Mayın 18-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa aradan qaldırılır.
Belə ki, artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə də yaşı 65-dən yuxarı şəxslər zəruri hallarda evdən çıxa biləcəklər.
Maraqlıdır, 2 aya yaxındır ki, evdə zaman keçirən 65 yaş üstü şəxslər karantin bitən kimi nə etmək istəyəcək?
Modern.az-ın əməkdaşı bu sualla cəmiyyətin bəzi tanınmış nümayəndələrinə müraciət edib:
Xalq artisti, görkəmli aktyor Rasim Balayev səhhətində problem yarandığı üçün mayın 18-i ilk iş kimi xəstəxanaya gedib müalicə almağı düşünür:
“Hardasa iki-üç ay bundan əvvəl boyun nahiyəmdən əməliyyat olundum. Daha sonra karantin rejimi tətbiq olunduğu üçün müalicəmi davam etdirə bilmədim. Səhhətimin qaydaya düşməsi üçün fizioteropiyaya getməliyəm, tokla masaj edilməliyəm. Son günlər ağrılarım çoxalıb, qolumu hərəkət etdirə bilmirəm. Həkim də dedi ki, müalicə lazımdır. Bundan başqa işlərimlə bağlı da heç bir yenilik yoxdur. Çəkiliş üçün də təklif almıram. Ona görə işlə bağlı nə isə edəcəyimi də düşünmürəm”.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, keçmiş millət vəkili Ağacan Abıyev mayın 18-dən etibarən idmançılarla məşq prosesinə başlayacağını deyir:
“Bu dəqiqə mənim üçün ən mühüm iş bokçsularımızı dünya çempionatına hazırlamaqdır. Federasiya prezidenti kimi hazırda ancaq bunu düşünürəm. Bazar ertəsindən etibarən idmançılarımızla nəhayət ki, məşqlərə başlaya biləcəyik. İlk hədəf kimi dünya çempionluğuna hazırlaşırıq, daha sonra Olimpiya oyunlarına qatılmaq üçün məşqlərə start verəcəyik”.
Xalq artisti, tanınmış müğənni Niyaməddin Musayev bazarertəsindən etibarən əvvəlki qaydada verilişlərə gedəcəyini deyir:
“Karantin rejimi ilə əlaqədar qaydalara riayət edib evdə qalmağa çalışırdım. Daha icazə olduğu üçün birinci gündən etibarən rahatlıqla verilişlərə qonaq kimi gedə biləcəm. Bundan başqa karantin yumşaldıldığı üçün sənətimlə bağlı digər işlərimi də reallaşdırmaq fikrindəyəm”.