Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, əhalinin sıx məskunlaşdığı Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub.
Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti müharibə cinayəti nəticəsində içərisində uşaq, qadın və ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Qeyd edim ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 ilə yaxındır ki, işğal altında saxlayan Ermənistan Respublikasının silahlı qüvvələri mütəmadi olaraq, Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarını, qəsəbə və kəndlərini raket və ağır artilleriya atəşinə məruz qoyur, mülki vətəndaşları qətlə yetirir, yaşayış evlərini, infrastrukturu, məktəb və uşaq baxçalarını, tarixi mədəniyyət abidələrini dağıdır.
Sentyabrın 26-dan 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusunun başladığı sülhə məcburetmə əməliyyatından sonra Ermənistan Respublikasının ərazisindən Azərbaycan Respublikasının döyüş bölgəsindən 100 kilometrdən uzaq məsafədə yerləşən ərazilərinə ballistik raketlərdən istifadə olunmaqla zərbələr endirilib, nəticədə 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb. Ermənistan silahlı qüvvələri bununla kifayətlənməyərək, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Azərbaycan və region dövlətləri üçün mühüm strateji əhəmiyyət daşıyan Mingəçevir Su Elektrik Stansiyasını raket atəşinə məruz qoyub. Yalnız Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin sayıqlığı nəticəsində sözügedən strateji obyektlərə endirilən ballistik raketləri zərərsizləşdirmək mümkün olub və daha böyük, o cümlədən ekoloji faciələrin qarşısı alınıb.
Xatırıadım ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin fasiləsiz olaraq davam edən hərbi təxribatlarının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması üçün əks-hücuma keçmək məcburiyyətində qalıb. Ermənistan isə artıq 27 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib və bu müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarının pozulması, hərbi qarşıdurmanın davam etməsi, münaqişənin alovlanması üçün saysız-hesabsız hərbi təxribatlar törədib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan tərəfindən işğal etdilmiş ərazilərinin dərhal və tam şəkildə azad edilməsini, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin heç bir müddəası bu günədək işğalçı ölkə tərəfindən yerinə yetirilməyib. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz evlərindən didərgin düşən 1 mln dan çox Azərbaycan vətəndaşı, artıq 30 ilə yaxındır ki, məcbur köçkün həyatı yaşayır və öz doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.
Bu müddət ərzində işğalçı Ermənistana qarşı heç bir siyasi, iqtisadi və diplomatik sanksiyalar tətbiq edilməyib, işğalın davam etməsinə, işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılma aparılmasına, bu ərazilərin terror qruplaşmalarının təlim mərkəzinə, narkotik maddələrinin narkotik məhsulların yetişdirilməsi və qaçaqmalçılığı yuvasına çevrilməsinə göz yumulub.
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əks-hücum və anti-terror əməliyyatlarının həyata keçirildiyi ərazilər Azərbaycanın öz qanuni əraziləridir. Azərbaycanın keçmiş, işğal nəticəsində statusu ləğv edilmiş Dağlıq Qarabağ bölgəsində vaxtilə çoxsaylı Azərbaycan icması yaşayıb, Dağlıq Qarabağa bitişik və Ermənistanın işğalı altında olan digər 7 rayonda isə yalnız azərbaycanlılar yaşayıblar və onlar uzun illərdir ki, işğala son qoyulacağı günü gözləyirlər.
Azərbaycan 30 ilə yaxın bir zaman kəsiyində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin nəticə verəcəyinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra ediləcəyinə ümid bəsləyib. Amma bu ümidlər artıq tükənib. Çünki beynəlxalq hüququn bütün prinsiplərini, hətta müharibə dövrünün qızıl qaydalarını, Beynəlxalq Humanitar Hüququ, Cenevrə və Haaqa konvensiyalarının tələblərini ayaqlar altına atan işğalçı Ermənistana heç bir təzyiq göstərilməyib. Beynəlxalq hüququn BMT TŞ-nın qətnamələrinin icrasına görə məsuliyyət daşıyan dövlətlər, güc mərkəzləri işğalçı ilə işğala məruz qalanı bərabər tutublar, işğalçını silahlandırıb, ona hərtərəfli dəstək veriblər. Bir milyona yaxın azərbaycanlının faciəsinə seyrçi qalıblar.
Biz azərbaycanlıların kimsənin torpaqında gözü yoxdur, biz yalnız öz torpaqlarımızın işğaldan azad edilməsini istəyirik. İşğalçı isə hər addımında müharibə cinayətləri törədən, azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirən, hüquq və qanun tanımayan, terrora dövlət səviyyəsində dəstək verən təcavüzkar Ermənistandır.
Siz Gəncədə Ermənistan ərazisindən endirilən ballistik raket zərbəsindən sonra dağıntılar altından çıxarılan körpələrin məsum simasına diqqət yetirin və onları 1992-ci il fevralın 26-da təcavüzkar Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın Xocalı rayonunda həyata keçirdiyi soyqırım cinayətinin qurbanları ilə müqayisə edin... Onlar necə də bir-birilərinə bənzəyirlər. Bu isə o deməkdir ki, Xocalı soyqırımını törədən qanlı əllər yenə də iş başındadırlar və hərbi cinayətlərinə görə cəzasız qalan işğalçı Ermənistan sivil dünyanın bir parçasına çevrilməyib.
Bu gün Ermənistan ordusunun qana bələdiyi körpələr heç bir halda ədalət hissini itirməyən, dünya mədəniyyətinin müqəddəs məkanlarından biri olan İtaliyanın sülsevər insanlarını bəşəriyyətin gözü qarşısında baş verən insan faciələrinə biganə qalmamağa çağırırlar.
Azər Kərimli Milli Məclisin deputatı