Modern.az

Hüseyn Arifin lətifələri - II

Hüseyn Arifin lətifələri - II

14 İyul 2012, 12:41

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

***

Rayonların birində görüş varmış. Bir dəstə yazıçı qonaq gəlibmiş. Ziyalıların, yerli rəhbərlərin çoxu onlarla mehribanlıqla görüşüb hal-əhval tuturlar. Amma bir nəfər- rayon icraiyyə komitəsinin sədri əli cibində dayanıb, heç kəsə məhəl qoymur. Bunu görən yazıçı Sabir Azəri Hüseyn Arifin qoluna toxunur.

- A şair, gör, özünü necə çəkir. Qanacaqsız adama oxşayır.

- Ə, qanacağı  neynəyir, vəzifəsi var, rüşvəti var, qanacağı gözünə ha, soxmayacaq?!

***

Hüseyn Arif “Azərnəşr”də şöbə müdiri işləyirdi, Qılman İlkin də direktor. Bir gün Mərkəzi Komitədən Qılman İlkinə zəng vururlar ki,  Hüseyni təcili “yuxarı” göndər, lazımdır. Qılman müəllim gülə-gülə onlara deyir:

- Əgər onu tapsanız, yanıma göndərin, mənə də lazımdır.

- Necə, bu nə deməkdir? Sənin nəyinə lazımdır?

- İşdən çıxartmaq üçün əmr vermək istəyirəm, üç aydı tapa bilmirəm.

***

Yazıçılar İttifaqında Riyasət  Heyətinin  iclası vardı. Yaradıcılıq ezamiyyəti məsələlərinə baxılırdı. Ərizələr oxunur, hərəyə bir ay, yarım  ay ezamiyyət verilirdi ki, gedib həyatı öyrənsinlər və sonra qayıdıb əsər yazsınlar. İclasın şirin yerində kimsə ayağa qalxdı:

- Yoldaşlar,  təklif edirəm,  Hüseyn Arifə də bir aylıq  ezamiyyət verilsin.

- Haraya?

- Evinə.

***

Bir dəfə Mirzə İbrahimovla Qazağa  getmişdik. Çiskinli payız günü idi. Hardansa Hüseyn də peyda oldu. Elə görüşən kimi sözə başladı:

- Göyçədən gəlirəm, Aşıq Alının qəbrini axtarırdım. Tapdım. Böyük  sənətkardır.

- Kimlə getmişdin?

- Tək. Arif balam maşın sürürdü, mən də ki, oturmuşdum yanında.

Birdən yadıma düşdü ki, Hüseyn təzə maşın alıb. O zaman “Jiquli”lər yenicə çıxmışdı. Soruşdum:

- Ay Hüseyn, bu “Jiquli”lər necə maşındı?

- Maşın deyil, ceyrandı. Süzəndə dalından çatmaq olmur.

Aradan xeyli keçdi. İclas oldu, sonra nahar elədik. Hüseyn adəti üzrə bir-iki qədəh də ötürdü, kefi lap düzəldi. Mən təkrar soruşdum:

- Ay Hüseyn, yəni deyirsən, “Jiquli” yaxşı maşındır?

-Yox, əşşi, tısbağadır. Mən torpaq adamıyam. Ayağım həmişə torpaqda olmalıdır. Bu isə asfaltdan çıxan kimi tısbağaya dönür, bekara şeydi.

***

Bir dəfə yenə  rayonlara ədəbi görüşlərə getmişdik. Mirzə İbrahimovun qara “Zim”ində rayonları dolaşıb Yevlaxa gəlmişdik. Payız idi. Hava nəmişlikdi. Buna baxmayaraq, iki-üç gündə ədəbi gecə keçirtdik. Sonra katib Məmməd Məmmədovun qonağı olduq. Məmməd Məmmədov balacaboylu, qalın bığlı, ötkəm, iradəli bir adam idi. Yeriyəndə dabanlarını yerə bərk vurardı. Bu da onun iradəsinin  möhkəmliyinə dəlalət edirdi.

O, evində bizə yaxşı süfrə açdı. Səmimi şaraitdə, deyib gülə-gülə nahar elədik. Tut arağı canımızı qızdırırdı.

O vaxt Yevlaxda rütbəli qonaqların gecələməsi üçün  “Qonaq otağı” yox idi. Dəmir yolu vağzalının  yanındakı beşmərtəbəli təzə mehmanxana isə istifadəyə verilmişdi, amma hələ orada gecələyən olmamışdı.
Katibin  söhbətindən başa düşdük ki, həmin mehmanxanada bizə yer düzəldiblər.

Yemək-içməkdən sonra ev sahibi cəsarətsiz halda Mirzə İbrahimovu bizdən ayırmaq, soyuq olmasın deyə, öz isti mənzilində saxlamaq istədi.  Amma ağsaqqal bizi tək buraxmadı.  Birlikdə mehmanxanaya gəldik.  Üçüncü mərtəbədə üç otaq ayırmışdılar. Qapılar bir-birinə açılırdı. Yorğan-döşək, mələfələr təp-təzə idi. Sobanı qalamışdılar. Buna baxmayaraq, adamın nəfəsi buxarlanırdı. Divarlar da, yorğan-döşək də nəm idi.

Mirzə İbrahimov palto çiynində, əllərini ovxalaya-ovxalaya otaqlara baxdı, kimin harada kimlə yatacağını müəyyənləşdirirdi, başa düşdük ki, ona rahat olmaq üçün ayrıca otaq ayırıblar. İslam Səfərli gördü kişi burda qalmaq istəyir, narahat oldu. Məni küncə çəkdi:

- İsmayıl, indi sən qabağa düş, elə elə ki, Mirzə müəllim katibin evində yatmağa getsin. Yaşlı adamdı, ona burda soyuq dəyər. Həm də əlimiz-qolumuz açılar, bir az deyib-gülərik. Bir şey fikirləş.

- Yaxşı.

Mirzə müəllimə yaxınlaşdım. O, otaqları gəzəndən sonra bir az da büzüşdü. Görünür, üşüyürdü. Birdən üzünü mənə çevirdi:

- İsmayıl, uşaqlar yatanda xoruldamır ki?

- Yox, Mirzə müəllim, İslam da, Əliağa da, Yusif də quzu kimi yatırlar. Mışıltılarından başqa  heç nə eşidilmir. Bircə Hüseyn…

Kişi təəccübləndi:

- O nə edir?

- Gecələr yatdığı yerdə durub  gəzir.

- Nə, lunatikdir?

- Ona oxşar bir şeydi.

- Bu pis oldu ki, adamı yatmağa qoymaz.

- Elədi. Mirzə müəllim,  katibin evində gecələsiniz, yaxşıdı. Həm isti olar, həm də rahat. Bizə baxmayın.

- Düz deyirsən.

Yoldaşların yanına gəldi:

- Uşaqlar, gecəniz xeyrə qalsın,  mən  katibin evinə gedəsi oldum, bura soyuqdu.

- Pis olmaz, Mirzə müəllim, gedin, dincəlin.

Onu yola saldıq. Uşaqlar təəccüblə bir-birlərinin üzünə baxdılar:

-Ona nə oldu, görəsən onu kim qaçırtdı.

- Hüseyn, -deyə cavab verdim.

Ardı var

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi