Yaşlı nəslin nümayəndələrinə hörmət va ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Zəngin həyat təcrübəsi ilə gələcək nəsillərə örnək olan ahıllara diqqət və qaygı nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini möhkəmləndirmək kimi mühüm amala xidmət edir. Gənclərin yaşlılara münasibəti kimi mühüm problemin həllində nəsilləarası dialoqun əhəmiyyəti danılmazdır ki, bu da gənclərlə yaşlılar arasında qarşılıqlı hörmət və anlaşma olmadan qeyri-mümkündür.
Təəssüf ki, bəzən ahıllara cəmiyyətin faydasız və lazımsız təbəqəsi, "artıq yük" kimi baxılan münasibətlərlə üzləşirik. Aramızda bu gün ömrünün qocalıq dövrünü yaşayan insanların bir zamanlar var qüvvələrini cəmiyyətin inkişafina sərf etdiklərini, xalqımızın maddi və mənəvi sərvətlərinin artırılması üçün çalışdıqlarını unudanlar da var. Bəllidir ki, gənclərin onlara hörmat və ehtiram hissi ilə yanaşdıqlarını, hələ də gərəkli olduqlarını hiss edən ahıllar bu gün də bilik və bacarıqlarını gənc nəslə ötürə bilər, zəngin həyat təcrübələrini onunla bölüşə bilərlər. Amma həyat tərzinin köklü şəkildə dəyişildiyi bir dövrdə nəsillər arasında uçurum dərinləşir və nəticədə yaşlı nəslin cəmiyyətin hayatından müəyyən mənada təcrid olunması təhlükəsi ilə üzləşmiş oluruq.
Nəsillər arasında qarşılıqlı münasibətlər problemi bütün dövrlərdə aktual olmuşdur. Bir nəslin dünyagörüşü və mədəniyyəti digəri tərəfindən tam şəkildə qəbul edilmədiyindən bu problem daimi xarakter daşıyır. Problemin həlli isə ilk növbədə dövlətin yaşlı nəslə münasibətini əks etdirən sosial siyasətindən asılıdır.
Bu fikirlər “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədovanın “Ahıllara qayğı nəsillərarası dialoq müstəvisində” sərlöhvəli məqaləsində yer allıb.
R.Məmmədova məqaləsində Azərbaycanda ahıl insanların dövlətimizin hərtərəfli qaygısı ilə əhatə olunduğunu qeyd edərək, bu qayğının bu qayğı ildən-ilə artdəğənə vurğulayır. Bildirir ki, onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-maişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə hərtərəfli inteqrasiyası daim dövlətin diqqət mərkəzindədir: “Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl yaşlı insanlara, onların problemlərinə hər zaman böyük həssasllqla yanaşmışdır və bu cür münasibətin nəticəsi olaraq, 22 iyun 2001-ci ii iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkamizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunmuş, onlara sosial xidmətlə bağlı məsələlərin həlli üçün hüquqi-normativ baza yaradılıb.
Ümumiyyətlə, ahılların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ulu öndərin social siyasət kursunun mühüm tərkib hissəsi olub. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin başçısının daim diqqət mərkəzindədir. Pensiya və müavinatların məbləğinin mütamadi olaraq artırılması, ahılların sosial rufahının yaxşılaşdırılmasına hüquqi imkanlar yaradan qanunların qəbul edilməsi yaşlı nəslə göstərilən davamlı dövlət qayğısının ifadəsidir”. Qeyd olunur ki, ölkəmizdə ahıl insanların sağlamlığının qorunmasına, tibbi reabilitasiyasına xüsusi önəm verilir, onların müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyar xidmətlər göstərilir, yaşlılara sanatoriya və pansionatlara göndərişlər təqdim edilir. Ahıllar arasında müxtəlif növ yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Ahılların əl işlərinin satışının təşkil edilməsi isə onların məşğulluğunu təmin etməklə maddi təminatının yaxşılaşmasına xidmət göstərir. Ahıllar mütəmadi yad edilirlər, bayram tədbirlərinə dəvət olunurlar, onların yubiley yaşları qeyd olunur. Sosial xidmət göstərilən tənha ahılların respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin təşkili, onların teatr tamaşalarına, muzey və sərgilərə dəvət edilməsi dövlət qayğısının təzahürüdür.
Məlum olduğu kimi, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmiş və bu Proqram əsasında yaşlı insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilib. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verib. Nəticədə, ahıl vətəndaşların hüquqlarının artırılması, cəmiyyətin social-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi, sosial-mədəni tələblərinin ödənilməsi, onların sağlamlığının qorunması sahəsində ciddi tədbirlər həyata keçirilmiş, qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlığı təmin edilmiş, ahıl vətəndaşların sosial müdafiəsinin təminatının elmi əsasları möhkəmləndirilib.
Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi bu gün əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Onların dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində ciddi tədbirlər həyata keçirilir.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri vurğulayır ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara xüsusi diqqət və qayğısı insanlar arasında rəğbətlə qarşılanır: “Xeyirxahlığı ilə hər bir kəsə örnək olan hörmətli Birinci xanımın təşəbbüsü ilə Fondda ahıllarla, müharibə və əmək veteranları ilə mütəmadi görüşlər keçirilir, onlar üçün müxtəlif tədbirlər, bayram şənlikləri təşkil olunur, yaşlı insanların sağlamlığı diqqətdə saxlanılır, onlar Fondun dəstəyi ilə səhiyyə ocaqlarında müayinə edilirlər.
Bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin hər bir vətəndaşına olan diqqətin bariz göstəricisidir”.
Ruhiyyə Məmmədova diqqətə çatdırır ki, yaşlıların sosial poblemlərinin həllinə köməklik məqsədilə 2014-cü ildə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi (ATD İB) yaradılıb və qurum 2015-ci il mayın 6-da qeydiyyatdan keçib. Əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini təbliğ edən, yaşlı və tənha insanların problemləri ilə bağlı elmi araşdırmalara dəstək verən, müvafiq sahədə maarifləndirmə işi aparan İctimai Birlik fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir sıra layihələr həyata keçirmiş, yaşlıların sosial problemlərinin həllində yardımçı olub. Bir çox dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edən, müvafiq beynəlxalq qurumlarla əlaqələr quran Birliyin rəhbərliyi və üzvləri mütəmadi olaraq ahıl və tənha insanlarla görüşür, onların iştirakı ilə xeyriyyə tədbirləri və müzakirələr, seminarlar və dəyirmi masalar, sərgilər və ekskursiyalar təşkil edirlər. Bu sırada ömründə bir dəfə də olsun belə doğum gününü qeyd etmək imkanı olmamış tənha insanların ad günlərinin təşkili, Bilgəhdəki müharibə və əmək veteranları üçün pansionat sakinləri arasında stolüstü oyunlar və kulinariya üzrə yarışların keçirilməsi, heç vaxt yaşadığı məkandan kənara çıxmayan yaşlı və tənha insanların Quba rayonuna səfərinin və mədəni-tarixi yerlərdə üçgünlük gəzintisinin təşkil xüsusilə yaddaqalan tədbirlər olmuşdur. Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü olan Ramazan və Qurban bayramları ilə bağlı təşkil olunan xeyriyyə tədbirləri xoş ənənəyə çevrilmişdir. Bu il İctimai Birlik sərt karantin rejimi çərçivəsində kütləvi tədbirlərin qadağan edildiyi bir şəraitdə öz ənənəsinə sadiq qalaraq, müqəddəs Qurban bayramı günlərində ehtiyacı olan ailələri və ahılları xeyriyyəçilik addımı ilə sevindirmiş, təşkilatın rəhbərrliyi və üzvləri aztəminatlı ailələrə baş çəkmiş, qurbanlıq sovqatları 60-dan çox ünvana çatdırıb.
Məqalədə qeyd olunur ki, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən Beynəlxalq Ahıllar Günü ərəfəsində üç layihə həyata keçirilib. İlk layihə çərçivəsində maddi ehtiyacı olan ahıl yaşlı və tənha insanlara ərzaq məhsulları ilə yardım göstərilməsi məqsədilə xeyriyyə tədbiri keçirilmiş, paytaxt və ətraf ərazilərdə yaşayan çoxsaylı vətəndaşlar “Rahat” marketlər şəbəkəsində 50 AZN məbləğində alış-veriş imkanı yaradan bazarlıq kuponları ilə təmin ediliblər: “İkinci layihəmiz “Qabarli əllərin möcüzələri” adlı xeyriyyə tədbirinin - yaradıcı yaşlı insanların rəsm və əl işlərindən ibarət onlayn sərgi-satış yarmarkasının keçirilməsi ilə bağlı olmuşdur. Sosial şəbəkə istifadəçiləri həyat eşqini qabarlı əlləri ilə ərsəyə gətirdikləri möcüzələrdə bacarıqla və həvəslə ifadə edən ağbirçəklərimizin yaradıcılığı ilə tanış olublar.
Uzun və mənalı ömür yolu keçmiş, yiyələndiyi ixtisas və sahib olduğu peşə üzrə əmək cəbhəsində fədakarlıqla çalışmış, zəngin həyat təcrübəsi toplamış, nümunəvi fəaliyyəti və şəxsi keyfiyyətləri ilə nüfuz qazanmış və bu gün cəmiyyətdə kifayət qədər tanınan yaşlı insanlar çoxdur. Xalqımız onlarla fəxr edir, onların zəngin həyat və fəaliyyətindən qürur hissi duyur, təcrübələrindən bəhrələnir. Lakin bu cür keyfiyyətlərə malik, amma geniş ictimaiyyətə məlum olmayan ahıllarımız daha çoxdur.
QHT sədri növbəyi layihənin bu cür insanları cəmiyyətə tanıtmaq məqsədilə gerçəkləşib: “Biz geniş oxucu kütləsinə hər birində 7 məqalə olmaqla kitablar dəsti təqdim etmək və bununla uzun ömür yolu keçmiş, möhkəm ailə qurmuş, layiqli övladlar yetişdirmiş, zəhmətlə çalışmış və ətrafdakıların hörmətini qazanmış, ən başlıcası isə, öz həyat mövqeyi ilə gənc nəslə örnək ola biləcək yaşlı insanları ictimaiyyətə tanıtmaq niyyətindəyik. Layihə üzrə nəşrlərin “Qarşınızda baş əyirik” adlı ilk buraxılışına ölkənin müxtəlif bölgələrində yaşayan ağsaqqallar və ağbirçəklər haqqında oçerklər daxil edilib.
Bu layihəyə imza atmaqla həm ahıllarımıza sevgi və ehtiramımızı ifadə etmiş, həm də gənclərə yaşlı insanların tövsiyələrindən bəhrələnmək imkanı yaratmış oluruq. Ümid edirik ki, ata və analarımız, baba və nənələrimizlə bu cür ünsiyyət cəmiyyətimizin əsas sütunlarından biri olan ailənin möhkəmlənməsi, ailədə sağlam münasibətlərin qorunub saxlanması, yetişməkdə olan gənc nəslin yaşlılara diqqət və qayğı ruhunda tərbiyə olunması işinə kiçik töhfəmiz kimi qarşılanacaq və layihənin davamlı olmasını təmin edəcək”.
Məqalədə ahılların özünəməxsus xüsusiyyətlərə, ehtiyaclara, maraq və dəyərlərə malik olan yaş qrupuna aid insanlar olduğu bildirilir: “Nəsillərarası dialoqun düzgün formalaşması üçün onların bu göstəricilərini tədqiq etmək olduqca vacibdir. Bu məqəsdlə birliyimiz peşəkar mütəxəssislər cəlb olunmaqla gənclərin ahıllara münasibətini öyrənib təhlil etmək, onların yaşlılara nə cür dayaq olduqlarını müəyyənləşdirmək, yaşlı nəslə neqativ münasibət doğuran səbəbləri aşkarlamaq və düzgün münasibətin yollarını araşdırmaq məqsədilə sosioloji sorğu keçirmək niyyətindədir. Yaşlı insanların sosial problemləri, onların müasir cəmiyyətdə yeri və rolu, digər yaş qrupları ilə qarşılıqlı münasibətləri və s. ilə bağlı məsələlərlə xüsusi elm sahəsi - sosial herontologiya məşğuldur. Tədqiqatımıza bu sahədə çalışan təcrübəli mütəxəssisləri cəlb etmək istəyirik və müvafiq qurumlarla bu istiqamətdə əməkdaşlığa hazırıq. Düşünürəm ki, bu cür tədqiqat işlərinin aparılması olduqca aktualdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində də belə bir stereotip mövcuddur: ahıl – xəstə, zəif, gücsüz, özünü dolandırmaq iqtidarında olmayan, faydalı əməklə məşğul ola bilməyən və daim köməyə və himayəyə ehtiyacı olan, konservativ düşüncəli, yaddaşı zəifləmiş və sosial funksiyasını itirmiş tənha insandır. Milli-mənəvi dəyərlərimizə yad olan bu stereotipdən qurtulmaq, sağlam münasibətləri təmin edə biləcək nəsillərarası dialoq formalaşdırmaq üçün xüsusi araşdırmaların aparılması vacibdir”.
ATD İB ahılların imkanlı hüquqi və fiziki şəxslər tərəfindən himayəyə götürülməsi təcrübəsi üzərində işləyir. QHT sədri onlar üçün hüquqi məsləhət xidmətinin inkişafına geniş dəstək verilməsi, tələbə və məktəblilər tərəfindən ahıl vətəndaşlara evlərində, ictimai yerlərdə xidmət göstərilməsi işini təkmilləşdirməyə çalışır. İB həm də ahıl vətəndaşların problemlərinin öyrənilməsinə dair mütəmadi sorğular keçirməyi, onların ailədə uşaqlar və yeniyetmələr arasında ahıllara qayğının valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə yaşayış üçün hər bir şəraiti olan xüsusi sığınacaq təşkil etməyi planlaşdırır. Birlik həmçinin üzvlərinin sayını artırmaq və gənclərdən ibarət könüllülər qrupu yaratmaq fikrindədir.
“Ağsaqqallar və ağbirçəklər qədim zamanlardan hörmətli və müdrik adamlar hesab olunurlar. Amma uşaq kimi kövrək, yumşaq qəlbli olan ahılların qayğıya və xoş rəftara ehtiyacı var. Bu insanların qəlbini oxşamaq onlar üçün böyük təsəllidir. Gəncliyini geri qaytara bilməyəcək bu insanlara ahıl yaşlarında dəstək olmaq hər birimizin, xüsusilə də gənclərin mənəvi borcudur. Bu borcu yerinə yetirməklə hər birimiz nəsillərarası dioloqu zənginləşdirmiş oluruq”- deyə, Ruhiyyə Məmmədova məqaləsinin sonunda qeyd edir.
Səadət Hakiyeva