Modern.az

İbtidai sinif müəllimləri həm də ingilis dilini tədris edəcəklər

İbtidai sinif müəllimləri həm də ingilis dilini tədris edəcəklər

20 İyun 2012, 11:36

Təhsil Nazirliyi ilə Dünya Bankının birgə layihəsi buna imkan yaradacaq


Hamımıza ibtidai sinifdə əsasən hansı fənlərin tədris olunduğu məlumdur. Amma Azərbaycanın bir sıra ali məktəblərinin məzunları ibtidai siniflərə dərs deyərkən əsas fənlərdən əlavə, xarici dil fənnini də tədris etmək imkanına malik olacaqlar.

Bu haqda Modern.az-a ADPU-nin pedaqoji fakültəsinin dekanı, professor  Fərrux Rüstəmov ətraflı məlumat verib:
“Bu, Təhsil Nazirliyi ilə Dünya Bankının birgə layihəsidir. Müəllim hazırlığı strategiya və konsepsiyasına uyğun olaraq həyata keçirilir. Pilot layihə üç ali məktəbdə – ADPU, GDU, Azərbaycan Müəllimlər İnstitutu ibtidai sinif  müəllimi ixtisasını əhatə edir. ADPU-da informasiya kommunikasiya texnologiyaları tədqiqi ilə, tələbə nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı yeni fənlər də bu layihəyə əlavə edilib”.

F.Rüstəmovun sözlərinə görə, aparılan araşdırma və sorğuların nəticəsi bunu deməyə əsas verib ki, təmaül məktəblərindən fərqli olaraq, ibtidai siniflərdə xarici dil fənləri istənilən səviyyədə tədris olunmur: “Bəzi müəllimlər fikirləşirlər ki, şagirdlər bu fənni yuxarı sinifdə keçəcəklər və onun mükəmməl səviyyədə tədrisinə o qədər də ehtiyac  yoxdur. İbtidai sinif müəllimləri generativ halların aradan qaldırılması üçün digər fənlər ilə birgə xarici dili də tədris etməlidirlər”.

Mütəxəssisin sözlərinə görə, ali pedaqoji məktəblərdə tədris planında digər fənlərlə yanaşı, xarici dilə də 360 saat yük ayrılır və 2008-ci ildən bu günə qədər bu proses gedir.

Fakültənin dekanı onu da əlavə etdi ki, tələbələr pedaqoji təcrübə keçiblər və yüksək səviyyədə biliklərə yiyələniblər,artıq onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə hazırdırlar: “Təbii ki, mən  bu fikirlə razı deyiləm ki, 100 nəfər bizim universiteti qurtarıbsa, 100 də tədris edə bilər, onların içərisindən seçmə müəllimlər var ki, onların yerinə yetirdiyi vəzifəni nailiyyət hesab etmək olar. Biz  qarşıya qoyduğumuz məqsədə çatmaq üçün müəllimləri həm də ingilis dili kurslarına göndəririk, onların yeni proqramda dərs keçmələri üçün sertifikat almalarına şərait yaradırıq. Bu səylərin hər biri ona görədir ki, müəllimlər bu fənnin metodikasını yaxşı öyrənib tələbələrimizə yüksək səviyyədə dərs keçsinlər. Axı indiyə kimi ibtidai sinif müəllimi hazırlayan ixtisasda bu fənn tədris olunmayıb”.

F.Rüstəmov qeyd etdi ki, digər fakültələrdə onu yalnız dil kimi tədris edirlər, ADPU-da isə dil ilə birgə həm də onun tədris metodikası keçirilir.

Təhsil Nazirliyi Ali təhsil şöbəsinin baş məsləhətçisi Kamil Məcidov ADPU-nin pedaqoji fakültəsinin dekanının dediyi fikirləri təsdiqlədi. O həm də bildirdi  ki, bu proses GDU, ADPU və Müəllimlər İnstitutunda  həyata keçirilir. Bu məzmunca yeni bir sənətdir və buna ibtidai sinif müəllimliyini hazırlayan çərçivə kurikulumu da deyirlər. Ali məktəbi bitirmiş tələbələr ibtidai sinif  müəllimi diplomu almaqla yanaşı, həm də ingilis dilini tədris edəcəklər, yəni ilk dəfə olaraq xarici dillə yanaşı, təhsilin əsasları olan bir fənn də tədris olunacaq. “Bu, Pedaqoji Universitetdə ibtidai sinif müəllimliyi ixtisasında yeni fəndir. Təhsilin əsasları  fənnini hazırlamaq üçün Müəllimlər İnstitutunda treninqlər keçirilir. Treninqlərdən keçmiş müəllimlər artıq peşəkar kimi dərs demək hüququna malik olurlar”.

Aygün Asifqızı

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza