Modern.az

DANIŞIQLAR PROSESİNİ DAYANDIRMAQ CƏHDİ

DANIŞIQLAR PROSESİNİ DAYANDIRMAQ CƏHDİ

Aktual

24 İyul 2020, 12:20

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bu ilin 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir.

 

Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri N.Paşinyanın açıqlaması ilə əlaqədar şərhində deyib.

 

L.Abdullayeva bildirib ki, bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir:

 

"Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz. Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir. N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir”.

 

L.Abdullayeva qeyd edib ki, Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər:

 

“Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.

 

Paşinyanın riyakarlığı...

 

Münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlğından başqa bir şey deyildir.

 

Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.

 

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür".

 

F.Şəfiyev: “Paşinyan öz fikirlərinə əks olan bəyanatlar səsənləndirir”

 

"Ermənistanın baş naziri Nikol Paşinyan yenidən beynəlxalq ictimaiyyəti özünün yeni tezisləri ilə çaşdırmağa çalışır. Bununla əlaqədar olaraq, onun danışıqların gələcəyi ilə bağlı irəli sürdüyü “tezislər”ə dair bir sıra məsələləri qeyd etmək çox vacibdir".

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan baş nazirinin münaqişənin həlli ilə bağlı irəli sürdüyü yeni tezisləri şərh edərkən deyib.

 

"Birincisi, sülh yolu ilə danışıqlar 26 ildir aparılır və bu danışıqlar ömürlük sürə bilməz. 2019-cu il və 2020-ci ilin 1-ci yarısında təmas xəttində sülh üçün vacib şərait yaradıldı. Lakin biz Ermənistan tərəfdən faktiki olaraq bunun əksini gördük. Bu müddətdə Ermənistan baş naziri Nikol Paşinyan iki dəfə danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlar səsləndirdi.

 

O, ilk olaraq bunu 2019-cu ilin martında  Minsk danışıqları formatını dəyişməyə cəhd etməklə, ikinci dəfə isə “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını səsləndirməklə etməyə çalışdı. Bununla bərabər N.Paşinyan öz fikirlərinə əks olan bəyanatlar səsənləndirir. Belə ki, o, özünün bu tezislərində bildirir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Eyni zamanda da deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə, onun fikirləri bir-birinə ziddiyyət təşkil edir", - sədr bildirib.

 

BMTM rəhbəri bidirib ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz: "Bu, Azərbaycan üçün qəbuledilməzdir. Münaqişə Ermənistanla Azərbaycan arasındadır və bizim torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. ATƏT tərəfindən 1992-ci ilin martında qəbul edilmiş fundamental sənəddə danışlarda iştirak edən tərəflər dəqiq şəkildə göstərilir. Həmin sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ nümayəndələri müvafiq irəliləyiş əldə olunarsa, danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin belə bir irəliləyiş yoxdur.  Əgər mart sənədində “Dağlıq Qarabağ nümayəndələri” ifadəsi qeyd edilirsə, həmin ilin sentyabrında Minsk konfransına sədrlik edən İtaliya nümayəndəsi tərəfindən Dağlıq Qarabağ dedikdə hər iki icmanın - erməni və Azərbaycan icmasının nəzərdə tutulduğuna dair aydınlıq gətirilir. Orada açıq qeyd edilir ki, erməni icması Azərbaycan icması üzərində heç bir üstünlüyə malik deyil".

 

“Azərbaycan öz məqsədini heç zaman gizlətmir”

 

Paşinyanın danışıqların davam etdirilməsinə dair səsləndirdiyi digər tesizlərə,  xüsusilə Azərbaycanın hərbi silahların alınmasını artırmaq istədiyinə dair fikirlər də bildirib:

 

"N.Paşinyanın danışıqların davam etdirilməsinə dair səsləndirdiyi digər tesizlərə,  xüsusilə Azərbaycanın hərbi silahların alınmasını artırmaq istədiyinə dair fikirlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan öz məqsədini heç zaman gizlətmir. Danışıqların məqsədi sülh yolu ilə həll deyil, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdir. Sülh yolu ilə nizamlama yekun məqsədə çatmaq üçün bir yoldur. Yekun məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.

 

Qeyd etmək lazımdır ki, N. Paşinyan tərəfindən irəli sürülən tezislər yeni deyil. Onlar 2019-cu il boyu səsləndirilib və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən rədd edilib. Onlarda yeni heç nə yoxdur. Təbii olaraq bu tezislər növbəti dəfə həm ATƏT-in Minsk qrupu həmsədləri, həm də Azərbaycan tərəfindən rədd ediləcək", - F.Şəfiyev əlavə edib.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı