"Bu sənəddən imtina etmək üçün bizə heç bir yol qalmayıb. Məsələyə realist yanaşmaq məcburiyyətindəyik".
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
"Erməni tərəfi Qarabağla bağlı üçtərəfli razılaşmanı cırıb zibil qutusuna ata bilər, ancaq bununla heç nə dəyişməyəcək. Biz bu sənədi cırıb ata bilərik, ancaq bunun nəticələrini düşünmək lazımdır. Əgər biz bunu etsək, o zaman demək ki, 10 noyabra qədərki vəziyyətə, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, bunun nəticələri olacaq”, - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, bu ortaq bir bəyanatdır, razılaşma və ya müqavilə deyil:
"Bu sənədi imzalamasaydım, Xankəndi alınacaqdı. Xankəndi müdafiəsiz qaldı, onun alınmasından sonra Əsgəran və Ağdərə də alınacaqdı. Nəticədə ön xətdə olan 20-30 min erməni mühasirəyə düşəcəkdi. Onlara arxa cəbhədən hücum ediləcəkdi, onların xilas olmaq üçün imkanı olmayacaqdı”.
Baş nazir bildirib ki, müqavilənin bağlanması üçün danışıqlar prosesi hələ başlamayıb və bu proses də hələ uzun müddət davam edəcək:
“Siz soruşursunuz ki, niyə məsələ parlament, müxalifət və başqaları ilə müzakirə edilməyib. Bu, əslində hərbi əməliyyatların operativ idarə edilməsi məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yerdəyişməsi ilə bağlı hər məsələni parlament və ya müxalifətlə müzakirə etmək olmaz”.