Modern.az

Siz nə arsız, nə həyasız adamlarsınız...

Siz nə arsız, nə həyasız adamlarsınız...

2 Oktyabr 2020, 12:16

Səngərdə sıxışan erməni əsgərlərinin videosunu izlədim. Biri eynən belə deyirdi: “Bizim hamımızı bir-bir ovlayacaqlar”.

Azərbaycan Ordusu düşmənə dəqiq aviasiya zərbələri endirdiyi üçün onlar bir-bir deyil, on-on ovlanır. Amma murdar leşləri heç nəyə yaramır...

Ermənilər küncə sıxışdırılıb. Bu dəfə bəla göydən gəlir. Şanlı Ordumuz düşmənin başına od ələyir. Torpaq onların ayağının altından qaçır. Biz onlara özgə torpağında at oynatmağın bədəlinin ağır olacağını demişdik. Amma özlərini erməniliyə, yəni qanmazlığa qoymuşdular. Dünənki qanmazlar bu gün qan qusurlar. Qarabağın taleyini qara gətirə bilmədilər. Amma Qarabağ onların gününü qara gətirdi.

Telefonla danışmaqdan Paşinyanın qulağı sac boyda enlənib. Bir gün Putinə, bir gün Makrona, bir gün Merkelə yalvarır. Minnətçi düşmədiyi dövlət, dövlət başçısı qalmayıb. Sanki dünənə kimi Cıdır Düzündə “Yallı” gedən adam deyil. Şans versələr, Putinin kabinetinə əyilə-əyilə girər. Erməni mətbuatının yazdığına görə, indi boğazından nəinki şərab, heç adi su da keçmir. Azərbaycan Ordusu Şuşada içdiyi çaxırı onun burnundan gətirir.

Biz azərbaycanlılar fil kimi səbrliyik. 30 ildi səbr edirik. Gənc övladlarımızın şəhid olmaması, analarımızın gözüyaşlı qalmaması üçün illərdi dözürük. Amma ermənilər bunu qanmadı. Qanmazı başa salmağın bir yolu var. İndi Azərbaycan Ordusu həmin yolla gedir.

Erməni təcavüzü nəticəsində bir milyon insan el-obasından didərgin düşüb. Yurd həsrətinə, torpaq niskilinə dözmədiyi üçün bu 30 ildə minlərlə adam vaxtsız dünyadan köçüb. Bizim kimi fiziki mövcudluğunu davam etdirənlər isə mənən gündə yüz dəfə ölüb-dirilib. Ölmək növbəsi indi ermənilərindir. Allahsız olduqları üçün törətdikləri cinayətlərə görə bizə haqq-hesab verirlər...

Barak Obama ABŞ prezidenti olanda mətbuat vasitəsilə ona müraciət etmişdim.

Aradan 6 il keçsə də, həmin məqalənin başlığı dəqiq yadımadır: “Obama atasının məzarını ziyarət etmir?”

Mən müxtəlif vaxtlarda Putinə, Makrona, hətta Mitterana da müraciət etmişəm. Biz qarabağlıların BMT-yə, ATƏT-ə ünvaladığı məktubların sayı-hesabı yoxdur. 30 ildi “Qarabağ” deyib hayqırırdıq. Amma dünya özünü karlığa, korluğa, lallığa qoyurdu. Heç kim səsimizi eşitmək istəmirdi. Heç kim təcavüzkar Ermənistana “Azərbaycan torpaqlarından çıx” demirdi. İndi hamı “sülh göyərçini” olub. Balaca Zəhra nənəsiylə birlikdə qətlə yetiriləndə niyə səsinizi çıxarmırdınız? Zəhra öləndə susub, Suren gəbərəndə danışmaq hansı kişiliyə, hansı əxlaqa sığar? Budurmu sizin ədalətiniz?

Siz nə arsız, nə həyasız adamlarsınız...

Seymur VERDİZADƏ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular