Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təcrübəsinə dünyada maraq artır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun bu mövzuda yazdığı "Böyük çağırış və liderin xilaskarlıq missiyası" sərlövhəli analitik məqalənin xarici KİV-lərdə yayılması bu marağın təzahürü hesab edilə bilər.
Modern.az xəbər verir ki, Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhs edən məqaləni yayan KİV-lərin sırasına yeniləri əlavə olunub. Analitik yazı Çinin ingilisdilli “China Daily” qəzeti, Avropa İttifaqının “EU Politics”, ABŞ-ın “Foreign Policy News” portalları, Ukraynanın Ukrinform, Rumıniyanın “Amos news” agentlikləri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında, Almaniyanın “Berliner Press” saytında, həmçinin İndoneziya, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrin informasiya resurslarında da yer alıb.
Qeyd edək ki, "Böyük çağırış və liderin xilaskarlıq missiyası" sərlövhəli məqalədə Prezident İlham Əliyevin koronavirusla mübarizə strategiyasının müsbət nəticələri təhlil olunur, Azərbaycanın bu sahədə nümunəvi ölkələrdən biri olduğu faktlarla əsaslandırılır. Oxucuda koronavirusa qarşı mübarizənin Azərbaycan modeli barədə təsəvvür yaradılır, insan həyatının qorunması və əhalinin sosial müdafiəsi istiqamətində paralel olaraq həyata keçirilən tədbirlərdən söhbət açılır. Azərbaycandan dünyaya həmrəylik və əməkdaşlıq mesajlarının verildiyi diqqətə çatdırılır, buna misal olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşləri nümunə göstərilir.