Modern.az

Kamran Bayramov: “Ermənistan öz işğalçı siyasətinin əsirinə çevrilib”

Kamran Bayramov: “Ermənistan öz işğalçı siyasətinin əsirinə çevrilib”

Aktual

11 Oktyabr 2020, 14:56
Artıq 30 ilə yaxındır ki, ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar heç bir real nəticə vermədi və Minsk qrupunun həmsədrləri bu illər ərzində öz fəaliyyətsizliyi və qətiyyətsizliyi ilə Ermənistanın maraqlarına xidmət edən status-kvonun hökm sürməsinə şərait yaratdı.
 
 
Həmsədrlər status-kvonun qəbuledilməz olduğunu bəyan etsə də, işğalçı Ermənistan ilə torpaqlarının işğalına məruz qalan Azərbaycan arasında heç bir fərq qoymadılar, öz fəaliyyətsizliyi ilə cəbhədəki vəziyyəti daha da gərginləşdirdilər. Əksinə, işğalçı Ermənistanın ötən illərdə hücum və təxribat cəhdlərinə şərait yaratdılar. Bu hücum və təxribatlara Silahlı Qüvvələrimiz layiqli cavab versə də, düşmən ölkə bu il əvvəlcə Tovuz ərazisindəki dövlət sərhəddində hücuma cəhd etdi. Tovuzda məqsədinə çatmayan düşmənin növbəti hücumunun Qarabağ cəbhəsinə istiqamətləndirməsi, mülki əhalimizə qarşı yönəldilməsi xalqımızın və Ordumuzun səbrinin bitməsi ilə nəticələndi və əks hücum əməliyyatları başlandı.
 
 
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 10 gün müddətində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunun böyük bir hissəsini məhv etdi, Ermənistan rəhbərliyinin yalandan yaratdığı “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi, illər boyu işğal altında olan torpaqlarımızın əhəmiyyətli və strateji hissəsi azad edildi. İşğalçı dövlətin 190-dan artıq tankı, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvəsi məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. 
 
 
Hərbi əməliyyatlar nəticəsində illərlə hökm sürən status-kvo, nəhayət ki, dəyişdi, bu da həm Ermənistana, həm də ATƏT-in Minsk qrupuna dərs oldu. İndi isə Ermənistan hərbi, siyasi və diplomatik sahədə uğursuzluqlarla qarşı qarşıya qalıb. Ermənistanın baş naziri Paşinyan Azərbaycanı atəşi dayandırmağa və danışıqlara qayıtmağı təklif edir. Bu isə o deməkdir ki, Ermənistan məğlubiyyətlə razılaşıb və öz işğalçı siyasətinin əsirinə çevrilib.
 
Kamran Bayramov
Milli Məclisin deputatı 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu