Modern.az

Azərbaycanda alternativ enerji mənbələri - Proqnoz

Azərbaycanda alternativ enerji mənbələri - Proqnoz

25 İyun 2012, 11:52

Siyasət Məmmədov ixtisasca mühəndis,  elektroenergetikdir. Hazırda Azərbaycan Dövlət Aqrar Uni­versitetində “Alternativ enerji mənbə­lərin­dən istifadə” sahəvi elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir, texnika elmlər namizədidir.

Dünyanın ilk insanları yer kürəsi üzərində olan enerji tutumlu materiallardan istifadə edərək yaşamaları üçün ərzaq məhsulları hazırlayıb və silahlar düzəldiblər. Daha sonralar enerji növlərini çevirməklə bəzi ölkə rəhbərlər o dövrün mütəfəkkir alimlərinin fikirlərini öyrənərək ölkələrini texniki tərəqqi yoluna istiqamətləndiriliblər. Bu ölkələr digər ölkələri işğal edərək  öz dövlətlərini daha da qüdrətləndiriblər. İnkişaf etmiş ölkələrin keçdikləri tarixi mərhələləri təhlil etdikdə məlum olur ki, onlar da dövrün elmi nəticələrini yüksək ixtisaslı kadrlar vasitəsi ilə çevik istehsalat proseslərinə tətbiq ebidlər. O ölkələr bu gün güclü və daim yeniləşən texniki vasitələrə malik olduqlarına görə öz mənafelərini digər ölkələrə diqtə etməklə həm də dünyada söz sahibləridirlər. O dövlətlər hazırda öz mövqelərini saxlamaq üçün birinci məsələ kimi xalqlarının enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq beynəlxalq layihələr həyata keçirirlər.        

Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bu gün enerji təhlükəsizliyi dünya siyasətinin öncül məsələsinə, birinci məsələsinə çevrilmişdir. Bundan əvvəl tarixdə heç vaxt belə hallar olmamışdır ki, məhz enerji məsələləri dünyada gedən proseslərə təsir etsin və ölkənin enerji təhlükəsizliyini və bununla bərabər bütövlükdə təhlükəsizliyini, siyasətini müəyyən etsin.

Kainatda baş verən bütün fiziki, kimyəvi və bioloji proseslər, hadisələr və hal dəyişmələri enerji mübadiləsi və ya enerji növünün dəyişməsi nəticəsində baş verir. Günümüzə kimi təbiətdə mövcud olan enerji növlərinin digər enerji növünə çevrilməsi üçün aralıq texnologiya kimi onun elektrik enerjisinə çevrilməsi üsulundan səmərəli və effektli texnologiya ixtira edilməyib.

İnkişaf etmiş ölkələrin keçdikləri iqtisadi mərhələlərin təhlili həm də onu göstərir ki, inkişafın əsas meyarlardan birincisi o ölkədə adambaşına düşən elektrik enerjisi istehlakının həcmi və ondan səmərəli istifadədir. Respublikamızda elektrik enerjisindən geniş istifadə və ondan təhlükəsizliyin təmin edilməsinə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1970-ci illərdən başlanıb. O, illərdə çoxlu sayda mənzil, sosial-məişət və sənaye istiqamətli obyektlər tikilib istifadəyə verilirdi. Respublikanın elektrik enerjisinə ilbəil artan tələbatını ödəmək məqsədi ilə Mingəçevir şəhərində “Azərbaycan” İstilik Elektrik Stansiyasının tikilməsi, onun birinci blokunun 1981-ci ildə işə salınması və sonrakı illərdə bu stansiyanın 2400 MVt layihə gücünə çatdırılması Azərbaycanın elektrik enerjisindən o illərin tələbatı həcmində istifadəsinə şərait yaratdı və gələcəkdə bu sahədə hər hansı bir böhranın yaranmamasını təmin edib.

Azərbaycan Respublikasında İstilik Elektrik Stansiyalarında generasiya edilən elektrik enerjisi üçün ildə 6,5 milyon ton şərti yanacaq yandırılır. Yandırılmadan alınan karbon birləşmələri və onunla birlikdə hər kiloqram şərti yanacağın yandırılması üçün 10 kl.metr oksigeni sərf edilən hava qarışığı da karbon birləşmələri ilə birlikdə troposferin yuxarı qatına ötürülür. Elektrik enerjisi istehsalı üçün dünyada hər il 39 milyard ton təbii qaz və neft yandırılaraq atmosferə buraxılır. Təbiidir ki, Yer kürəsinin çəkisi ilbəil azalır, yerə düşən günəş şüasının spektri dəyişir.

Hazırda dünyada istehsal edilən elektrik enerjisinin 80 % dünya əhalisinin 20 %-ni təşkil edən inkişaf etmiş ölkələrin insanları tərəfindən istehlak edilir. Hətta biri-birindən kəskin fərqlənməyən məlumatlara görə neftə, təbii qaza və daş kömürə olan tələbat hər sonrakı illərdə artırılmasa belə Yer kürəsində qeyd edilən yanacaq növləri XXI əsrin ortalarında tam tükənəcək. Bu bəşəriyyətin qaçılmaz reallığıdır.

Gələcəkdə enerji böhranının yarana biləcəyini daha aydın görən Avropa ölkələri, ABŞ, Çin və Yaponiya yeni alternativ enerji mənbələrinin müəyyən edilməsi və həmin enerjilərdən elektrik enerjisinin alınması istiqamətində geniş tədqiqatlar aparırlar. Həm də alınmış elmi nəticələr əsasında çox sürətlə yeniləşən texniki vasitələri dünya bazarına çıxardırlar. Əlbəttə ki, həmin ölkələr çox gəlirli olan bu nailiyyətləri yüksək ixtisaslı kadrlarla həyata keçiriblər.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üvz seçilməsi və Təhlükəsizlik Şurasına sədrlik etməsi ilə ölkəmiz dünyanın inkişaf etmiş ölkələrinin yaxın onilliklərdəki enerji təhlükəsizliyi istiqamətində aparacaqları işlər barədə də çox dəyərli informasiyalar əldə edə biləcək. Bu informasiyalar da ölkəmizin enerji təhlükəsizliyinin XXI-ci əsrin ortalarında təmin edilməsi üçün yerinə yetirilməli layihələrin hədəfini müəyyən edəcək.

Nəzərə alınsa ki, hazırda Azərbaycanın ənənəvi elektrik enerji mənbələrinin qoşulduğu elektrik sistemi işlədiciləri elektrik enerjisi ilə yüksək dayanıqlığa malik, keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edir, onda müqayisədə nisbətən aşağı  texniki-iqtisadi göstəricilərə malik orta və kiçik-güclü su elektrik stansiyaların tikilib istifadəyə verilməsi və daim təkmilləşdirilməsi ölkənin gələcəkdə enerji təhlükəsizliyinə hazırlıq kimi qiymətləndirilə bilər. Belə stansiyaların yeni texnologiyaların tətbiqi əsasında inşası ətraf mühitə az zərər vurmaqla, meyvəçiliyin, balıqçılığın, turizmin inkişafına şərait yaratmaqla yeni iş yerlərinin açılması ilə mövcud elektrik sistemindəki itkiləri azaltmaqla bu stansiyaların ölkəmizin daxilində istehsalına imkan yaradar.

Respublikamızda Ulu öndər Heydər Əliyevin elektroenergetika sahəsindəki siyasətini ləyaqətlə davam etdirən cənab İlham Əliyevin təşəbbüsü ilə müasir dövrün yüksək faydalı iş əmsalına malik foto elektrik modullarının istehsalı günəş enerjisindən geniş istifadəyə imkan verəcək. Bununla da respublika əhalisinin alternativ enerjidən istifadəyə marağını artırmaqla onların bu sahədə maariflənməsinə gətirib çıxaracaqdır və həm də ölkənin ənənəvi elektrik enerji ixracını artıracaq.

Alternativ enerji mənbələrindən istifadənin kompleks şəkildə həllinə nail olunması üçün “Alternativ enerji mənbələri və ondan istifadə haqqında qanunun qəbul edilməsinə və bu sahədə mütəxəssis hazırlığının sayının artırılmasına və tətbiqi elmi-tədqiqatların genişləndirilməsinə zərururət var. Bu istiqamətdə aparılan hər bir iş ölkəmizin gələcəkdə texniki tərəqqisinin inkişaf etdirilməsinə və sənaye potensialının inkişaf etmiş ölkələrlə bir sırada dayanmasına hesablanmış məsələ kimi qəbul olunacaq.

Ölkəmiz alternativ enerji mənbələri ilə bol ölkədir. Bu varlıqdan səmərəli istifadə etmək üçün tədbiqi elmi-tədqiqatların aparılmasına nəinki münbit şərait yaradılır, hətta ona qərəzli maneçiliklər də törədilir. Bunlar bu günün reallığıdır. Lakin reallaşdırılması qeyri-mümkün hesab edilən beynəlxalq əhəmiyyətli layihələrin son 15 ildə sistemli şəkildə respublika rəhbərləri tərəfindən həyata keçirilməsi ümid verir ki, yaxın vaxtlarda bu sahədə tətbiqi elmi tədqiqatların aparılmasına diqqət artırılacaq.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı