Modern.az

Kamal Abdullanın “Yarımçıq əlyazma”sı

Kamal Abdullanın “Yarımçıq əlyazma”sı

14 İyun 2012, 15:10

Nobel mükafatına namizəd kimi təsdiqlənən yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanına oxucu tələbatını nəzərə alan “Mütərcim” nəşriyyatı əsəri təkrar olaraq - ikinci dəfə nəşr edib. Ancaq satışa yenicə çıxarılmasına baxmayaraq, elə ilk günlərdən kitab bazarında aparılan müşahidə “Yarımçıq əlyazma”nın növbəti – üçüncü nəşrini aktuallaşdırıb.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyevin Modern.az saytına verdiyi məlumata görə, ilk dəfə 2004-cü ildə dərc olunan “Yarımçıq əlyazma” romanı dərhal tənqidçilərin və ziyalıların diqqətini çəkib. “Son onilliyin əsəri” seçilən və bir çox mükafata layiq görülən roman həm də haqqında ən çox rəy və təhlil yazılan əsər kimi fərqləndirilib.

““Yarımçıq əlyazma” indiyə qədər dünyanın bir çox dillərinə tərcümə edilib, Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya və s. ölkələrdə çap olunub. Roman bir neçə ilkə də imza atıb: Haqqında dünyanın müxtəlif dillərində ümumilikdə 100-dən çox rəy və resenziya yazılıb; Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb; Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da “Yarımçıq əlyazmadır””…

Roman dünyanın müxtəlif ölkələrində məşhur tənqidçi və ədəbiyyat xadimləri tərəfindən yüksək qiymətləndirilib: Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar. Tərcüməçi Aleksandr Tkaçenko isə bildirib ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradı” deyə A.Əliyev qeyd edib.

O hazırda “Yarımçıq əlyazma”nın Yaponiya və Misirdə nəşr prosesində olduğunu bildirib.

Aytən ƏLİYEVA
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?