Yüzminlərin pənah yeri olan Tanrının sevimli bəndəsinə sayğısızlığa niyə göz yumulur?
Azərbaycanda yeni açılan yüzminlərlə iş yerlərinin sayını hesablayan statistiklərə xoş xəbər: Paytaxtımızda dünyanın heç bir yerində analoqu olmayan yeni fəaliyyət növü meydana gəlib ki, artıq bir çox Azərbaycan vətəndaşları bu işlə məşğul olmaqla, ölkədə işsizliyin səviyyəsinin azalmasına öz “töhfələrini” verirlər. Söhbət paytaxt küçələrində, xüsusilə metro stansiyalarının yaxınlığında, yüzminlərlə insanın pənah yeri olan Tanrının sevimli bəndəsi Mirmövsüm Ağanın (Ətağa) şəklini satanlardan gedir.
Yəqin ki, çoxlarınız onlarla qarşılaşırsınız. Günü-gündən sayları artan bu "nicat" alverçilərinin istifadə etdiyi metodlar eynidir. Sanki bir mərkəzdən təlim alırmışlar kimi hamısı eyni sözləri deyir, eyni hərəkətləri edirlər.
Əvvəlcə, yolla keçənlərə üzərində Mirmövsüm Ağanın şəkli olan kağız parçasını uzadırlar. İnsanlar da qeyri-ixtiyari olaraq şəkli götürürlər. Və bu zaman hamı üçün eyni olan mesaj səslənir: "Nə verərsən, verərsən". Şəklin havayı deyil, satış üçün verildiyini görənlərin bir qismi ya onu geri qaytarır, ya da 10-20 qəpik verib uzaqlaşırlar.
Modern.az saytının əməkdaşı Mirmövsüm Ağanın şəklini fırıldaq yolu ilə satanlardan bir neçəsi ilə kəşfiyyat xarakterli söhbət edib. Məlum olub ki, onların bir çoxu heç şəklini satdıqları insanın kim olduğunu belə bilmirlər.
“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Mirmövsüm Aganın şəklini satanlardan biri ilə əməkdaşımızın belə bir dialoqu alınıb:
- Bu şəkildəki kimdir ki?
- Seyiddir də.
- Hansı seyid?
- O du da. Dayan baxım (Şəkli o üz-bu üzünə çevirir). Hə, budey yazılıb, Mirmövsüm Ağadı.
- Bəs bunu nə üçün satırsınız?
- Vallah, elə bir şey qazanmırıq. Günə 5-10 manat...
- Bu şəkli alanda nə olur adama?
- Bütün işlərin düzəlir, üzərindən nəzər götürülür, arzularının hamısı yerinə yetir.
- Düşünmürsünüz ki, bu hərəkətlə şəkildəki bu kişiyə hörmətsizlik edirsiniz?
- Niyə ki, kim istəyir pul verir, istəməyən də vermir. Qardaş alanı deyilsən, xahiş edirəm məni işdən (?!) ayırma...
Beləcə, "xoşbəxtlik satan"ın yanından uzaqlaşırıq. Və gözlərimiz önünə Mirmövsüm Ağanın Şüvəlandakı ziyarətgahı, orada qoyulan sərt qaydalar, nəzir qutuları yanındakı gözətçilər, çoxsaylı xidmətçilər gəlir. Orada hər şeyin Tanrının və yüzminlərin sevimlisi Mirmövsüm Ağaya sayğı üçün edildiyi bildirilir. Olsun. Bəs ziyarətgahda Ağaya sayğı mühiti yaradanlar oradan kənara nə üçün boylanmırlar?
Hətta bu günlərdə bir vergi idarəsində “Mirmövsüm Ağa Ziyarətgahı” MMC-nin sənədlərinə də rast gəlmişdik.
Bəs, Qafqaz Müsəlmanları İdarəsi bu işə necə baxır? Axı insanların heysiyyatı ilə oynayanları paytaxt küçələrindən təmizləmək üçün bu idarə müvafiq dövlət qurumlarına müraciət edə bilər…
Modern.az