"Rusiya bir tərəfdən vasitəçi olmaq istəyir, Xarici İşlər nazirləri Moskvada görüşdü. İkinci tərəfdən Rusiyadan hərbi yüklər Ermənistana daşınmağa davam edir, adını “humanitar yüklər” qoyublar".
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Azərbaycanın dövlət rəsmiləri də Rusiyadan Ermənistana daşınan yüklərin əslində silah olduğunu gizlətmir.
"Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd etdi ki, bu cür “humanitar yüklər” hələ də daşınmaq davam edir”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin dediyi kimi, Rusiya prezidenti Putin faktiki olaraq Ermənistanın baş naziri Paşinyanı xilas etdi:
“İstəmirlər ki, Ermənistan Azərbaycan qarşısında zəif olsun, amma proseslər göstərir ki, Azərbaycan ordusu işğalçı qoşuna öldürücü zərbələr endirir. Atəşkəs deyilən məhfum artıq işləmir. Bizim maraqlara da ziddir".
E.Şahinoğlunun fikrincə, uzun müddətli atəşkəs olarsa, ermənilər istehkamlarını möhkəmləndirəcəklər:
“Buna imkan vermək olmaz. Nə qədər silah alırlarsa alsınlar, Azərbaycan ordusu öz sözünü deyəcək. Dünyadakı azərbaycanlı oliqarxlar da fəal olmalı, Azərbaycana yardımlar etməlidirlər".
Mehri QURBAN