İkinci Qarabağ müharibəsi davam etdiyi müddət ərzində dünya ölkələrinin media orqanları mövzunu müxtəlif formatlarda işıqlandırdı.
Siyasət meydanında olduğu qədər informasiya müharibəsində də qardaş Türkiyə Azərbaycana dəstək verdi. Gerçəkləri bütün dünyaya çatdırmaq üçün 44 gün boyunca bütün hadisələri anbaan doğru və obyektiv paylaşan Türk mətbuatının əməyi danılmazdır.
Modern.az Qarabağ zəfərinin Türk mediasında necə işıqlandırıldığını araşdırıb.
Türkiyənin ən böyük qəzetlərindən biri olan “Milliyyet” məsələnin Naxçıvan tərəfinə toxunub. Bununla bağlı yazı dərc edən “Milliyyet” Türkiyə ilə Azərbaycan arasında quru yoluyla – Naxçıvan vasitəsilə birbaşa əlaqə qurulacağı bildirilib. Yazıda, bunun Türk dünyası üçün mühüm addım olduğu vurğulanıb.
Anadolu Agentliyi atəşkəs elan olunduqdan sonra sığınacaqlarda qalan Tərtər əhalisinin evlərinə qayıtdığı haqda xəbər hazırlayıb. Xəbərdə Tərtər sakinləri ilə müsahibələrə də yer verilib.
Türkiyənin aparıcı qəzeti “Hürriyet”də yayımlanan “Rusiyanın planı” adlı yazıda rus və türk qoşunlarının Qarabağdakı vəzifələrinin nə olacağından bəhs edilib.
“CNN Türk” öz internet saytından vətəndaşlara Xocalı qətliamı və Qarabağın böyük şəhərləri olan Şuşa və Xankəndinin coğrafi mövqeyi, tarixi haqqında məlumat verib.
Bununla bərabər, kifayət qədər ayıq-sayıq jurnalistləri ilə Gəncə və Bərdə hadisələrini də canlı formada yayımlayan, müxtəlif reportajlar hazırlayan Türk mediası operativliyini bir daha sübut etdi.
Fidan ƏLİ