Modern.az

Milli Qəhrəmanların azad olunmuş torpaqlarda ilk gedəcəyi yerlər...

Milli Qəhrəmanların azad olunmuş torpaqlarda ilk gedəcəyi yerlər...

20 Oktyabr 2020, 13:00

Artıq bir aya yaxındır ki, şanlı Ordumuz işğal olunmuş torpaqlarımız uğrunda döyüşür. Bütün Azərbaycan xalqının ürəyi də onlarla döyünür. Bu müddət ərzində peşəsindən, vəzifəsindən asılı olmayaraq, hər kəs ordumuza bacardığı qədər dəstək olmağa çalışır.

Uzun müddət cəbhə bölgəsində olan Milli Qəhraman Fariz Qəhramanov Modern.az-a açıqlamasında cəbhədəki son vəziyyətdən bəhs edib:


“Cəbhə zonasından dünən qayıtmışam. Onu deyə bilərəm ki, əsgərlərimizdə sözlə təsvir etmək mümkün olmayan ruh yüksəkliyi müşahidə olunur. Əsgərlərimiz səbirsizliklə üçrəngli bayrağın Şuşaya sancılacağı günü gözləyir. Bu çox qürurverici haldır ki, Azərbyacan əsgəri daim irəliyə can atır, yeni ərazilər azad etmək istəyir. Orduya  çağırılmayan oğullarımız da hər gün zəng edib “mən nə vaxt gedəcəm?” deyə soruşur”.


Milli Qəhrəman bildirib ki, işğaldan azad olunmuş bütün torpaqlarımızı öpüb qoxlamaq ən böyük arzusudur:

“Mən Qarabağ zonasından olmadığıma görə, xüsusilə getmək istədiyim bir yer yoxdur. Amma vətənin hər bir qarışı, nöqtəsi mənim üçün əzizdir. Yollar açıldığı anda, bütün azad olunmuş torpaqlarımıza getmək üçün gün sayıram. Rayonlarımızı bir-birindən ayırmadan, hər birini çox sevirəm”.

Hərbçilərimizlə hər zaman əlaqə saxlamağa çalışan daha bir Milli Qəhramanımız, əslən Cəbrayıl rayonundan olan Vahid Quliyev doğma  şəhərin işğaldan azad edilməsi ilə bağlı hisslərini bölüşüb. O, ordumuzda yüksək əhval-ruhiyyənin hökm sürdüyünü söyləyib:

“Əsgərlərimizin əhval-ruhiyyəsi əlbəttə ki çox yüksəkdir. Son vaxtlar onlar bizi çox sevindirdilər. Müstəqillik günü münasibətilə torpaqlarımızın azad edilməsi bizim üçün hədiyyə oldu. Füzuli şəhərini, Cəbrayıl rayonunun 13 kəndini düşmən tapdağından qurtardıq; o cümlədən Xudəfərin körpüsünə öz şanlı bayrağımızı sancdıq. Mən özüm də Cəbrayıl bölgəsindən olduğum üçün, şəhərin azad olunması xəbərini aldıqda çox sevindim. Hər bir qarış torpağımızın azad edilməsi, əsgərlərimizdə sevinc hissi oyadır.  Onlar bilir ki, hökümətimiz və xalqımız hər zaman ordumuzun arxasındadır, onlar üçün əlindən gələni edir”. 

Vahid Quliyev Cəbrayıla gedəcəyi gün ilk olaraq əzizlərinin qəbrinə baş çəkəcəyini vurğulayıb:

“Nə vaxt imkan yaransa, onda Cəbrayıla və digər zonalara getmək istəyirəm. Təbii ki, birinci öz kəndimizə gedəcəyəm. Otuz ilə yaxındır ki, yerimizdən-yurdumuzdan ayrı düşmüşük, həsrət ilə yanırıq. Orada dağıdılmamış bir yer qalıbmı, mənə maraqlıdır. Təəssüf ki, faşist ermənilər bütün abidələri, evləri talan ediblər. Babamın, nənəmin qəbirlərini mütləq ziyarət edəcəyəm. Kəndimizdən 10 km aralıda yerləşən, tarixi əhəmiyyətli Xudafərin körpüsünə də baş çəkmək lazımdır”.

Fidan ƏLİ

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza