Modern.az

İstifadə müddəti bitmiş ərzaq məhsulları satışa çıxarılırmı?

İstifadə müddəti bitmiş ərzaq məhsulları satışa çıxarılırmı?

Aktual

11 İyun 2012, 11:57

Eyyub Hüseynov: “Onlar regionlarda yenidən satışa çıxarılır”


Xeyli müddətdir ki, vaxtı keçmiş və xarab məhsulların satışdan çıxarılması  istiqamətində mütəmadi tədbirlərə baxmayaraq, bunun qarşısını tamamilə almaq mümkün olmur. İstehlak müddəti keçmiş məhsullar arasında isə ərzaq məhsulları xüsusi yer tutur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçının Hüquqlarının Müdafiəsi Xidməti yarandığı vaxt bunu  Azərbaycan hökumətinin istehlakçı siyasətinin başlanğıcı kimi  baxırdıq. Bu qurumda mütəmadi yoxlama işləri aparılır, hər gün tonlarla malın satışdan çıxarıldığı göstərilir, amma problem həll olunmur. Həmin qurumun apardığı iş zəruridir, lakin kafi deyil”.

E.Hüseynov bildirdi ki, buna səbəb hökümətin səhv siyasətidir: “Hökumət adı çəkilən qurumu İqtisadi İnkişaf Nazirliyinə tabe etməklə səhv addım atmış oldu.  Əslində, İstehlakçının Hüquqlarının Müdafiəsi Xidməti ölkə prezidenti yanında müstəqil bir qurum olmalı idi ki, effektli iş aparsın”. Birliyin sədri Xİdmətin işinin səmərəli olmamasının səbəbini qanunlarda olan boşluqların, istehlakçı hüquqlarının müdafiəsi kompleksində çatışmamazlıqların və müstəqil ekspertizanın fəaliyyətinin aşağı olması ilə izah etdi: “Vaxtı keçmiş mallar mövcud qanunvericiliyə görə, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, adı çəkilən qurumun apardığı işlər nəticəsində satışdan çıxarıldığı halda,yenidən regionlara göndərilir və satışa çıxarılır”. Eyyub Hüseynov öz sözlərinə sübut kimi iki gün öncə Bərdə rayon şöbəsindən məhsulların gətirildiyini,

bu malların üzərindən buraxılma tarixinin və son istifadə müddətinim pozulduğunu, bunlar arasında “Skazoçnıy rulet” adlı rulet, peçenye, xardal, “Malışok” uşaqlar üçün şirniyyatın , “Alpen Gold” şokoladlarının olduğunu qeyd etdi. AİB sədri onu da əlavə etdi ki, İordaniyada istehsal olunan “Saxa”adlı uşaq qidasının buraxılma müddəti, son yararlılıq müddəti normal olduğuna baxmayaraq, içində 2001-ci ilə aid paketlər çıxır.

Azad İstehlakçılar Birliyinin sədri vaxtı keçmiş məhsullar satılan mağazalar sırasında supermarketlərin, əsasən, Mirəli Qaşqay küçəsində yerləşən topdan və pərakəndə satış mağazasını xüsusilə vurğuladı. O, problemin hələ də həlllini tapmamağı ilə bağlı narazılığını bildirdi:  “Mən istehlakçıları yaxşı maarifləndirə bilmirəm. Biz çalışırıq istehlakçıların səsini eşitmək mexanizmi yaradaq. Şikayət və ərizə dəftərini hər yerə tətbiq edək. Lakin bu işə İqtisadi İnkişaf Nazirliyi dəstək vermədi. Bu gün hökumətin istehlakçının səsini eşitmək mexanizmi yoxdur. Hökumət yalnız inzibati bıçaqları ilə cərimələri artırır və nəticədə cərimələr də malların qiymətləri üzərinə gəlir”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev: “Biz nəzarət həyata keçiririk, bu nəzarətin bir hissəsi də ərzaq məhsullarının gigiyena qaydalarına uyğun satışının təmin olunmasıdır. Verilmiş müddətdən sonra saxlanan ərzaq məhsulları artıq öz yararlılıq etibarını itirmiş olur. Sanitariya qaydalarını yoxlayarkən həm də biz onun yararsızlıq müddətini yoxlayırıq. Həmin məhsullar aşkar edildikdə kənarlaşdırılır”.

Şöbə müdiri bildirdi ki, ilin axırında monitorinq aparılır və nəticələr Statistika Komitəsinə verilir, bu haqda məlumatı ancaq ilin axırında bildirə bilər.

Onun sözlərinə görə, vaxtı keçmiş məhsulların satışa çıxarılmasının qarşısını almaq üçün ciddi nəzarət aparılmalıdır:  “Əgər bu müddət ərzində belə məhsullar satışdan çıxarılmayıbsa, bu zaman sahibkar inzibati qaydada məsuliyyət daşıyır”.

Aygün ASİFQIZI

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?