Modern.az

İlanlar zəlzələni bir ay əvvəldən hiss edir

İlanlar zəlzələni bir ay əvvəldən hiss edir

2 İyul 2012, 11:04

Mütəxəssis: “Cəbhə bölgəsinə yaxın ərazilərdə ilanlar ona görə çoxdur ki, onları incidən yoxdur”

Yay fəslinin gəlişi bütün canlıları cana gətirdiyi kimi, ilanların da aktivləşməsinə səbəb olur. Heç kimə sirr deyil ki, havalar istiləşdikcə ölkənin müxtəlif yerlərində, xüsusən də çox isti keçən bölgələrdə ilanları yaşayış məskənlərində tez-tez peyda olur və ilanvurma xəbərləri tez-tez eşidilir. Maraqlıdır, ilanların yaşayış məntəqələrinə  belə çox daxil olması nədən irəli gəlir?

Bakı Dövlət Universitetinin, biologiya elmləri namizədi Əbülfəz Tağıyev mövzu ilə bağlı Modern.az-a bildirib ki, dünyada mövcud olan 3000 ilan növündən yalnız 410-u zəhərlidir.  Bunlardan 230-u insan həyatı üçün təhlükəlidir. Azərbaycanda isə təxminən 30 növə yaxın ilan var ki, bunların da 5-i zəhərlidir. “Bununla yanaşı, bizə sərhəd ölkələrindən keçən ilanlar da var.  İlanlar insanların yaşayış yerlərinə müdaxilə etmir, əksinə, insanlar ilanların yaşayış yerlərinə müdaxilə edir. Bütövlükdə Bakı və Abşeron yarımadası ilanların vətəni olan bir ərazidir. İnsan gəlib burada məskən salıb, gün-gündən onların ərazilərini azaldıb, əslində onlar öz ərazilərində yaşayırlar. Gün-gündən onların yaşayış yerləri azalır. Onların yaşaması üçün quru iqlim lazımdır”.

Ə. Tağıyev cəbhə bölgəsinə yaxın ərazilərdə ilanların çox olmasını onunla izah edib ki,  həmin ərazilərdə onları incidən yoxdur, orada daha rahat yaşayırlar. “Yaşayış məntəqəsinə hücum  edən ilanların heç bir həyati təhlükəsi yoxdur. Onların böyük əksəriyyəti təlxələrdir. Həmin ilanlar insanı dişləsə də, bu, təhlükə yaratmır”. Mütəxəssis  bildirib ki, ilanlarda qarın əzələləri güclü inkişaf etdiyindən onlar qabaqcadan baş verə biləcək təbii fəlakətləri daha yaxşı hiss edirlər. “Ümumiyyətlə, canlılarda əvvəlcədən təbii fəlakəti hiss etmə çox güclüdür. Sürünənlərdə, o cümlədən ilanlarda da güclü hissiyyat var. İlanın qarın nahiyəsi çox güclü inkişaf edib. Qarın  nahiyəsində uzuna və eninə olan əzələlərin kifayət qədər yaxşı inkişaf etməsi ilana imkan verir ki, o, rahatlıqla hərəkət edə bilsin. Bu qarın əzələləri sayəsində onlar yeraltı təkanları hiss edə bilir. Seysmoloqların aparatlarla müəyyən etdiyi zəlzələni onlar bir ay əvvəldən hiss edə bilirlər”.

İlanvurma hallarının çoxalmasına gəlincə, o, bildirib ki, əvvəllər ilan vurması halları nəticəsində daha çox ölümlər olub. İndi ilanvurma halları çox deyil, sadəcə mətbuatda çox işıqlandırılır.  “İlanlardan qorunmaq üçün onunla 2 metrdən yaxın məsafə buraxmaq lazım deyil. Düzdür, temperaturun artması ilə bağlı ilanlar çoxalıb. Amma ilanların nə üçün son zamanlar üzə çıxmasına konkret səbəblər demək olmaz”.

Ə. Tağıyev onu da əlavə edib ki, əvvəllər ilanların bəslənməsi üçün Zirədəki müəssisənin qapadılmasının səbəbini anlamaq olar. “İlanları tutub saxlamaq, zəhər almaq, onu dünya bazarına çıxarmaq kifayət qədər  zəhmət və vəsait tələb edir. Bİr müddət əvvəl Zoologiya İnstitutunun nəzdində də belə bir yerin yaradılması söhbəti gedirdi” – deyə Ə.Tağıyev bildirib.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI