Modern.az

Ukraynada yaşayan qusarlı həmyerlimizdən Ordumuza DƏSTƏK

Ukraynada yaşayan qusarlı həmyerlimizdən Ordumuza DƏSTƏK

Aktual

22 Oktyabr 2020, 13:05

Ukraynada yaşayan əslən Qusardan olan bir iş adamının cəbhəyə köməyini eşidəndə çox duyğulandım. Biləndə ki, bu iş adamı Azərbaycana birbaşa özü gəlub, yardım dolu yük avtomobilini özü müşayiət edib döyüş zonasınadək, mütləq onunla görüşməyi lazım bildim.

Bir gün sonra Qusarın Hil kəndindəyəm. Müsahibimin evindəyəm. Kərim Əliçoban oğlu İlyasovun ata evindəyəm. Yüz ilin tanışıyıqmışıq kimi Kərimlə söhbətləşməyə başladım. 1974-cü il təvəllüdlü Kərim İlyasov 1991-ci ildə Hil kənd orta məktəbini bitirib. Həmin il qardaşı Odessada yaşadığından Ukraynaya gedib. Kərim danışır ki, Odessaya gedəndən bir saat sonra təsadüfən Natalya adlı bir yerli qızla tanış oldum. Və hər şey də bu tanışlıqdan başlayıb. Kərimin bu şəhərdə daimi yaşaması, iş-güc sahibi olması və ailə həyatı qurması da. Zarafatla soruşanda ki, "Natalya sənin Ukraynada qalmağının səbəbkarı oldu", müsahibim gülümsəyərək: "bəlkə də" - deyərək təsdiqlədi. Söylədi ki, artıq Natalya müsəlmanlığı qəbul edib, xoşbəxt ailə həyatı qurublar: "22 yaşında qızım və 13 yaşımda oğlum var". Nə gözəl. Doğrudan da, həqiqi sevgi sərhəd və millət tanımır. Kərimin ukraynalı qızla sevgisindən keçək onun bizim görüşməyimizə səbəb olan Vətən sevgisinə.

 

 

Kərim İlyasov uzun illərdir Ukraynada yaşasa da, tarixi Vətəni Azərbaycana çox böyük sevgisi var. Bunu söhbət boyu ilk baxışdan hiss eləməmək mümkün deyil. Qarabağ münaqişəsi bu ölkədə yaşadığı illər ərzində həmişə diqqətində olub, baş verənlərə heç vaxt biganə qalmayıb. Odessa şəhərində özünə mebel sahəsi üzrə şirkət quran və bu şəhərdə iri mebel firmalarının birinə rəhbərlik edən Kərim İlyasov deyir ki, ürəyim həmişə Azərbaycanın yanındadır, Azərbaycanladır. Onun cəbhəyə yardım etməsinin üstünə gəldim. Dedi ki, mən Azərbaycandan sentyabrın 25-dən getmişdim, iki gün sonra eşitdim ki, 27-də vəziyyət gərginləşib, müharibə başlayıb. Özünün dərhal ordumuza maddi dəstəyini göstərsə də rahat olmayıb. Qərara alıb ki, özü getsin Azərbaycana və oradan da döyüş bölgəsinə. Oktyabrın 18-i Bakıya gələn Kərim cəbhəyə aparacağı bütün malları alıb hazır edəndən, yükləyəndən sonra Qusara gəlib.Tənbəllik eləməyib, həmin avtomobili də yüklə dolu düz gətirib Hil kəndinə. Burda da cəbhəyə gedəcək avtomaşına Qusarın milli təamları, çörək və şirniyyatları, çərəzləri alma və kartofu da əlavə olunub. Bir sözlə, əsgərin ağzını dada gətirən nemətlərdən tutmuş isti geyim, məişət əşyalarına qədər hər şey yüklənmiş avtomobil oktyabrın 19-u səhər saatlarında Qusarın Hil kəndindən üzü cəbhəyə istiqamət alıb. Kərim İlyasov isə Ukrayna və Azərbaycan bayraqları ilə bəzədilmiş yük avtomaşınını özünün şəxsi avtomobili ilə müşayiət edib. Hil kəndinin sakinləri cəbhəyə gedən həmyerlilərini böyük coşqu ilə yola salıblar. Müsahibum deyir ki, kəndimizin vətənpərvərlərindən Ravil Seyidov və Namiq Murtuzayev də mənimlə birgə gediblər.

 

Kərim İlyasovu dinləyirəm, sözün əsl mənasında onun vətənpərvərliyinə, Azərbaycana sonsuz sevgisinə mat qalıram. Nə qədər bağlıdır bu adam Azərbaycana və Ordumuza!!! Bu bağlılıq insanı riqqətə gətirir, həm də ləzzət edir. Kərim İlyasovu dinləyirəm, ləzgiləri gözdən salmaq istəyən, onların azərbaycanlılarla birliyinə kölgə salmaq istəyən, ara-sıra zühur edən bəzi üzdəniraq qara qüvvələr yadıma düşür. Onları utandırmaq üçün Kərimin bu ibrətamiz hərəkətini bilmələri elə kifayətdir. Kərimin bu hərəkəti tolerant çoxmillətli Azərbaycan vətəndaşlarının, azsaylı xalq və millətlərin doğma Vətənlərinə necə sıx bağlı olmalarına, necə ürəkdən sevmələrinə gözəl örnəkdir. Əsl və reklam sevməyən örnək...(Adının çəkilməsini istəməyən bir dostumuza minnətdaram, yeri gəlmişkən. Kərimin cəbhəyə gedəcəyini o dedi). Kərimə qalsa, bu hərəkətini heç kimin bilməsini istəmir: "Əsas Allah bilsin.Mən Vətənimin bu dar günündə kənarda qala bilməzdim. Özüm gəldim, cəbhəyə getdim, əsgərlərimizi, hərbçilərimizi gördüm. Rahat oldum".

 

 

Döyüşən əsgərlərimizə bu dəfə 25000 manatlıq yardım aparan həmyerlimiz deyir ki, cəbhəyə köməyi davamlı olacaq. Odessaya qayıdanda əvvəl biznes əməkdaşlığı olan Türkiyəyə gedəcək, oradan da bir yük avtomobilini lazımi ərzaq və əşyalarla doldurub Azərbaycana - cəbhə zonasına yola salacaq.

 

Kərim İlyasov Ali Baş Komandanımız, hörmətli Prezidentimiz İlham Əliyevin Qarabağ rayonlarını nankor ermənilərdən azad edəcəyinə ürəkdən inanır. Deyir ki, keçən il Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana rəsmi səfərə gələndə nümayəndə heyətinin tərkibində mən də var idim: "Dekabrın 19-da biz Bakıda idik. Həmin gün mən İlham Əliyevlə qısaca da olsa görüşdüm, mənim Ukraynadakı işimlə maraqlandı, Qusardan olduğumu da bildi. Bu ilin may ayında görüşməli idim Bakıda cənab İlham Əliyevlə. Koronavirusa görə alınmadı, görüşə bilmədik. Allah qoysa, inanıram müharibə Azərbaycanın qələbəsi ilə başa çatacaq, onda gəlib cənab Prezidenti təbrik edəcəyəm".

 

Xeyli söhbətdən və Kərimlə anası Sona xanımın hazırladığı süfrədə duz-çörək kəsəndən sonra sağollaşırıq. Bu məqamda söhbətcil Kərim cibindən bir kağız bükülüsü çıxartdı. Dedi ki, bu kağızı mənə Odessada yaşayan, əslən Naxçıvandan olan Elxan adlı dostumun oğlu verib: "Onun 5 yaşlı oğlu Əlimurat Azərbaycanın əsgərləfinə yığdığı pulu göndərib. Burda Ukrayna qriveni ilə 6 manat var. Kağız pul və qəpiklərdi. Dedi ki, bunu əsgərlərimizə çatdır. Kağızda da yazıb ki, Qarabağ bizimdi. Mən də bu pulu Bakıda bir dostum vasitəsilə Silahlı Qüvvələr Fonduna çatdıracağam".

 

Əimurat adlı balaca həmyerlimizin bu hərəkəti də vətənsevərliyin əsl ibrətamiz nümunəsidir. Bizim xalqımızın, millətin vətənpərvərliyindən xəbər verən nümunədir. Bu çətin, amma hər gün qələbə sorağı gələn günlərində xaricdəki həmvətənlərimizin hər biri də bizimlədir, Azərbaycanladır, şanlı Ordumuzladır. Milliyyətcə ləzgi olan Ukrayna vətəndaşı Kərim İlyasov kimi, Naxçıvandan olan Elxan adlı həmyerlimizin 5 yaşlı Əlimuratı kimi...Onların hamısı Azərbaycandan qələbə gözləyir. O qələbə tezliklə olacaq. Çünki haqq bizimlədir, ədalət bizimlədir. Qarabağ bizimdir, bizim də olacaq. Qarabağ Azərbaycandır!

 

Aytəkin Alxaslı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək