“Azərbaycan qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar vətəndaşların hüquqlarının müdafiəsi üçün kifayət qədər müdafiə mexanizmləri nəzərdə tutur. Amma hüquqları ilə bağlı məlumatlı olmayan vətəndaşlar bəzən qanunun onlara verdiyi bu imkanlardan istifadə etməkdə, hüquqlarının reallaşmasında problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi əhalinin, xüsusən region sakinlərinin hüquqi biliklərinin aşağı olması ilə bağlıdırsa, digər səbəbi maddi imkazsızlıq və regionlarda keyfiyyətli hüquqi yardım almaq imkanlarının paytaxta nisbətən aşağı olmasıdır. Bu ilin martından ölkəmizdə COVİD-19-un gətirdiyi məhdudiyyətlər isə insanların hüquqi yardıma çıxış imkanlarını bir qədər də çətinləşdirib. Bu problemin həlli istiqamətində dövlət tərəfindən görülən işlərə ictimai dəstək üçün əhalinin hüquqi maarifləndirilməsi və ehtiyacı olanlara ödənişsiz hüquqi yardımın göstərilməsi işini davam etdiririk”.
Bu barədə Modern.az-a hüquq müdafiəçisi Xalid Kazımov bildirib.
X.Kazımovun sözlərinə görə, 2019-cu ilin martından ötən ilyarım ərzində 700-ə yaxın insana hüquqi yardım göstərilib: “İcrasına başladığımız xidmət çərçivəsində regionlarda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına hüquqi yardımın göstərilməsi gələn ilin avqustunadək davam etdiriləcək. Hazırda ödənişsiz hüquqi yardım xidməti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənir. Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılıb. Hüquqi yardıma ehtiyacı olanlar “qaynar xətt” (0702902299) xidməti, e-mail ([email protected]), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə bilərlər. Hər hansı bir əlaqə vasitəsi ilə müraciət edən şəxslərə hüquqi məsləhət verilir, ərizə, şikayət və müraciətləri hazırlanır. Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilir. Hazırlanan sənədlər birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılır. Eyni zamanda Bərdə rayonunda təşkil edilən ofisdə ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərilir. Bundan başqa hüquqşunasların hüquqi yardımla bağlı daha çox müraciətlər olan ərazilərə səyyar səfərlər edərək əhaliyə hüquqi yardım göstərməsi nəzərdə tutulur. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu dövrdə isə bu xidmət də video formatda təşkil ediləcək. Bütün bunlar əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılması, müxtəlif sahələrdə vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edilməsi, əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarının hüquqi yardıma çatımlılığının artırılmasına imkan verəcək”.