Modern.az

Virus ordu sıralarına qədər yayıla bilər! - TƏBİB rəsmisindən XƏBƏRDARLIQ

Virus ordu sıralarına qədər yayıla bilər! - TƏBİB rəsmisindən XƏBƏRDARLIQ

15 Oktyabr 2020, 15:45

“Son günlər günlük yoluxma  mənfi tendensiya üzrə inkişaf edir”. 


Bunu Modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib.


V.Əliyev qeyd edib ki, bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayı artır:

 

“Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik”.

 

Yoluxma sayını artma səbəbinə gəlincə, TƏBİB rəsmisi deyib ki, bunun bir neçə səbəbi var:

 

“Biz həmişə yumşaldılmalardan sonra yoluxma sayının artma riskinin olduğunu deyirdik. İnsanlara deyirdik ki, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməliyik. Bəzən insanlar bunu səhv başa düşürlər.  Karantin rejimində yumşaldılma olduğu halda demək risk yoxdur deyə düşünürlər.  Amma tam tərsinə, yumşaldılma olması bizi daha da diqqətli etməlidir. Virusun yayılmasının qarşısının alınması üçün bu, zəruridir. Amma məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Sadəcə bunlar deyil, son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.

 
V.Əliyevin sözlərinə görə, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: 


“Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit,  mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər.


Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da  geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”. 


Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza