb.
Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlər idi. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub.
Neft Akademiyasındakı terrorla bağlı 2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.
Cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır.
O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.
Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.
O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.
Fərda Qədirov ruhi xəstə idi. O əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. F. Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.
Teraktda həlak olanlar və yaralananlar:
Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr:
Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
və Akademiyaya süd məhsulları gətirən:
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü
Yaralananların siyahısı:
İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
Hüseyinli Zemfira
Daas Muavviyyə (Suriya)
Seyidəhməd Əmru.