Qədim və zəngin mədəniyyət beşiyimiz Şuşanın şanına, şərəfinə , tarixinə, təbiətinə, onun yetişdirdiyi parlaq, əzəmətli simaların, ədəbiyyat, mədəniyyət, elm, görkəmli siyasət və elm xadimlərinin ünvanına çox yaraşan , vəsf edən əsərlər yaranıb, bəstələnib, ucaldılıb, amma tam məsuliyyətlə deyirəm: tarix boyu Şuşanın şərəfinə ən böyük əsəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev, müstəqil Azərbaycanın müzəffər ordusu yazdı: işğalda olan Azərbaycanın şah əsəri, simvolu, Azərbaycanlıların namusu, şərəfi qurtuldu!
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində “Odlar yurdu” qəzetinin əməkdaşı kimi od-alovun içərisində çapalayan Şuşada dəfələrlə olmuş, onun mükəddər məhəllələrini, kədərli kəndlərini qarış-qarış gəzmiş, vertolyotla Turşsuya enərkən bizi atəşə tutan, Xankəndini su ilə təchiz edən Xəlfəlidəki su anbarını mühafizə edən rus əsgərləri ilə üz-üzə gəlmiş, Qaybalıdan keçib Kərkicahan qəsəbəsində erməni quldurları tərəfindən yandırılan məktəbi göz yaşları ilə izləmişdim.
Azərbaycanın, Türkiyənin ədəbi-mədəni, ictimai-siyasi həyatında silinməz iz buraxmış Şuşanın dahi övladı Əhməd bəy Ağaoğlunun nəvəsi Təkdaş Ağaoğlu ildə 2015-ci ildə onun mənzilindəki növbəti görüşümüzdə o nisgilli bir tərzdə demişdi:
-Azərbaycanın yenidən müstəqillik əldə etməsini nə qədər sevinclə, göz yaşları ilə eşitmişdimsə, bir il sonra Şuşanın işğalını yüz qat üzüntü və kədərlə duydum. Çünki Şuşasız Azərbaycan, Azərbaycan yox, Yaralıcandır, mən Şuşasız Azərbaycan təsəvvür etmirəm. Ağlıma gətirmək istəmirəm...
Mən o zaman təsəlli, təskinlik verərək demişdim:
-Hamı Sizin kimi düşünür, amma ümidi üzmür və Siz də ümidinizi üzməyin. Şuşa yenə bizim olacaq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev bu gün Şuşanın işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını, Şuşalıları təbrik edərkən, gözaydınlığı verərkən düşündüm ki, bir neçə il bundan əvvəl vəfat etmiş Təkdaş Ağaoğlunun timsalında qürbətdə dünyasını dəyişmiş bütün Azərbaycanlıların, Şuşalıların da ruhu indi şaddır.
Abid Tahirli