Azərbaycan Respublikasının prezitenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları bəyanat ölkəmizin maraqlarına tam şəkildə cavab verir. Sentyabr ayının 27-dən noyabr ayının 9-na kimi apardığımız Vətən Müharibəsi misilsiz qələbələrlə nəticələndi.
Biz 28 ildən artıq bir müddətdə torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmusı idealı ilə yaşamışıq.
Dünya ictimaiyyəti bunu çox gözəl bilir.
ATƏT-in Minsk qrupunun kəsərsiz danışıqları, BMT-nin qətnamələrinin icra olunmaması münaqişənin hərbi yolla həllini qaçılmaz edirdi.
Artıq Ermənistanın təxribatlarına dözmək mümkün olmadığından biz torpaqlarımızı amansız və barbar düşməndən xilas etmək məcburiyyətində qaldıq.
Bizim apardığımız Vətən müharibəsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını həyata keçirdi və bu qurumda islahatlara yol acdı.
Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Xalqımızın möhtəşəm birliyi və qəhramanlığı sayəsində uğurlu əks-həmlə əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bütün müharibələrin sonu Sülhlə nəticələnir. Obyektiv sülhün əldə olunması üçün dünaynın böyük dövlətləri vastəçilik edirlər.
Düşünürəm ki, biz Obyektiv Sülhü əldə etdik.
İmzalanmış bəyanatın mühüm tərəfləri:
- 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
- Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Qansız-qadasız 3 rayonumuzun geri qaytarılması müharibənin dəhşətlərini və onun psixoloji nəticələrini bilənlər üçün aydındır.
Biz torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başlayandan indiyə kimi bütün səylərimizi itkilərimizin mümkün qədər az olmasına yönəltmişdik.
Bu, qələbəmizin əsas tərəflərindən biri sayılmalıdır.
Mən Türkiyə rəsmilərinin, qardaşlarımızın bu Bəyanatla bağlı fikrlərini təkrarlamaq istəyirəm:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: "Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı".
Türkiyənin Milli Müdafiə naziri: Hulusi Akar: “Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu. Hamımız bir ağızla “Qarabağ Azərbaycandır!” deyirik”.
Türkiyənin vitse-prezidenti Fuad Oktay: “Artıq Qarabağ Azərbaycandır! Eşq olsun! Sevinciniz, sevincimiz daim olsun, can Azərbaycan”.
Bu fikirlər türk qardaşlarımızın səmimiyyətindən xəbər verir. Müharibədə qələbəmizi təsdiqləyir. Və Türk qardaşlarımızın Sülhməramlı kontingenti Dağlıq Qarabağa pənah gətirir.
Rusiyanın sülhməramlı kontingenti bizim torpaqlarımızda möhkəmlənməyimizə maneçilik törətməyəcək. Bunu imzalanmış Bəyanatın Şərtləri təlqin edir.
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir ki, bu da Bəyanatda öz əksini tapıb.
Bəyanatın mühüm bəndlərindən biri daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasıdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu sahədə çox böyük təcrübəyə malikdir.
Böyük qələbəmiz Azərbaycanın çiçəklənməsinə və məğrur və qürurlu nəsillərin yetişməsinə səbəb olacaq. Əslində Vətən müharibəsi bizə diplomatiya və hərb meydanında böyük təcrübə qazandırdı. Şəhidlərimizin Ruhu qarşısnda baş əyirəm.
Paradiqmalarımız isə dəyişməz qalır:
Silahlı Qüvvələrimizin Ali Baş Komandanına Eşq olsun!
Qarabağ Azərbaycandır!
Birlikdə güclüyük!
Eşq olsun Azərbaycan Əsgərinə!
Yaşasın Qüdrətli Azərbaycan!
Etibar ƏLİYEV