Silahlı Qüvvələrə Yardım Fonduna ianələr daxil olmaqdadır. Dövlət qurumları, özəl müəssisələr və ayrı-ayrı şəxslər işğalçı üzərində Qələbəmiz naminə Ordumuza maddi dəstək göstərirlər.
Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin imamı Hacı Rahib Babayev Silahlı Qüvvələrə Yardım Fonduna 2 min manat vəsait köçürüb. Din xadimi əməkdaşımızla söhbətində bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi ön cəbhədə vuruşan əsgər və zabitlərimizlə bir döyünür:
“Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz şəhər və kəndlərimizi erməni işğalçılarından azad edir. Əsgər və zabitlərimizin bu rəşadəti xalqımızı yenidən birləşdirdi, hər kəs maddi və mənəvi kömək göstərməklə ön cəbhədə igidlik nümayiş etdirən insanlara dayaq durur. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsünə qoşularaq din xadimi kimi əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürmüşdüm, eyni zamanda imkanlı dostlarımla birgə ön cəbhəyə ərzaq yardımı göndərmişdim. Bu gün isə şəxsi vəsaitimdən Ordumuza maddi yardım etmək qərarına gəldim. Allah Azərbaycanı, Ali Baş Komandanımızı, Rəşadətli Ordumuzu qorusun. Qələbə günü çox yaxındadır inşallah. Qarabağ Azərbaycandır!”.