“Hər bir idmançı bilməlidir ki, vətən onun üçün önəmlidir. Birmənalı şəkildə biz də bu vətənin oğulları kimi hər zaman döyüşməyə hazırıq”.
Bunu Modern.az-a karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibi Rafael Ağayev bildirib:
“Masallah, indi televiziya, internet vasitəsilə hər bir məlumatı almaq olur. Hazırda gedən 2-ci Qarabağ müharibəsində əldə etdiyimiz nailiyyətləri bütün dünya ölkələrinə çatdırmaq borcumuzdur. Nəinki əsgərlərimizə,ordumuza, millətimizə, xalqımıza və möhtərəm prezidentimiz İlham Əliyevə dəstək olmalıyıq.
Əsgərlərlə cəbhə bölgəsində, yaralılarla hospitalda görüşüb, hər zaman yanınlarında olduğumu bildirdim.
İdman dünyasında ən yaxın dostlarım türklər və qismən iranlılardır. İranın ermənilərə silah-sursat göndərdiyini eşidəndə iranlı idmançı tanışlarıma bir neçə yazılı məlumat göndərdim. Onlar da bizə dəstək olub, yanımızda olduqlarını qeyd etdilər. Türk idmançı dostlarım çox sağ olsunlar, hər zaman bizim yanımızda olduqlarını bildirirlər”.
Rafael Ağayev xalqımızı müharibədə əldə etdiyi uğura görə təbrik edib:
“Xalqımızı bugünkü uğurlar münasibətilə təbrik edirəm. Sentyabrın 27-dən başlanan müharibədə 7-8% torpağımızı düşmən tapdağından azad etmişik. Çox az qalıb. Düşünürəm ki, tez bir zamanda bu qələbəni bütün dünyaya səsləndirəciyik. Bütün dünya bilməlidir ki, Qarabağ Azərbaycandır!”.
Fidan İlqarqızı