Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev 21500 nəfər üzvün adından beynəlxalq və regional təşkilatlara müraciət göndərib:
Modern.az xəbər verir ki, müraciətdə deyilir:
"Müharibəni insanlığa qarşı cinayət kimi qiymətləndirən, mülki əhalinin, körpələrin və ahılların öldürülməsini yolverilməz sayan sülhsevər dünya ictimayyətinin, dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə!
Azərbaycanın bir milyondan artıq vətəndaşını öz ata-baba yurdlarından qovaraq ərazisinin iyirmi faizini işğal edən Ermənistan öz təcavüzkar siyasəti ilə 30 ildən artıq müddətdə bölgəmizdə sabitlik və təhlükəsizliyi ciddi təhdid edib.
Bütün dünyada sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmaları tələb olunmasına baxmayaraq Ermənistan indiyə qədər bu tələblərə əməl etmir. Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığının qeyd olunduğu həmin qətnamələrdə münaqişə tərəfi olmayan mülki şəxslərin qorunmasının vacibliyi və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Lakin beynəlxalq hüquq normalarını saymayan Ermənistan bütün bu illər ərzində ciddi surətdə silahlanaraq öz militarist siyasətini davam etdirmiş, Azərbaycanın yeni ərazilərini işğal etməyə cəhdlər göstərib.
Belə ki, 2016-cı ilin aprel ayında Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi əməliyyatlara başlamış, mülki əhalinin yaşadığı qəsəbə və kəndləri ağır silahlardan atəşə məruz qoymuş, yalnız Azərbaycan ordusunun adekvat cavab tədbirlətindən sonra təxribata son qoyub.
Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun 12-də ölkəmizə qarşı yeni təxribat törədərək münaqişə zonası olan Dağlıq Qarabağdan yüzlərlə kilometr kənarda yerləşən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlamış, yenə də Azərbaycan ordusunun layiqli cavablarından sonra geri çəkilməyə məcbur olmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda yenidən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Düşmən ordusu hərbi mövqelərimizdən daha çox ölkəmizin böyük şəhərlərinin əhalisi sıx olan yaşayış məntəqələrinə, mülki və sənaye obyektlərinə ağır silahlardan və artilleriya qurğularından atəş açmağa üstünlük vermişdir. Erməni təxribatçılarının döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə, Abşeron və Xızı, eləcə də Ağcabədi, Bərdə, Beylaqan, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax rayonlarına raket zərbələri endirməsinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatlarına başlamış, qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirərək Cəbrayıl və Füzuli şəhərlərini, 40-dan artıq yaşayış məntəqələrini, bir çox strateji yüksəklikləri işğaldan azad etmiş, Ermənistanın xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib.
Oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs barədə razılıq əldə olunsa da, atəşkəs rejiminin qüvvəyə minməsindən az sonra- oktyabrın 11-i gecə saat iki radələrində Ermənistan silahlı qüvvələri öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə “Elbrus” ballistik raketlərilə (SCUD) zərbələr endirmişdir. Bu cinayətkar təxribat nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16 qadın və 6 azyaşlı uşaq daxil olmaqla 34 nəfər yaralanmış, 3 bina tamamilə dağıdılmış, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı mülki obyektlərə ziyan dəymişdir. Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatik korpus nümayəndələri və xarici media işçiləri əraziyə baş çəkərək erməni vəhşiliyinin əyani şahidi olublar.
Erməni silahlı qüvvələri oktyabrın 15-də səhər saatlarında işğal altında olan Qubadlı rayonu ərazidindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutub.
Kəskin beynəlxalq təpkiləri vecinə almayan Ermənistan öz faşist xislətinə sadiq qalaraq hərbi cinayətlər törətməyə davam etmiş, oktyabrın 17-si gecə saat bir radələrində 500 minə yaxın əhalisi olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə raket zərbələri endirmişdir. İnsanların şirin yuxuda olduqları vaxt edilən bu dəhşətli raket hücumu nəticəsində 14 şəxs, o cümlədən 4 azyaşlı uşaq həyatını itirmiş, 52 nəfər ağır yaralanmışdır. Bu hərbi cinayət nəticəsində ölü və yaralı sayının daha da artacağı ehtimalı çox yüksəkdir. Eyni zamanda çoxsaylı yaşayış binaları tamamilə dağılmış, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir".
Biz ağsaqqallar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə pisləyərək bəyan edirik:
"Azərbaycan hazırda öz tarixi torpaqlarını işğaldan azad etmək üçün vətən müharibəsi aparır. Azərbaycan xalqı münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ölkə rəhbərliyinin göstərdiyi səyləri yüksək qiymətləndirərək bu səylərin müsbət nəticə verəcəyini 30 il müddətində səbrlə gözləmişdir. Lakin son vaxtlar Ermənistanın ardıcıl törətdiyi təxribatlar hər kəsin səbr kasasını daşırmışdır. Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızın uzun illər boyu gözlədiyi əks-hücum əməliyyatlarına başlamaq barədə qətiyyətli qərarını ürəkdən dəstəkləyirik. Biz rəşadətli ordumuzun uğurlarından qürur hissi keçirir, Azərbaycan xalqı ilə, ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyalardan Prezidentin siyasətini dəstəkləyən 51 partiya ilə birlikdə ölkə başçısının ətrafında monolit qüvvə kimi birləşərək onun möhtəşəm siyasətini müdafiə etdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Rəşadətli ordumuzun zərbələrinə tab gətirməyərək dağılmaq həddinə çatan, fərarilərinin sayı günbəgün çoxalan, təhdid altında münaqişə zonasında saxlanılan Ermənistan ordusu müharibə meydanında əsgərlərimizə cavab verə bilməyərək yaşayış məntəqələrimizi atəşə turu, mülki əhaliyə divan tutmağı çalışırlar.
Lakin onların bütün səyləri nəticə vermir. Azərbaycan ordusu və xalqı yenilməzdir. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!
Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq insanların məqsədli şəkildə öldürülməsi hərbi cinayət və insanlıq əleyhinə cinayətdir. Bu cinayətlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini üzərinə düşür. Hesab edirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu qeyri-insani aktlara biganə qalmamalı, hərbi təcavüzə və mülki insanlara qarşı qəddar hücumlara son qoymağı Ermənistandan qətiyyətlə tələb etməlidir.
Bununla yanaşı, Ermənistana silah satan dövlətləri ölkəmizin şəhər və rayonlarını bombalamaqla mülki əhaliyə, xüsusən qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmamaq üçün ona silah satışını dayandırmağa çağırırıq.
Ermənistanın hərbi-siyasi rəhbərliyi terroru dövlət siyasəti vasitəsinə çevirmişdir. Terrorçu dövlətə qarşı milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə adekvat rədbirlər görülməli, mülki əhaliyə qarşı hərbi cinayət törədənlər ədalət mühakiməsinə cəlb edilməlidir.
Biz bu müraciəti Birləşmiş Millətlər Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qaçqınlar üzrə Ali Komissarlığına, Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna və Uşaq Fonduna (UNESCO və UNİCEF), NATO və onun Parlament Assambleyasına, ATƏT və onun Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Avropa İttifaqına, Avropa Şurasına və onun Parlament Assambleyasına, Qoşulmama hərəkatına, Müstəqil Dövlətlər Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Milli Demokratiya İnstitutuna, “Human Rights Watch”, “Transparensy İnternational”, “Amnesty İnternational”, “Sərhədsiz Jurnalistlər” və “Sərhədsiz həkimlər” təşkilatlarına ünvanlayırıq."
Eldar Quliyev
Azərbaycan Ağsaqqallar Şurasının sədri