“Evimizə qayıdırıq. Həsrətə son veririk. Bu o qədər gözəl duyğudur ki! 30 ilə yaxın idi ki, biz ata-babalarımızın torpaqlarına həsrət idik. İşğalçı Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkmirdi. Amma Ali Baş Komandanın qətiyyətli addımları, müzəffər ordumuzun gücü düşməni geri çəkilməyə məcbur etdi”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.
Deputatın sözlərinə görə, illərin həsrəti, nisgili artıq sona çatıb:
“ Hər bir azərbaycanlı bu gün şuşalıdır, laçınlıdır, qubadlılıdır, zəngilanlıdır, ağdamlıdır və sairə. İllərdir ki, torpaqlarımıza həsrət qalmışdıq. İnşallah azad etdiyimiz torpaqlarımızda məclislər quracağıq, qonaqlar qarşılayacağıq. Allahın bu gününə şükürlər olsun. Xalqımıza qələbə yaraşır. Biz illərlə həsrət qaldığımız tarixi torpaqlarımıza, qapısı bağlı qalan evlərimizə qayıdırırıq. Dönüşümüz möhtəşəmdir”.
İmamverdi İsmayılov vətən nisgilinin ağrılı olduğunu xüsusi qeyd edib:
“Mən də yurduma-yuvama, böyüyüb boya-başa çatdığım evimə həsrət idim. Bu nisgil illərlə məni də üzüb. Ancaq bu nisgil aradan qaldırıldı. Var olsun Ali Baş Komandanımız! Var olsun müzəffər ordumuz! Xalqımıza qələbə yaraşır. Qarabağ Azərbaycandır”.