Saat 10-da ziyalıların və ali ruhanilərin müşaiyətilə Zərdabinin cənazəsi Qasım bəy məscidinə gətirildi. İzdiham yalnız məscidin içərisini və həyətini deyil, bütün ətraf küçələri də doldurmuşdu. Burada Bakı quberniya qazısı, Qurani-Kərimin Azərbaycan türkcəsinə ilk təfsirçisi Mir Məhəmməd Kərim ağanın rəhbərliyi və şəhərin ən tanınmış ilahiyyatçılarının iştirakı ilə ölü namazı qılındı, mərhumun ruhuna dualar oxundu.
İlk izdihamlı mitinq məscidin həyətində keçirildi. Qeyri-rəsmi “dəfn komissiyasının” rəhbəri kimi mitinqi açan “İrşad” qəzetinin redaktoru Əhməd bəy Ağayev Azərbaycan türkcəsində, tanınmış həkim və ictimai xadim Qara bəy Qarabəyov isə rus dilində nitq söylədilər. Daha sonra Bakı şəhər bələdiyyəsinin rəisi N.V. Rayevski, “Füyuzat” məcmuəsinin redaktoru Əli bəy Hüseynzadə, “Nicat” cəmiyyəti adından M.Ə. Rəsulzadə, din xadimləri adından Axund Molla Ağa Qazızadə, müəllimlər adından M.H. Əfəndiyev, “Nəşri-Maarif” cəmiyyəti adından İ. Məlikov (məşhur fransız şərqşünası İren Melikoffun atası – V.Q.), Bakıdakı gürcü icması adından M.A. Nasadze çıxış etdilər.
Gözəl natiqlik məharəti ilə tanınan Əhməd Ağayev öz çıxışında Zərdabinin millət qarşısındakı xidmətlərindən bəhs edərək demişdi: “Tam 50 il bundan əvvəl, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzli-himmət etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəyə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmü olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə!”
Bu təmənnasız xidmətin müqabilində Həsən bəy nə qazanmışdı? Ə. Ağayev dinləyicilərin təəssüf nidaları və göz yaşları ilə müşaiyət olunan matəm nitqində bu suala da cavab vermişdi: “Ən əvvəlinci tən və sərzəniş idi ki, ona edirdik, onun kasıblığı və biçizliyi (yoxsulluğu – V.Q.) idi! Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövrü cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün cümlə səyi-bəzl edirdi”.
Qara bəy Qarabəyovun digər millətlərin nümayəndələri üçün nəzərdə tutulan rusca nitqində fəaliyyətinin bütün genişliyi və çoxcəhətliliyi ilə Zərdabinin görümlü portreti yaradılmışdı. Natiq Puşkinin Lomonosov haqqında dediyi “O, ilk rus universitetini yaratdı. O, əslində bizim ilk universitetimiz oldu” sözlərini Həsənbəyə şamil edərək mərhumu sadəcə ilk azərbaycanlı universitet məzunu deyil, bütünlükdə Azərbaycan xalqının ilk universiteti kimi səciyyələndirmişdi.
“Elə bir müsəlman ziyalısı tapılmaz ki, bizim ən qocaman müsəlman ziyalımız və həqiqi universitetimiz olan Həsən bəyə müraciət etməsin, ondan məsləhət almasın. O, qəflət yuxusuna dalmış müsəlmanların ilk oyadıcısı idi. O, ilk qəzeti yaratmışdı. O. ilk müsəlman teatr truppasını təşkil etmişdi. O, ilk rus-müsəlman məktəblərinin açılmasına səy göstərmişdi. O, ilk dəfə müsəlman gəncliyini məktəblərə, maarifə səsləmişdi”, – deyə doktor Q. Qarabəyov Zərdabinin Azərbaycan ictimai-siyasi fikir tarixində, milli mədəniyyət tarixində tutduğu yeri aydınlaşdırmağa çalışmışdı.
“İctimai fəaliyyətin dar senzura çərçivəsinə salındığı bir şəraitdə Həsən bəyin müsəlmanlar üçün gördüyü işlərin hamısını sadalamaq imkan xaricindədir”, – deyən Q. Qarabəyov çıxışında daha sonra öz ağsaqqal ədiblərini itirmiş gürcülər və Azərbaycan türkləri arasında maraqlı analogiya da aparmışdı. “Lap bu yaxınlarda bütün Gürcüstan qocaman publisist və ictimai xadim knyaz Çavçavadzeni itirdiyinə görə yasa qərq olmuşdu. Biz müsəlmanlar həmin dərdə şərik çıxmışdıq. İndi eyni müsibət bizim – təcrübəli və müdrik ağsaqqalını itirmiş müsəlmanların da başına gəldi”, – deyə iki qonşu xalqın bənzər taleyindən və kədərindən danışmışdı.
Natiq həyatının son illərində milli simvola çevrilmiş Çavçavadzedən fərqli olaraq Zərdabinin unudulmasını, layiq olduğu yüksəklikdə tutulmamasını cəmiyyətin və milli ziyalıların ən böyük üzqarası hesab edirdi: “Qocaman ədibimizi əlimizdən aldığına görə Allahdan şikayətçi deyilik. Bəlkə də vaxtı çatmışdı. Onun yoxsulluq içərisində vəfat etməsi də bizi kədərləndirmir. Bizi ən çox qüssə və ələmə qərq edən Həsən bəy xəstəliyi ucbatından ictimai işlərdən uzaqlaşdığı zaman onu unutmağımızdır. Heç birimiz ona baş çəkməyə getmədik. Şəhər nümayəndələri də sayğısızlıq göstərdilər”. Doktor Q. Qarabəyov çıxışının sonunda millətin gələcək tərəqqisi naminə hər bir ziyalının Həsən bəy kimi özünü, öz şəxsi həyatını unudaraq bütünlüklə xalqın qayğı və dərdləri ilə yaşamasının zəruriliyini vurğulayır, yolunun davam etdiriləcəyinə əminliyini bildirirdi.