O, Azərbaycan kinosunun fotolarda əks olunan 100-illik tarixini qorumağa müvəffəq olub!
1961-ci ildən etibarən ölkəmizin korifey kinorejissorlarının quruluş verdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib. Keçmiş SSRİ məkanında keçirilmiş Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub.
Modern.az xəbər verir ki, iyulun 25 saat 21:00 “Mədəniyyət” kanalın efirində Azərbaycan kinosunun fədakar veteranı, Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Əsəd oğlu Quliyevin keçdiyi mənalı həyat və zəngin yaradıcılıq yolundan “Kino sənətində silinməz izlər” verilişində ətraflı söhbət açılacaq. Görkəmli rejissorlar, xalq artistləri Oqtay Mirqasımov və Ramiz Həsənoğlu, kinosalnaməçi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkar haqqında ürək sözlərini bildirəcəklər. Verilişdə veteran kino xadiminin xatirələri də səslənəcək.
Verilişin müəllifi əməkdar jurnalist Salar Aslanov, rejissoru Sənan Sultanovdur.