Beyrutda baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə növbəti qanunsuz köçünün həyata keçirilməsi Ermənistanın işğalçılıq siyasətinə son qoymaq niyyətinin olmadığını bir daha sübuta yetirir.
Bunu “Modern.az” saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. Azər Kərimli qeyd edib ki, ermənilərin Livandan, Suriyadan “qaçqın” adı altında Ermənistana, daha sonra isə işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi, əslində məsələnin görünən tərəfidir:
“Böyük ehtimal ki, bu qanunsuz köçlə Ermənistanın “Müdafiə haqqında” qanununa əlavə və dəyişikliklərin edilməsi və “Repartasiya haqqında” qanunun müzakirəyə çıxarılması arasında birbaşa əlaqə var. “Repartasiya haqqında” qanun layihəsinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərlə yanaşı, ermənilərlə identik olan xalqların təmsilçilərinin, o cümlədən Suriyada və digər ölkələrdə yaşayan xalqların nümayəndələrinin Ermənistana köçürülməsinə imkan yaradılacaq. “Ermənilərlə identiklik təşkil edın xalqların nümayəndələri” ifadəsi isə nisbi anlayışdır və hərbi cinayətkar qruplarda təmsil olunan, erməni millətindən olmayan şəxslərin, terrorçuların,muzdluların “Müdafiə haqqında” qanuna edilən əlavə və dəyişikliklərə əsasən yaradılacaq “könüllü hərbi dəstələlər”ə cəlb edilməsinə imkan verəcək. Yəni Ermənistan paralel olaraq, terrorçuların, muzdlu döyüşçülərin, yaxud elə “ətdən çəpər” çəkmək üşün istifadə olunacaq mülki şəxslərin işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi istiqamətində addımlar atır, həm də bunun üçün hüquqi baza hazırlayır”.
Azər Kərimlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin baş verənləri müşahidəçi kimi seyr etməsi, bu qurumun uğursuz missiyasına son verilməsini də zəruri edir:
“İşğal altında olan Azərbaycan ərazilərində Ermənistanın məskunlaşdırma aparması ilə bağlı ortalıqda konkret faktlar var. Ermənistan beynəlxalq konvensiyaları ayaqları altına atıb. İşğalçı ölkə mövcud status-kvonun qorunması, işğalın davam etməsi üçün bütün vasitələrdən istifadə edir. Amma bütün bunlara Minsk Qrupu həmsədrlərinin hər hansı bir reaksiyası nəzərə çarpmır. Bu izə öz növbəsində bu qurumun fəaliyyətsizliyinin məqsədyönlü xarakter daşıdığını, münaqişənin həllinin uzadılmasına xidmət etdiyini sübuta yetirir”.