İyulun 12-də düşmən, Azərbaycanın Tovuz rayonu istiqamətindən hücuma keçərək sərhədyanı kəndlərimizi və dinc əhalini ağır artilleriya silahlarından atəşə məruz qoydu. Milli Ordumuz dərhal hərəkətə keçərək, düşmənin atəş nöqtələrini susdurdu. Təəssüflər olsun ki, aparılan əməliyyatlar nəticəsində Şəhidlər də verdik. Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyir, ailələrinə dərin hüzünlə baş sağlığı verirəm.
Bu gün bizm artıq müasir, dünya standartlarına cavab verən Milli Ordumuz var. Düşmənin hər bir təxribatına Azərbaycan Ordusu layiqli cavab verir və verməyə də davam edəcək. İstər aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlərdə düşmən bir daha ordumuzun gücünü gördü. Artıq bizdə bir inam yaranıb ki, yaxın zamanlarda, müzəffər ordumuz, belə bir qələbələrin davamını işğal altında olan Şuşamızda, Laçınımız, Kəlbəcərimiz və digər ərazilərimizdə davam etdirəcək. Biz bu Vətənin sıravi əsgərləriyik və daim Ali Baş Komandanın əmrini gözləyirik! Bir keçmiş döyüşçü, bir Milli Qəhrəman kimi Vətən torpaqlarını müdafiə etməyə hər zaman hazırıq.
Aprel döyüşlərində olduğu kimi, bu döyüşlərdə də Xalqın igid oğulları ayağa qalxaraq, Milli Ordumuza və doğma Qarabağımıza dəstək nümayiş etdirərək, xalq-ordu birliyini ortaya qoydu. Bütün Respublika üzrə gedən nümayişlərdə "Ya Qarabağ ya ölüm", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ali baş komandan əmrini gözləyirik" kimi şüarlar səsləndirdi. Əlbəttə ki, bütün bunlar çox qürurvericidir. Lakin əfsuslar olsun ki, mənfur niyyətlərini həyata keçirtmək məqsədilə milli birliyimizə, xalq həmrəyliyinə kölgə salmağa çalışanlarda tapıldı. Ötən gecə xalq birliyindən, Şəhid adından istifadə edərək, parlament binasına soxulmaqla, polisə zor tətbiq etməklə öz çirkin niyyətlərini bir daha ortaya qoydular. Bu hadisə isə artıq qərəzli şəkildə, qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı mərkəzlər tərəfindən hazırlanmış bir təxribat idi. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu son iki gündə torpaqlarımız uğrundan canından keçən şəhidlərimizin ruhuna edilmiş ən böyük hörmətsizlikdir.
Ancaq Xalq- hakimiyyət birliyi bir daha sübut etdi ki, belə bir çirkin planı Azərbaycanda həyata keçirmək mümkün deyil. Erməni dəyirmanına su tökənlər anlamalıdırlar ki, belə çirkin əməllər törətməklə heç nəyə nail ola bilməyəcəklər. Xalq-iqtidar, xalq-ordu vəhdətini sındıra bilməyəcəklər. Biz birlikdə güclüyük. Ali baş komandanın ətrafında sıx birləşərək istər daxildə, istərsə də xaricdə olan düşmənlərimizə qalib gələcəyik.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, müzəffər ordumuza isə qələbə - yalnız qələbə arzulayıram!
Ehtiram Əliyev
Azərbaycanın Milli Qəhrəmanı