Modern.az saytının əldə etdiyi məlumata görə, Respublika Diaqnostika Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra özəlləşdirilib. Məlumatı saytımıza mərkəzin özündən də təsdiqləyiblər.
Bildirilib ki, mərkəz özəlləşdirildikdən sonra işçilərin bəziləri bu tibb müəssisəsindən çıxıb, bəziləri isə öz vəzifələrində qalıb.
Mərkəzdən Modern.az-a yeni rəhbərliyin kimliyini açıqlamaqdan imtina edilib. Amma Modern.az-ın əməkdaşı bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən dəqiqləşdirə bilib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bizimlə söhbətdə bildirib ki, Respublika Diaqnostika Mərkəzi 2008-ci ildə mülkiyyət hüququndan keçib və daha sonra onun özəlləşdirilməsi üçün keçirilən tenderin qalibi müəyyənləşib. Onun sözlərinə görə, hazırda Respublika Diaqnostika Mərkəzinin yeni sahibi Azİntermed MMC-dir.
Lakin Komitə rəsmisi mərkəzin özəlləşdirlidyi qiymət barədə məlumat verməyib.
Azİntermed MMC-dən də bu barədə danışmaq istəməyiblər.
Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, Respublika Diaqnostika Mərkəzi 2006-cı ilin avqustunda prezident İlham Əliyevin bir sıra səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair fərmanı əsasında özəlləşdirilməyə çıxarılıbmış. Fərmana görə, müəssisə profili saxlanılmaqla özəlləşdirilə bilər.
Qeyd edək ki, 2011-ci il dekabrın 27-də Respublika Diaqnostika Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
İndi Mərkəz müasir avadanlıq və cihazlarla təchiz olunub. Mərkəzdə endoskopik diaqnostika, cərrahiyyə, kardiologiya, radiologiya, reanimasiya şöbələri var. Burada quraşdırılmış videokameralarla telemetriya məqsədilə videoçəkiliş aparılır ki, bu da əməliyyat gedərkən ona onlayn rejimdə xaricdə baxmağa və xarici mütəxəssislərlə məsləhətləşmələr keçirməyə imkan verir.
Mərkəzin mama-ginekoloji şöbəsində iki doğuş zalı, bir cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Buradakı doğuş otaqlarından birində Azərbaycanda ilk dəfə xüsusi suda doğuş vannası quraşdırılıb. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Mərkəzin stasionar şöbəsində 70-ə yaxın birnəfərlik palata yaradılıb.
İkinci mərtəbədə poliklinika yerləşir. Kardiologiya şöbəsi, nevrologiya və oftalmologiya kabinetləri də müasir tibbi avadanlıqla təchiz edilib.
Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır.
Mərkəzin ikinci korpusunda Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya yerləşir. Laboratoriyada ümumi klinik, bakterioloji, PSR analizlər aparılır.
Gültəkin ƏLƏSGƏR